"Bayraktar" rus generalını və ətrafını məhv etdi - ŞOK DETALLAR
Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Trostyants şəhərini bir ay davam edən işğaldan sonra Rusiya qoşunlarından azad ediblər. Şəhər uğrunda gedən döyüşlər zamanı Rusiya ordusu ağır itkilər verərək geri çəkilib.
Xəbər verilir ki, şəhər meri Yuri Bova bütün bu işğal günlərində Trostyantsı tərk etməyib, işğalçılar onu hər yerdə axtarsa da gizlənə və partizan hərəkatına başçılıq edə bilib.
20 min əhalisi olan Trostyanets müharibədən əvvəl Ukraynada həyat səviyyəsi ən yuxarı olan, ən abad şəhərlər arasında yer alırdı. Rusiya işğalçıları şəhəri fevralın 26-da işğal edib. Mer deyir ki, ruslar şəhərə girəndən sonra o və komandası gizli fəaliyyətə keçib, faktiki olaraq partizan hərəkatına başlayıb.
“Bizim vəzifəmiz düşmən texnikasının artilleriyanın köməyi ilə məhv edilməsi üçün maksimal dəqiq koordinatları ötürmək idi. Əgər düşmən haradasa texnika qoyub gedirdisə səhər qayıdanda onun sıradan çıxarıldığını görürdü. Son günlərə qədər şəhər üzərində bizim kvadrakoptermiz uçurdu, hədəfləri seçirdi. Ona görə də bu gün Trostyanets şəhərində və ətrafında yüzlərlə düşmən texnikası qalıb, onlar artıq heç yana gedə bilməzlər: nə Kiyevə, nə Xarkova”,-mer nv.ua portalına müsahibəsində deyib.
Yuri Bova bildirib ki, işğal dövründə Rusiya ordusunun elit hissələri, o cümlədən Kantemirsk tank diviziyası şəhərdən keçib. Trostyanets Rusiya generallarından birinin fəaliyyət mərkəzi olub. “Trostyanets düşmənin girə biləcəyi ən zəif nöqtə idi və belə də oldu. Bu nöqtə strateji idi, çünki bizim şəhərdən, qonşu qəsəbələrdən Axtırkanı, Sumı şəhərinin ətraflarını atəşə tutmaq olurdu. Situasiyada dönüş nöqtəsi o zaman yarandı ki, bizim məlumatlarımıza görə, “Bayraktar”dan atılan raketlə Rusiya generalı və onu müşaiyət edən zabitlər öldürüldü, sağ qalanlar isə qüvvələrin qalıqlarını toplayıb şəhəri tərk etdilər. Onlar şəhər şurasının binasında yerləşmişdilər, komanda-qərargah maşınları binanın həyətində idi. İndi həmin maşınlardan geriyə metal yığını qalıb. Bizim hərbçilərimizin əldə etdiyi məlumatlara görə Trostyanetsdəki itkilər Rusiyanın Qərb hərbi dairəsinin 1-ci tank ordusunun komandanı general-leytenant Sergey Kiselin vəzifəsindən azad olunması üçün bardağı daşıran son damla oldu. Kantemirsk diviziyası da həmin ordunun tərkibində idi”,-şəhər meri deyib.
Yuri Bova bildirib ki, işğalçılar yerli hakimiyyətin nümayəndələrini xeyli müddət axtarıblar, soruşublar-hanı mer. Mer isə heç yana getməmişdi. “Bizdə böyük icma, 38 yaşayış məntəqəsi var, qonşu icmalar var, hərəsində bir-iki gün qalırdıq. Əgər öz yerimdə qalsaydım məni bir saat sonra tutardılar. Biz hər yerdə və heç yanda idik, bir yerdə çox ləngimirdik”,-o bildirib.(virtual)