Trampın oğlu moskvapərəst Suriya müxalifətçisi ilə görüşüb
Donald Trampın oğlu Suriya münaqişəsinin həlli üçün Rusiya ilə əməkdaşlıq barədə Parisdə danışıqlar aparıb
"The İndependent" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trampın böyük oğlu Suriya münaqişəsinin həlli üçün Rusiya ilə əməkdaşlıq barədə Parisdə danışıqlar aparıb.
Məqalədə deyilir ki, bu xəbər bir tərəfdən Trampın Rusiya ilə yaxınlaşmaya meylli olduğunu bir daha təsdiq edir, digər tərəfdən isə onun ailə üzvlərinin administrasiyanın tərkibində olacağından xəbər verir.
Atasının adını daşıyan 38 yaşlı oğul Donald Tramp analitik mərkəz təsisçisi Fabien Baussart və onun arvadı Randa Kassisin qatıldığı danışıqlarda iştirak edib.
The Wall Street Journal qəzeti yazır ki, xanım Kassis Suriya müxalifətinin Kreml tərəfindən dəstəklənən qruplaşmasının liderlərindəndir.
Məqalədə deyilir ki, ABŞ Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan müxalifət qruplarını dəstəkləyir, lakin bəzi xəbərlərə görə xanım Kassisin qrupu Əsəd rejimi ilə əməkdaşlıqda keçid hökumətinin təşkilinə tərəfdardır.
"Rusiya Suriya naminə bu ölkəni xilas etmək üçün hərbi müdaxilə edib, Kassis bu həftə Əl-Cəzirə telekanalına deyib, - Problem budur ki, siz rusları tanımırsınız və rusları başa düşmürsünüz…Siz Rusiyanı müxalifətin əleyhinə olmaqda ittiham edirsiniz, amma rusları başa düşmək lazımdır".
"The İndependent" yazır ki, bu görüş oktyabrın 11-də Paris Ritz otelində keçirilib.
Bundan başqa, xanım Kassis bir Moskva qəzetinə müsahibəsində deyib: "Biz realist olmalıyıq. Suriya torpağında indi kim var? Nə ABŞ var, nə də Fransa. Rusiyasız biz Suriyada heç bir münaqişə həllinə nail ola bilmərik".
Prezident seçilmiş Trampın oğlu barədə isə Kassis deyib ki, "o çox praqmatik və konstruktivdir".
Bu həftə ata Donald Tramp New York Times qəzetinin müxbirlərinə deyib ki, o "Suriyada davam edən divanəliyin" dayandırılmasını istəyir.
Rusiya barədə suala cavab verərkən isə o bildirib ki, "ruslarla yola getməyi çox istərdi və düşünür ki ruslar da bizimlə yola getmək istərdilər. Bizim maraqlarımız qarşılıqlıdır".
Paris görüşü barədə özünün Facebook səhifəsində yazan xanm Kassis bildirib ki, "Trampın qələbəsi Rusiya və ABŞ-a Suriya məsələsində razılığa gəlmək imkanı verəcək".
"The İndependent" yazır ki, Donald Tramp başqa bir qohumuna - kürəkəni Jared Kushner-ə də siyasətdə geniş meydan vermək niyyətindədir.
Kushner-in gələcək administrasiyada rolu barədə New York Times müxbirlərinin sualına cavab verən Tramp deyib ki, kürəkəni İsrail və fələstinlilər arasında sülh əldə edilməsinə yardım göstərə bilər (BBC).