“Mamed haqqında kitab yazdığını bilsəydim...”
...Ötən ilin yay vədələri idi. Bəstəkar, şair, alim, həkim – bir sözlə, Masallının mənəvi zirvələrindən biri - Mir Kazım bəy Aslanlının 110 illiyinə həsr olunan “Sarəng” sənədli filminin çəkilişi gedirdi. Filmin ideya və ssenari müəllifi, jurnalist dostum Cəfər Cəfərov Sarəngin həyat və yaradıcılığının tədqiqatçısı olduğum üçün çəkiliş zamanı məndən bəzi məsləhətlər alırdı... Bir dəfə Cəfərlə ona verdiyim kitabları götürmək üçün evlərinə getdik. Atası Məzahir eyvanın altında – divarboyu bağ-bağatın barından hazırlanan təzə və cürbəcür turşuların düzüldüyü geniş yardımçı otağın ortasında qoyulmuş masa arxasında oturub çay içirdi. Məni görcək, “xoş gəldin” deyib, çay və şiriniyat süfrəsinə dəvət etdi. Cəfər “Elə baxma lalə”, “Yarımçıq qalmış şikəstə” və “Sarəng zirvəsi” kitablarını gətirmək üçün yuxarı mərtəbədəki otağına qalxdı və orada xeyli yubandı. Məzahir əvvəlcə bir siqaret yandırdı, sonra söhbətə körpü salmaq üçün gülümsünüb dedi ki, əgər Mamed haqqında kitab yazdığını qabaqcadan bilsəydim, sənə çox maraqlı əhvalatlar danışardım...
“Qanun” nəşriyyatında 2012-ci ildə işıq üzü görən “Masallı Mamed” kitabının Məzahirə gəlib çatmasının qəribə tarixçəsi vardı. 2019-cu ildə Cəfər Cəfərovun təşəbbüsü ilə “Məhkuma kitab payı” adlı sosial aksiya keçirilirdi. Aksiyaya qatılan şair və yazıçılar, millət vəkilləri məhkumların qarşısında çıxış edir, onlara öz kitablarını hədiyyə edirdilər. Məhkumlar üçün apardığım kitabların arasında Mamed haqqında kitabın cəzaçəkmə müəssisəsində söz-söhbətə səbəb olacağından ehtiyat edən Cəfər mənə bildirdi ki, bu kitabı atama aparacam, axı o, rəhmətlik Mamedlə çox yaxın olub.
...Ata-oğul hər ikisi məhkumluq həyatı yaşamışdı. Cəzaçəkmə müəssisəsini heç kəsin olmaq istəmədiyi və heç kəsin də nə vaxtsa orada olacağından sğortalanmadığı bir məkan adlandıran Cəfər qeydlərinin birində yazırdı ki: “Cəzaçəkmə müəssisəsinin kitabxanaları çox kasıbdır. Kənardan kitab, qəzet, jurnal gətizdirmək isə müşkül məsələdir...” Beləcə o, azadlığa çıxandan sonra həbsxanada cəza çəkən məhkumların maariflənməsi məqsədi ilə onlara kitab göndərmək qərarına gəlmişdi. Cəfəri 2014-cü ildən -“Asiya.az” xəbər portalını təsis ediyi vaxtdan, Məzahiri isə ötən əsrin 90-cı illərindən tanıyırdım. O zaman Məzahir rayonun ən tanınmış restoranlarından sayılan “Bulaq”ın sahibi idi. Həmin vədələrdə mənim aləmimdə iki “Bulaq” vardı, biri dadlı-duzlu el-oba söhbətləri ilə radioda dinləyiciləri, o biri də ləziz yeməkləri müşətərilərini məftun eləyirdi...
Əslində Ərkivanda fəaliyyət göstərən “Bulaq” restoranı təkcə ləziz yeməkləri ilə deyil, həm də kriminal mühitdə mübahisəli məsələlərin “həll olunduğu” məkan kimi də tanınırdı. Mamed də bura tez-tez gələrmiş... Məzahirin dediyinə görə hətta bir neçə dəfə Lotu Bəxtiyarla da gəlib.
Bir dəfə yaşı altımışı ötmüş bir kişi ağac kölkəsində qoyulmuş masada fikirli oturub dişdəmə çay içirmiş. Mamed kişinin masasına ləziz yeməklərdən göndərir. Kişi təşəkkürünü bildirəndə Mamed soruşur ki, dayı, siz haralısınız? Kişi yuxarı dağ kəndlərindən birinin adını çəkəndə Mamed soruşur ki, orada camaat neynir? Kişi də cavab verir ki, bala, camaat deyəndə, cavanlar baş götürüb çörək dalınca Urusyətə gedirlər, biz qocalar da gah pensiyamızı gözləyirik, gah da əzrayılı...
Mamed öyrənir ki, kişi Masallıya bankdan kredit almağa gəlibmiş, amma yaşını bəhanə edib ona kredit verməyibər. Yeganə oğlunu evləndirnmək üçün o vaxtın pulu ilə ona cəmi 1500 manat bəs edərmiş. Çox çəkmir ki, kişiyə lazım olan məbləğdə pul verilir...
Qısası, toy günü, Mamed dostları ilə həmin dağ kəndinə gedir. Kişi də dərhal nəmər üstündə oturan adama yaxınlaşıb “bankir”in gəldiyini bildirir və ondan min beş yüz manat alıb Mamedə qaytarmaq istəyir. Mamed deyir: “Dayı, mən bankir deyiləm ki, sənə borc verəm, toya gəlmişəm, apar o pulu bizim adımızdan dəftərə yazdır. Allah bu toyu mübarək eləsin!” Kişi bu xeyirxah gəncin adının Mamed olduğu öyrənsə də, onun “qanunu oğru” olduğunu bilmir. Və “Allah sənin kimi oğulları bu eldən-obadan əskik eləməsin, bala!” - deyə ona minnətdarlıq edir.
Məzahirin nəql etdiyi bu əhvalatı, mənə Sakit Cəbiyev adında ərkivanlı bir ziyalı da danışmışdı. Mamed dünyasına bələd olan Məzahirin tündxasiyyət adam olduğunu yaxşı bilirdim. Uzun illər Rusiyanın müxtəlif şəhərlərində yaşamışdı. Kriminal dairələrlə yaxınlığı, sözü ötkəm adamlarla gənc yaşlarından otur-dur etməsi ona biz – sadə qələm adamlarının dünyada bilmədiyi bir çox şeyləri öyrətmişdi. Siqaretinə dərindən qüllab, sözünə yekun vurub: “Bax, Mameddən belə şeyləri də yazmaq lazımdır.”-dedi. Sonra nə düşündüsə fikrə daldı. Handan-hana dilləndi ki, düzünə qalsa, indi qanuni oğruların yox, QANUNSUZ OĞRULARIN, cılız avtoritetlərin zamanıdır...
...O gün Cəfarin anası Firayət xanım mənə iki banka sirkəyə qoyulmuş badımcan və sarımsaq turşusu pay verdi. Xoş duyğularla ayrıldığım bu ailəni heç bircə il keçməmiş nə gözlədiyini Allah bilirdi. Hər il olduğu kimi, bu il də Tovuz döyüşlərinin qəhrəmanı, şəhid mayor Anar Novruzovun anım mərasimində iştirak etmək üçün rayona bir-iki gün əvvəldən getmişdim. İyulun 13-də Məzahirin Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində olduğunu eşidəndə şəhid mayorumuzun böyük qardaşı Sucəddin bəylə ora getdik. Ertəsi gün səhər tezdən Sucəddin dedi ki, Cəfərin atası dünyasını dəyişib... Biz Cəfərgilə getdik... Bir il əvvəl Məzahirlə oturub çay içdiyim otaqdan indi onun cənazəsi çıxırdı. Cəfər özünü təmkinli aparsa da, kiçik qardaşı Cəbrayıl hönkürtü ilə ağlayırdı. Babasının adını daşıyan bu cavan oğlan ötən ilin dekabrında qəsəbənin İsoba məhəlləsində Mirsadıq Mirvaleh oğlunun (rəhmətlik Seyid Sadıqın nəvəsi) yas mərasimində özümü pis edəndə, daha doğrusu, qəfildən huşumu itirəndə mənə yardımçı olmuşdu. (Özümə gələndə bunu mənə Seyid Sadıq ağanın oğlu Hacı Mir Valeh söylədi.) Cəfər isə bir neçə dost-tanışla o yağışlı gündə təcili yardım maşınının arxasınca xəstəxanaya gəlmiş və tam özümə gələndən sonra məni qaldığım ünvana aparmışdı...
...İndi düşünürəm ki, dünyada ən müəmmallı SİRR varsa, o da mələk libası geynmiş ÖLÜMdür. Onun nə zaman başımızın üstünü kəsdirib, canımız alacağını bilmirik. Din alimlərinin dediyinə görə ölüm mələyi də Allahın sərəncamında digər mələklər kimidir. Dörd böyük mələkdən biri olan ÖLÜM MƏLƏYİNİNİN nimdaş sifətini cavan qardaşım, həyat yoldaşım, anam dünyadan köçəndə görmüşdüm...
...Bir ay əvvəl çiynimi bir anlığa Məzahirin tabutu altına verəndə Cəfər və onun qardaşı Cəbrayıla ürəyimdə QİBTƏ də etdim. Ona görə ki, mənə və kiçik qardaşım Qorxmaza atamızın tabutunu çiynimizdə aparmaq nəsib olmamışdı. Dədə dediyimiz atam torpağa tapşırılan gün hər ikimiz qürbətdə idik.
Allah heç bir ataya da çiynində cavan oğul tabutu aparmağın ağrı-acısını nəsib etməsin! 23 il əvvəl mənim atam çiynində cavan oğlunun-qardaşım Sahibəlinin tabutunu aparmışd. O gün düşünürdüm ki, qürbət diyara çörək dalınca üz tutub gedən qardaşlarım İmamməddinlə Qorxmazın çiyninə düşəsi olan ağırlıq ikiqat atamla mənim çiynlərimə düşmüşdü... Və indi bu sətirləri yaza-yaza Vətən uğrunda həlak olan cavan oğullarının tautunun altına çiyinlərini verən neçə-neçə şəhid atalarını xatırladım.
...Məzahirin cənazəsi isə iyulun 14-də əbədiyyat dünyasına QAPI kimi açılan məzarına sanki tələsmirdi... Kurqanı xatırladan təpədə qoyulmuş tabutundan son dəfə ətrafa “boylanmaq istəyirdi.” Bəlkə də o gün onun övladlarının gözündə dünya qəddar, içi-çölü bomboz “ölüm” rəngində görünürdü. Biz isə qələm yoldaşlarım Zahir Əmənov, Əlisafa Həsənov, Akif Ağayevlə elə həmin qəbiristanlıqda şəhid mayor Anar Novruzovun anım mərasiminə qatılmaq üçün onlardan ayrıldıq.
Həyat beşiklə məzar arasındakı sınaq müddətidir deyirlər. “Kim həyatda nə edirsə, öz adına görə edir... İnsanın şəxsiyyəti hər şeydən ucadır. Biri alverçi olur, biri biznesmen... biri də (qanuni) oğru... Hansı YOLDA olursan ol, DÜZ ol!” Bu sözlər Masallı Mamedə məxsusdur. Rəhmətlik Məzahirlə Mamed barədə son söhbətimizi xatırlayıb, onların hər ikisinə Allahdan bir daha rəhmət, övladlarına səbir diləyirəm.
Nurəddin Ədiloğlu,
Yazıçı-publisist,
13 avqust 2023-cü il.