azia.az
azia.az

Cümşüd Nuriyev: "Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar bunu bizə bağışlamaq istəmir" - ŞOK DETALLAR

16-09-2021, 15:43

Cümşüd Nuriyev: "Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar bunu bizə bağışlamaq istəmir" - ŞOK DETALLAR
“Dünyada dini müstəvidə terrorla ən çox məşğul olan ölkə İrandır”.

“İran Azərbaycan türklərinin ruzisini əlindən alıb, Qarabağdakı erməni dığalarına yedizdirir”

Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlər, İranın sərhəddə və Qarabağda qeyri-qanuni fəaliyyəti, Azərbaycan düşmənçiliyini artırması və digər bu kimi məsələlər gündəmin əsas mövzusudur. İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev baş verənlərlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

– Cümşüd müəllim, son günlər İranın Azərbaycana qarşı düşmənçilik mövqeyini artırdığını görürük. Xüsusən də Qarabağda və Ermənistan-Azərbaycan sərhədində bu proseslərin daha aktiv fazaya keçdiyini müşahidə edirik. Hətta İranın bu proseslər fonunda Azərbaycan ərazilərini Ermənistan ərazisi kimi təqdim etdiyinə dair sənədlərin yayıldığının da şahidi oluruq. Sizcə, İranın məqsədi nədir?

– İranın məqsədinin nə olduğu göz qabağındadır. Azərbaycan müstəqillik qazanandan bu günə qədər İranın Azərbaycana qarşı tutduğu mövqedə dostluqdan söhbət belə, gedə bilməz. Bu mövqedə daha çox siyasi qısqanclıq, eyni zamanda da daxili nifrət var. Belə ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndən sonra parlament səviyyəsində Azərbaycan nümayəndə heyəti İrana yola düşmüşdü ki, İran müstəqilliyimizi tanısın. Lakin bir həftə ərzində onlar bizə nə qədər zülmlər elədi, ünvanımıza artıq-əksik ifadələr işlətdi, bizi casus elan elədi və təhqir elədilər. Lakin hər şeyə rəğmən dözüb, səbr elədik ki, müstəqilliyimizi tanıda bilək. Bu azmış kimi, İran bizim müstəqilliyimizi Pakistandan da sonra tanıdı. Halbuki Azərbaycan nümayəndə heyəti birinci İrana səfər eləmişdi. Türkiyə müstəqilliyimizi tanımışdı deyə, qonşu ölkə olaraq biz İran tərəfindən də tanınmaq istəyirdik. İran isə Azərbaycana bir neçə şeyi bağışlaya bilmir.

Birincisi, son 1300 il ərzində İranı dövlət kimi ayaqda saxlayan Azərbaycan türkləri olub. Yalnız Şah İsmayıl Xətaidən sonra 30 il farslar hakimiyyətdə olub, bir də 1979-cu ildə Ruhullah Xomeyni hakimiyyətə gələndə İran dövlətinə qeyri-türklər nəzarət edib. Amma qalan müddət ərzində İranı dövlət kimi türklər ayaqda saxlayıb. İran ilk olaraq bizə bunu bağışlaya bilmir.

İkincisi, 1997-ci ildə Amerikanın qəbul elədiyi gizli bir plan var ki, həmin plana əsasən İran 5 yerə parçalanmalıdır. Planın bəndlərindən birində Şimali və Cənubi Azərbaycanın birləşməsi də nəzərdə tutulur. İran bunu da bizə bağışlamaq istəmir. Halbuki, bu meqalayihə ABŞ-a məxsudur, bizə yox. Lakin Birləşmiş Ştatlara gücləri çatmır deyə, hədəflərini bizə tuşlayırlar. Bizi gah İsraillə münasibətlərdə ittiham edir, gah burdakı əlaltlarının vasitəsi ilə türklərə qarşı nifrət yaratmağa çalışır, gah sünni-şiə qarşıdurması yaratmağa çalışırlar. Təsəvvür edin ki, dünyada dini müstəvidə terrorla ən çox məşğul olan ölkə də İrandır. Tarixi araşdıranda da bu həqiqət ortaya çıxır. Hətta, Xocalı hadisələrində də İranın əli var. Çünki Ayaz Mütəllimov hakimiyyətdə olanda Tehrana getdi, lakin onu aldatdılar və bu hadisə baş verdi. Daha sonra Yaqub Məmmədov İranda olanda Şuşa işğal edildi. 1991-ci ildə hərbi helikopter hadisəsində də bənzər hadisə olmuşdu. Azərbaycanın təhlükəsizlik xidməti helikopteri vuranları axtaranda, təsəvvür edin ki, həmin cinayətkarlar məhz İran ərazisindən qaçıb, getdilər. Məlumat aldıq ki, həmin terrorçular İrana keçib, oradan da Suriyaya qaçıblar. İranın həmin siyasəti bu gün də davam edir.

– Sizin təbirinizcə desək, İran həmin siyasəti bu gün də davam etdirir və bunun davamını İranın ərazilərimizi təhrif etməsində də görürük. Bunu necə başa düşmək olar?

– İran ərazilərimizi təhrif etməklə beynəlxalq hüquqa zidd hərəkət edir. Azərbaycan dövlətinin ərazisində hansı yaşayış məntəqəsi necə adlanırsa, o, tərcümə olunmur və coğrafi adların tərcümə olunmasına heç icazə də verilmir. Lakin İrana məxsus dövlət sənədlərində Xankəndi Stepanakert adlandırılır və Ermənistan ərazisi kimi təqdim edilir. Bundan başqa Ümumdünya Ticarət Təşkilatının Tariflər və Ticarət üzrə baş sazişi var ki, həmin sazişə görə, hər hansı dövlətin ərazisinə girmək üçün o dövlətdən icazə almaq lazımdır və həmin dövlətin ərazisindən istifadə edildiyi üçün o dövlətə pul ödənilməlidir. Lakin onlar Azərbaycan ərazisindən istifadə edirlər, lakin Azərbaycana heç nə ödəmirlər. Azərbaycan pul tələb edəndə isə Azərbaycanı başqa şeylərdə ittiham etməyə başlayırlar. Bu baxımdan, Gorus-Qafan yolunda Azərbaycanın post qurması və gömrük rüsumu tələb etməsi də Azərbaycanın dövlət kimi qanuni haqqıdır. Həm Dövlət Sərhəd Xidməti, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi bu vəzifəni çox uğurla həyata keçirirlər. İran isə yenə də təxribatlarından əl çəkməyib Xankəndini Stepanakert adlandırır və Ermənistan ərazisi kimi təqdim edir. Məgər, bundan böyük xəyanət olar?

Təbii ki, İran bu misiyanı həm də özlərinin xislətinə uyğun olaraq həyata keçirir. Çünki ermənilərlə farsların kökləri ari xalqına dayandığı üçün dolayısı ilə eyni kökə mənsubdurlar. Ona görə də qardaş kimi bir-birilərini müdafiə edirlər. İran həm də bu missiyanı Rusiyanın tapşırığı ilə yerinə yetirir. Çünki Rusiyanın Qafqazda maraqları var, Putin isə özünü oyudankənar vəziyyətdə göstərmək istəyir. Əslində isə heç də oyundankənar vəziyyətdə deyil. Həmçinin, Rusiya İranla Əfqanıstan məsələsində birgə rol oynamaq istəyir. Çünki Əfqanıstan ABŞ-ın böyük bir meqalayihəsidir və Əfqanıstanın əli ilə İranla Rusiyanın mütləq şəkildə parçalanması planlaşdırılır ki, bu da qaçılmaz bir şeydir. Lakin Azərbaycan bütün bunları bilə-bilə yenə də İrana qarşı müsbət yanaşır. İran özü blokada vəziyyətindədir, valyutası pis gündədir, acından ölən nə qədər insan var, lakin İran bütün bunlara baxmayaraq 35-40 milyon Azərbaycan türkün ruzisini əlindən alıb, Qarabağdakı 30 min erməni dığasına yedizdirir. Yəni İran həm dini müstəvidə, həm də siyasi müstəvidə bu proseslərlə məşğul olur. Əslində isə İranda İslam fundamentalizmindən əsər-əlamət yoxdur.

– Yəni, İrandan atılan bu addımlar bizim üçün gözləniləndir…

– Bəli! Həm də biz bunları çoxdan bilirik. Düzdür, Azərbaycan dövlət səviyyəsində düzgün qərar verib İran-Azərbaycan sərhədini dostluq sərhədi adandırır. Çünki hər bir deyilişdə bir sətiraltı mesaj var. Yəni bu o deməkdir ki, bu dostluq sərhədidirsə, cənab prezident bu sərhədin dostluq sərhədi olacağına inandığını niyə deyirdi? İran bütün bunları başa düşür və Azərbaycanın əleyinə işləyir. Heç vaxt bizi sevməyiblər, sevməyəcəklər də. Biz də “səni sevəcəyəm, sən sevməsən də” prinsipi ilə davranırıq İrana qarşı. Bu isə siyasət deyil. İranın dini müstəvidə Azərbaycanda 5-ci kolonu var və Rusiyanın 5-ci kolonundan heç də zəif deyil. Özü də bunu dini-xurafat müstəvisində həyata keçirirlər. Bu isə çox təhlükəlidir.

– Bəs, İranın 30 il ərzində Azərbaycan ərazilərindən Ermənistanın lehinə qeyri-qanuni istifadə etməsinə qarşı Azərbaycan təzminat davası qaldıra bilərmi?

– Bunun üçün gərək biz beynəlxalq vəkilləri Azərbaycana dəvət edək. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda bununla bağlı kifayət qədər materiallar var. Məsələn, Qarabağ işğal olunandan sonra ermənilər kəndləri iranlılara evlərin sayına görə müxtəlif qiymətlərə satıblar. Orada nə qədər tikinti materialları, metal əşyalar, Azərbaycanın hesabına çəkilmiş elektrik dirəkləri, qaz, su boruları olub, hamısını İran daşıyıb, mənimsəyib. Hələ Qarabağın infrastrukturu tam bərpa olunmayıb, artıq Azərbaycan milyardlarla vəsait ayırıb. Azərbaycanın Qarabağı tam bərpa etməsi, qayıdış layihələrini həyata keçirməsi üçün də bir neçə il lazımdır. Ona görə də Azərbaycan əmlaka vurulmuş ziyana görə, iddia qaldıra bilər. Çünki Azərbaycanın belə bir imkanı var. Azərbaycan belə bir addım atsa, çox yaxşı olar.

Həmçinin, Azərbaycan Ermənistanda da ərazi tələb edə bilər ki, buna da imkanı və hüququ çatır. Məsələn, Yunanıstan Almaniyaya borclarını ödəyə bilmədiyi üçün həmin borcun əvəzində beynəlxalq məhkəmənin qərarı ilə Yunanıstanın 2-3 adası Almaniyanın öhdəliyinə verilib. Həmin adalar Yunanıstanın mülkiyyətindən çıxarılıb və Almaniyanın mülkiyyətinə çevrilib. Eyni məsələni biz də tələb edə bilərik. Onsuz da Zəngəzur və Göyçə bolşeviklərin qərarı ilə bizdən alınıb, ermənilərə verilib. Bu prosesdə Azərbaycan dövlətinin iştirakı olmayıb və həmin sənədlərin heç bir hüquqi əsası yoxdur.

– Bəs, bu məsələni beynəlxalq müstəvidə necə ictimailəşdirmək və həllinə nail olmaq olar?

– İlk növbədə media, alimlər və araşdırmaçılar vasitəsi ilə məsələni ictimailəşdirib tarixi faktları gündəmə gətirmək lazımdır. Siyasətçilər isə bilavasitə bu məsələyə siyasi don geyindirməlidir. Çünki ayrı-ayrılıqda biz zəifik. Bundan ötəri isə dövlətin proqramı olmalıdır və yaxşı olar ki, Nazirlər Kabinetinin nəzdində bu iş görülsün. Çünki Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu fəaliyyəti həyata keçirməyə Rusiya imkan verməyəcək. Amma Prezident Aparatının müvafiq şöbəsinin nəzdində ictimai şura yaradıla bilər ki, ora siyasətçiləri, tarixçiləri, sosioloqlaru dəvət edərək və bir neçə qrup yaradaraq hamımız orda ictimai əsaslarla fəaliyyət göstərə bilərik. Çünki mən bir çox alimlərlə bu barədə söhbət eləmişəm və bilirəm ki, özbaşına bunu etmək mümkün deyil deyə, onları dəvət etmək lazımdır. Düzdür, ayrı-ayrılıqda tədqiqat işlərimiz var, amma bu, elmi müstəvidə qalıb və bunu hüquqi müstəviyə keçirməliyik. Yəni, Azərbaycanın buna hər cür imkanı var. Üstəlik, Vətən müharibəsindəki qələbədən sonra bizdə yeni ruh yüksəkliyi əmələ gəlib. Ona görə də böyük məmnuniyyətlə bu işdə çalışmağa hazırıq.

– Fikrinizin əvvəlində də bildirdiniz ki, İranı 1300 il dövlət kimi Azərbaycan türkləri ayaqda saxlayıb və İranın bizə qarşı nifrət və təzyiq mexanizminin tərkibində həm də bu dayanır. Bu baxımdan, Azərbaycan alternativ addım olaraq, həmçinin tarxi həqiqətləri nəzərə alaraq Cənubi Azərbaycan üçün İrana ərazi iddiası qaldıra bilərmi?

– Bəli! Azərbaycan İrana qarşı iddia qaldıra bilər. Çünki Rusiya imperiyası ilə İran imperiyası arasında bağlanan müqaviləyə əsasən Azərbaycan parçalanıb. Tarixən də həmin ərazilərdə sırf Azərbaycan türklərinin yaratdığı dövlətlər mövcud olub. Ona görə də bunu sınamaq olar. İşğal olunmuş ərazilərin bölüşdürülməsi beynəlxalq hüquqda qəbul olunmayan bir şeydir. Düzdür, bunu beynəlxalq hüquqşünaslar daha yaxşı bilər, lakin niyə də olmasın? Niyə də cəhd etməyək? Ən azı bu, bir siyasi və hüquqi təzyiq forması ola bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi