Rusiya “Marker” insansız quru platformalarını təkmilləşdirib
Rusiyanın “Android Technolog” şirkəti “Marker” insansız quru platformalarını təkmilləşdirib.
Bir neçə ay davam edən təkmilləşdirmə “Marker”in digər insansız platformalarla avtonom əlaqə qura bilməsi ilə nəticələnib.
Üç tonluq insansız quru platformasını təkmilləşdirmək qərarı 2021-ci ilin fevral ayında qəbul edilib. Oktyabr ayında onun PUA əleyhinə mübarizə qabiliyyəti ilə təchiz ediləcəyi bildirib.
Rusiyanın Müasir Araşdırmalar Fondunun baş direktoru Andrey Qriqoriyev bildirib ki, “Marker” insansız mühafizəçi kimi fəaliyyət göstərməklə yanaşı, həm də yeni nəsil robot texnologiyaları üçün texnologiya nümayiş etdirən funksiyanı yerinə yetirir.
“Marker” hazırda yalnız konsepsiyanın inkişaf mərhələsindən keçən ikinci nəsil döyüş robotları və ən qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə edilən robotlaşdırılmış platformadır.
Təkərli platforma üç günə qədər avtonom işləməyə imkan verən hibrid hərəkət sistemi ilə təchiz edilib. O, insan köməyi olmadan bir neçə kilometr məsafəni qət edə bilir.
Rusiyanın Müasir Araşdırmalar Fondu və “Android Technology” Elmi-İstehsalat Birliyi tərəfindən birgə yaradılan “Marker” robot platformasının sınaqlarının başlanğıcı 2019-cu ilin mart ayının əvvəlində elan edilib. Platforma modul quruluşunda hazırlanıb. “Marker” layihəsinin son məqsədi geniş bir sıra vəzifələri müstəqil şəkildə yerinə yetirə bilən tam avtonom kompleks yaratmaqdır.
Sonuncu dəfə bir neçə ay öncə, Rusiyada “Marker” döyüş robotu sınaqdan keçirilib. Çelyabinsk bölgəsində həyata keçirilən sınaq zamanı robotlar 100 kilometr məsafə qət edib. Sınaqlara iki təkərli, bir tırtıllı robotlar cəlb edilib.
Robot 100 kilometrlik yolu 5 saat 41 dəqiqəyə qət edib. Robotlar tamamilə avtonom rejimdə işləyib.
Bundan əlavə, sınaqlar zamanı robotun şərti yaşayış məntəqəsinin sərhədlərini patrul etmək üçün də qabiliyyəti yoxlanılıb. Robot 2,5 kilometr uzunluğunda dairəvi marşrutla altı saat hərəkət edib. “Marker” sınaqlar zamanı, həmçinin bir neçə PUA-nı havaya buraxıb.Strategyvision.org