1992-ci ildə Laçında qondarma “kürd respublikası” elan etmiş Vəkil Mustafayev öldü
1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma “Laçın kürd respublikası” elan edən Vəkil Mustafayev ölüb.
Virtualaz.org xəbər verir ki, Vəkil Musfatayev İraqın şimalındakı Kürdüstan muxtariyyətinin inzibati paytaxtı Ərbildə təşkil olunmuş rəsmi dəfn mərasimindən sonra Şeyx Əhməd məzarlığında dəfn olunub.
V.Mustafayevin üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir. Kürd separatçısı daha əvvəl İtaliyada yaşayırdı.
Dəfn mərasimində İraq Kürdüstanı administrasiyasının rəhbəri Məsud Bərzaninin başsağlığı mesajı oxunub. Mərasimə regional kürd hökumətinin və parlamentinin nümayəndələri də qatılıb.
Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünı göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. “Musto” ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Qarabağda erməni separatizmi başlayanda Mustafayev də kürd separatçı hərəkatı başladır və Orta Asiya, İraq, İran və Suriya kürdləri ilə təmasa keçərək “Yakbun” adlı kürd milli hərəkatını yaradır.
Laçın işğal olunandan sonra Yerevan bələdiyyəsinin təşkilatçılığı ilə təxminən 50-yə qədər kürd Vəkil Mustafayev başda olmaqla avtobuslarla bu rayona gətirilmişdi. 1992-ci il mayın 20-də həmin qrup tərəfindən Laçında “kürd respublikası” elan edilib, Vəkil Mustafayev qondarma “respublikanın” “baş naziri” seçilib. İnternetdə həmin toplantının videokadrları yer alır. Lakin işğal edilmiş Azərbaycan ərazilərində qondarma “kürd respublikası” yaratmaq planı tezliklə iflasa uğrayıb, Mustafayev Ermənistanı tərk edərək Rusiyanın Krasnodar şəhərinə, oradan isə Avropaya üz tutub.