“Ərdoğanın bəyanatı yenilikdir, türk tərəfindən izahat gözləyirik” - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 29-da verdiyi bəyanata münasibət bildirib
APA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, D. Peskov deyib ki, Türkiyə prezidentinin Suriyada Bəşər Əsədi devirmək niyyətini dilə gətirməsi Moskva üçün yeni xəbərdir: “Bəyanat doğrudan da yenilikdir”.
D. Peskov Ərdoğanın bəyanatının çox ciddi olduğunu və onun ötən bəyanatları ilə ziddiyyət təşkil etdiyini söyləyib: “Bu bəyanat silahlı qüvvələri Suriya ərazisində legitim əsasda olan yeganə dövlət kimi bizim anlayışımıza əksdir”.
D. Peskovun sözlərinə görə, Kreml ümid edir ki, yaxın vaxtlarda türk tərəfi bununla bağlı lazımi izahat verəcək.
Qeyd edək ki, R. T. Ərdoğan çıxışında bildirib ki, “Fərat qalxanı” əməliyyatının məqsədi Əsəd rejimini devirməkdir: “Bizim Suriya torpaqlarında gözümüz yoxdur, lakin biz onu əsl sahiblərinə qaytarmaq istəyirik. Biz dövlət terroru həyata keçirən Əsədi devirmək üçün ora ordu yeritmişik”.