Sülhməramlıların Qarabağ macərası SONA ÇATIR? - Rusiya seçim qarşısında
"Qarabağda separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Artak Beqlaryanın Rusiyanın "RİA Novosti" agentliyinə müsahibəsi zamanı dediyi "Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır", "Avropa İttifaqı "münaqişə"nin həllində iştirak etməməlidir" ifadələrinin Moskvadan bir sifariş olduğunu düşünürəm".
Xəbər verilir ki, bunu milli.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.
O bildirib ki, Rusiya son günlər Ermənistanı öz orbitində saxlamaqda çətinlik çəkir:
"Beqlaryanın bu açıqlamaları etməsində Rusi yanın məqsədi çox ola bilər. İlk məqsədi o ola bilər ki, Rusiya çox ciddi və fəal şəkildə "münaqişə"ni öz tərəfinə çəkməyə çalışır. Bununla da Rusiya tərəfi yeni münaqişə yaradaraq öz mövqelərini möhkəmləndirməyə nail olmaq istəyir.
Amma əsas məsələ isə bildiyimiz kimi Rusiya itirilmiş mövqelərini bərpa etməyə çalışır. Avropada aparılan son danışıqlar Rusiyanı bir qədər kölgədə qoyur. Rusiyanın kölgədə qalmasını həzm edə bilməyən qüvvələr var. Onlar bu formada, bu vasitəylə geri əvvəlki mövqelərinə qayıtmaq istəyirlər.
"RİA Novosti" Rusiya-Ukrayna müharibəsi fonunda vəziyyətin Rusiyanın əleyhinə işlədiyini gördükdən sonra müəyyən qüvvələrin sifarişlərini yerinə yetirməyə başladı. Heç şübhəsiz ki, Artak Beqlaryanın sözügedən müsahibəsi Rusiyanın hakim dairələrində bu mövqeyi dəstəkləyən və onlara xeyir-dua verən qüvvələrin sifarişi əsasında baş verib.
Hesab edirəm ki, Azərbaycan tərəfi növbəti təxribatların qarşısını da çox çevik şəkildə alacaq. Bu istiqamətdə müəyyən işlər aparılır. Separatçı-terrorçu rejimin qondarma "dövlət naziri"nin dediyi kimi sülhməramlı qüvvələrin Azərbaycanda qeyri-müəyyən müddətə qədər qalması məsələsinə gəldikdə, "qeyri-müəyyən müddət" bəlkə də elə bizim xeyirimizə işləyə bilər. Yəni ki, biz 5 il tamam olmadan bu müddət bitə bilər və Rusiya sülhməramlıları Qarabağdan yola salına bilər. Mənə elə gəlir ki, Rusiyada müəyyən qüvvələr məhz sülhməramlılarını ortaya atmaq istəyir, onlardan bir vasitə, top kimi istifadə etmək niyyətindədir.
Görürük ki, hətta Rusiyanın orada icma yaratması haqqında fikirlər də səsləndirirlər. Əgər o ərazilərdə rus yoxdursa, bu millətin nümayəndəsi yoxdursa, öz pasportlarını ermənilərə paylamaqla məsələni çözmək haqqında düşünərlərsə, bu, açıq-aşkar beynəlxaq hüququn, sərhədlərin pozulmasıdır. Təbii ki, demirəm "Rusiya buna getməz", Rusiya istənilən hər şeyə gedə bilər. Amma məsələyə digər aspektdən də baxaq: Azərbaycan xalqı əvvəlki Azərbaycan deyil. Rusiyanın Azərbaycan üzərində təsir mexanizmi əvvəlki qədər deyil, yaxud da ki, Ermənistandakı qədər deyil.
Fikrimcə, bu vasitələrlə Rusiya göstərmək istəyir ki, ermənilərin maraqları uğrunda addım atır, müəyyən bir işlər görür. Son günlər Rusiya Ermənistanı da öz orbitində saxlamaqda çətinlik çəkir. Ona görə də Rusiya tərəfi bir addım atmalıdır ki, ermənilərin könlünü alsın.
Ermənilərin Avropa İttifaqınının "münaqişə"nin həllində iştirak etməmək istəkləri də Rusiyanın başının altından çıxan bir mövzudur. Amma bu mümkün olan bir şey deyil. Avropa İttifaqı və yaxud da İttifaqın ölkələri bu gün digər cəbhədə Rusiyanın əleyhinə olan elə məsələləri həyata keçirirlər ki, bunlar birbaşa olaraq Rusiyanın mövcudluğunun əleyhinə yönəlib.
Azərbaycanın nəzarəti altında olan 15 min km/kv-lıq ərazidə sülhməramlıların arxasında gizlənərək Artak Beqlaryan kimilərinin Avropa ittifaqına meydan oxuması nə deməkdir?! Bu iki qüvvə bir-birinin mənafeyionə uyğun bəyanatlar səsləndirməklə məşğuldur. Bu cür separatçılar hesab edirlər ki, "hə, indi Aİ ilə Rusiya arasında münasibətlər çox gərgindir, əgər biz bəyanat versək ki, Avropa ittifaqı Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınmasında iştirak etməməlidir. Bu da Rusiyanın xoşuna gələcək, ona görə belə bir bəyanat verək", yaxud da ki, Rusiya hesab edirsə ki, Ermənistanda olan ruspərəst qüvvələri yenidən özünə bağlamaq üçün, onların yanında nüfuzunu biraz da artırmaq üçün Rusiya mediasında separatçılara söz imkanı yaradaq ki, xoşlarına gəlsin, heç nəyə nail ola bilməyəcəklər.
Bunlar artıq əməl olaraq heçnə edə bilmirlər, bu imkanları məhdudlaşdığı üçün açıqlamaları ilə ağıl bulandırmaq variantını seçiblər. Onların bu canfəşanlığı sözdən uzağa getməyəcək. Çünki Rusiyanın vəziyyəti hər kəsə bəllidir, indi Şərqi Avropada Ukrayna ilə ölümqalım mübarizəsi aparır". AZİNFORM.AZ