azia.az
azia.az

Qərb Kiyev və Tiflisi tək qoydu, yeganə ümid Türkiyədir

24-08-2021, 13:50

Qərb Kiyev və Tiflisi tək qoydu, yeganə ümid Türkiyədir
Ukrayna və Gürcüstan üçün münaqişələrin həlli yolu Türkiyədən keçir. Qərb hər iki ölkəni Rusiya qarşısında yalnız buraxdı.

- “Krım platforması” Ukrayna üçün beynəlxalq dəstəkdir, lakin bu dəstək bəyanatlardan o tərəfə keçmir və reallıq budur ki, Qərb bundan Rusiyaya qarşı təzyiq üçün istifadə edir, lazım olanda razılaşır da: ABŞ-ın Ukraynaya rəğmən Şimal Axını layihəsinə “yaşıl işıq” yandırması bunun sonuncu nümunəsidir;

- Gürcüstan beş günlük müharibədən sonra ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bir addım da irəliləyə bilməyib;

Ya Rusiya dağılmalı, ya da Putini demokrat hakimiyyət əvəz etməlidir gözləntisi mümkünsüz, bir az da utopiyadır. Və o da reallıqdır ki, Qərb bu ölkələri dəstəklədikcə Rusiya daha da aqressivləşir.

Moskva Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyanı nə ABŞ-la, nə də Çinlə paylaşmaq istəyir, anlaşa biləcəyi yeganə ölkə Türkiyədir, hətta birdən çox məsələdə maraqları toqquşsa da. Qarabağ müharibəsi, Türkiyənin Cənubi Qafqaza aktiv girişi bunu göstərdi. Və Ankara bu coğrafiyada qlobal oyunçu gücünü aktivləşdirir.

Şərqi Avropa açılımı, Mərkəzi Asiyada güclənmək, Əfqanıstanda təhlükəsizliyin əsas qarantı olmaq gedişləri və s. Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi türkdilli olmayan dövlətləri də bu çətir altında toplamaq və bununla Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirmək planıdır.

Türkiyənin bu coğrafiyada əsas güc olma və Rusiya ilə anlaşma potensialı var. Əslində yeni dünya “Orta Dünya” da deyə biləcəyimiz bu coğrafiyada qurulur.

Zelenski hakimiyyəti Qərbin əməli dəstəyinin olmadığını və qlobal dəyişikliyi anladığı üçün Ankara ilə yaxınlaşmaq xəttini tutur. İstisna deyil ki, Ukrayna da gələcəkdə Türk Şurasına qoşulsun.

Gürcüstan yeni reallıqlardan istifadə etməlidir: Rusiyanın da istədiyi “altılıq platforması”na giriş kartı kimi ərazi bütövlüyü məsələsini şərt olaraq irəli sürə və ən azı Türkiyənin vasitəçiliyi ilə yeni masa qura bilər. Bakı da bu prosesdə aktiv oyunçu ola bilər.

Əks təqdirdə Rusiyanın mümkün dağılma perspektivini çox gözləməli olacaqlar, Kremldə Putini əvəzləyəcək “demokrat” isə heç gəlməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi