azia.az
azia.az

“Ölüsünə belə razıyam, amma bilim ki, haradadır” – Ukraynada itkin düşən azərbaycanlının xanımı

Bu gün, 14:43

Ukraynada itkin düşən 1984-cü il təvəllüdlü Əsgərov Rəşad Cahangir oğlunun xanımı Rumiyə Həsənova Musavat.com-a müraciət edib.

Gənc qadın həyat yoldaşının taleyindən artıq uzun müddətdir xəbər ala bilmədiyini, bütün müraciətlərinə baxmayaraq, Rəşadın sağ və ya ölü olması barədə belə hər hansı rəsmi məlumat əldə edə bilmədiyini bildirib. Rumiyə Həsənovanın sözlərinə görə, Rəşad ötən ilin fevral ayında dostu ilə Almaniyada görüşüb, daha sonra Ukraynanın Kiyev şəhərinə gedib. Həmin müddət ərzində həyat yoldaşı ilə mütəmadi əlaqə saxlayıb:

"Martın 6-sına qədər mütəmadi əlaqə saxlamışıq. Həmin həmin gün həyat yoldaşımdan Kiyevdəki ticarət mərkəzinə getməsini və mağazadan paltar almasını xahiş etdim. Çünki mənə demişdi ki, bir həftəyə gəlirəm, Novruz bayramına qədər evdə olacağam. Beləliklə, son danışığımız martın 6-sı oldu”.

Rumiyə Həsənova həmin vaxt hamilə olduğunu və həyat yoldaşının yoxa çıxmasından bir neçə ay sonra əkiz övladlarının dünyaya gəldiyini bildirib.

“Həmin dönəmdə mən əkizlərə hamilə idim. May ayında əkizlərimiz dünyaya gəldi. İndi uşaqlarımız artıq 1 yaş 3 aylıqdır. Atalarından xəbərsiz böyüyürlər. Əgər Rəşad sağdırsa, o da övladlarından xəbərsizdir. Mən müəlliməyəm, hazırda analıq məzuniyyətindəyəm. İş yoldaşlarımdan həyat yoldaşlarını itirənlər var. Bəzən onlara deyirəm ki, siz heç olmasa xoşbəxtsiniz, aqibətini bilirsiniz. Mən isə həyat yoldaşımın harada olduğunu, hansı vəziyyətdə olduğunu, ölü, yoxsa diri olduğunu bilmirəm”.

R.Həsənova Rəşadın itkin düşməsi ilə bağlı həm Azərbaycan, həm də Ukraynanın aidiyyəti qurumlarına dəfələrlə müraciət etdiyini, lakin hələ də konkret nəticə əldə edə bilmədiyini vurğulayıb:

"Ukraynadakı Azərbaycan Konsulluğunun da bu barədə xəbəri var. Mən iki dəfə konsulla danışmışam. Sadəcə deyirlər ki, araşdırılır. Amma Rəşadın sağ və ya ölü olması barədə bizə məlumat verən yoxdur. Mən Kiyev şəhərində olmamışam. Amma Kiyev nə qədər böyük şəhərdir ki, həyat yoldaşımın izindən belə xəbər yoxdur? Mən onun ölüsünə belə razıyam, amma bilim ki, haradadır. Heç olmasa, taleyindən xəbərim olsun. Amma bunu belə mənə bildirmirlər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin postuna da dəfələrlə yazmışam, müraciət etmişəm. Amma bir xəbər, bir əsas, bir məlumat yoxdur”.

Gənc qadın hazırda iki azyaşlı övladı ilə birlikdə anasının evinə sığındığını bildirib:

“Mən hazırda anamın evinə sığınmışam. Bizim öz şəxsi evimiz də olmadığına görə anamgil ilə yaşayıram. Uşaqlar atansız, atalarından xəbərsiz böyüyürlər. Artıq 1 yaş 3 aylıqdırlar. Hər ay, hər gün, hər keçən gün elə bilirəm ki, ümidimi itirirəm. Amma yenə də həyat yoldaşımla bağlı bütün orqanlara müraciət edirəm”.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Əsgərov Rəşad Cahangir oğlu və onun dostu, 1974-cü il təvəllüdlü Qaraşov Xəyyam ötən il martın 6-dan etibarən Ukraynanın Kiyev şəhərində itkin düşüblər.

Xalidə Gəray


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi