azia.az
azia.az

Sabiq nazir müavininin baldızı üsyan etdi; - ortada 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var!

18-03-2019, 09:14


Bu gün, martın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə proses davam edəcək. İş üzrə artıq hazırlıq iclası keçirilib.

Hakim qarşısına Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov çıxarılıb. O, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmün qanunsuz və əsassız olduğunu, hökmün dəyişdirilməsini tələb edir. Rahib Hüseynov 2018-ci ilin dekabrında külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, iş üzrə zərər çəkən şəxslərə 4 milyon 300 min manat zərər vurulub. O, zərərçəkənləri “Azərbaycan Dəmir Yolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə aldatmaqda ittiham edilsə də, deyir ki, pullar xalası oğlu Elnar Əsgərov tərəfindən alınıb, o, alınan pulların qeyri-rəsmi qeydiyyatını aparıb. İş üzrə zərərçəkənlər Emin Məmmədovun da, Qoşqar Zeynalov və başqalarının da ifadələri ilə Rahib Hüseynovun fikirləri arasında uyğunluq var.
Sabiq nazir müavininin baldızı üsyan etdi; - ortada 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var!
Bundan başqa, o, ilkin məhkəmə instansiyasında məhkəməyə Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun qara mühasibatlıq aparmasını təsdiqləyən 5 kitab da təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilməzdən öncəyə qədər həmin kitablarda Elnar Əsgərovun görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydləri yazılıb. Rahib Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Vəzifəli şəxslərin yaxınlarından alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər.

Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o, Elnar Əsgərovun tapşırığı, birbaşa iştirakı ilə pulların alınması və aylıq faizlərin verilməsinə, qara mühasibatlıq işinə nəzarət edib. Rahib Hüseynovun qardaşı Emil Hüseynov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza alıb. Həmin cinayət işində də Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. Emin Hüseynov da pulları xalası oğlu Elnar Əsgərova verdiyini israr edirdi. Elnar Əsgərov hər iki xalası oğlunun işində şahid kimi keçib.

Rahib Hüseynovun anası Lətifə Hüseynova “Yeni Müsavat”a açıqlamalarında deyib ki, Elnar Əsgərov pulları adamlardan atasından gizli yığıb, onlara verdikləri pula görə faizləri də gizli ödəyib. Məsələnin üstü Arif Əsgərov işdən çıxarılandan sonra açılıb və Elnar Əsgərov bütün suçu onun oğlu Rahib Hüseynovun üstünə atıb. Milyonlarla pulu Rahib Hüseynovun adamlardan özbaşına yığdığını deyib. Rahib Hüseynov isə məhkəmədə deyib ki, o, xalası oğlu Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə faizlər ödəyib. Elnar Əsgərovun milyonlarla manat pulu hara xərcləməsi haqda da mətbuatda məlumatlar var. Onun həmin pulları Türkiyədə Mehriban adında qadında saxladığı iddia olunur. Belə məlumatlar var ki, həmin qadın əvvəllər Bakıda, 5 saylı Şəhər Klinik Xəstəxanasının yanındakı çoxmərtəbəli binada yaşayıb. Onun Novxanıda bağ evi də olub. Həmin bağ evinin əslində Elnar Əsgərova məxsus olduğu xəbəri də var. Qeyd olunur ki, Mehriban adlı qadın həmin evdə Gulya adlı anası və Nərgiz adlı qızı ilə yaşayıblar. Elnar Əsgərovun həmin qadına inamı olduğu deyilir. Adamlardan yığılan pulların Elnar Əsgərovda olmasını deyən Hüseynovlar onun Türkiyədə əlaqələrinin olmasını təsdiqləyirlər. Deyirlər ki, onun pulları Mehriban adlı qadında saxlaması haqda eşitsələr də, buna dair əllərində konkret fakt yoxdur. Onlar qeyd edirlər ki, Arif Əsgərovun sürücüsü Vahid və ailəsinin sürücüsü Əbülfəzə Novxanıda bağ evləri tikdirməsi haqda məlumatlıdırlar.

Bundan başqa, Arif Əsgərovun Qubada sabiq müdafiə naziri Səfər Əbiyev və keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qonşuluqda villasının olduğu, Qəbələ, İsmayıllı rayonlarında da dəbdəbəli evlərinin varlığı haqda da məlumatlar var. Qeyd edək ki, vaxtilə normal maddi imkanları olan Rahib və Emin Hüseynovların atası İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov da, qeyd etdiyimiz kimi, hazırda hakim qarşısındadır. Valideynləri Eminin və Rahibin işi üzrə ədalətli araşdırma aparılmasını istəyirlər. Deyirlər ki, Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir.

Lətifə Hüseynova Bakı Apelyasiya Məhkəməsində keçirilən son iclasda oğlunun günahsız olduğunu hakimə bildirib, deyib ki, oğlunun məhkəməyə təqdim etdiyi qara mühasibatlığa dair kitablar araşdırılmalıdır. Həmin kitablar üzrə araşdırma aparılsa, məsələnin mahiyyəti üzə çıxacaq.

“Mənim övladlarım günahsızdır. Bunu hamı bilir. Əgər oğlanlarımın günahı varsa, elə onlara göstəriş verənlər də, onlardan faiz alanlar da günahkar olmalıdırlar. Ay Elnar, belə allahsızlıq olmaz, sənə müraciət edirəm, niyə belə şeylər elədin? Elnar, bu işlərin başında sən durdun. Rahibə bu kitabların hamısını sən yazdırmısan. Elnar, bütün bunlar sənin icazənlə olub. O, dəmir yolunda ləyaqətlə işləyirdi. Niyə onu o günə qoydun? Mən sənə dəfələrlə müraciət etdim. Yalan dedin ki, xəbərin yoxdur. Sən dəfələrlə demisən ki, Rahib dəmir yolunda normal işlədiyi yerdə onu bu işə qatdın. Dəmir yoluna verdiyin malların çoxunu onun əli ilə verdirdin. O işlərin hamısının kağızları evdədir. Ev doludur kağızlarla”.

Lətifə Hüseynova həmin kitablarda həqiqətdə nə baş verdiyinin göründüyünü də dilə gətirdi: “Əvvəllər də demişəm, yenə də deyirəm. Bu kitablarda Rahib Elnarın icazəsi ilə kimə nə verib, nə qədər pul alıb, faiz verib hamısı yazılıb. O camaatı da Ağır Cinayətlər Məhkəməsində hakim bir-bir çağırdı, dindirdi. Kitabları biz istintaqa verdik. Kitablar 2013-cü ilə qədər Elnarın sədrliyi altında, göstərişi altında yazılıb. Rahib kim idi ki, siyahı tuta? Rahibə kim idi o milyonları verən? Qoşqar bizim evə gəldi, yoldaşıma dedi ki, İsmayıl dayı, Rahibə milyon vermərəm. Mən çoban oğluna milyon vermərəm. Səndən çox xahiş edirəm, böyük bacanaqsan, get Arif (Əsgərov) müəllimi başa sal, pullar sənin oğluna verilib. İsmayıl da dedi ki, mən Arifə (Əsgərov) pul verməmişəm ki, gedim ondan pul istəyim. Dedi, mən 10 milyon pul vermişəm, müəyyən hissəsini almışam, müəyyən hissəsini ala bilmirəm. Qoşqar söhbətindən sonra bizi düşmən elan etdilər, qapıya da qoymadılar. Bu kitabların hamısını ekspertə də verdik. Rahib kitablarda kimə nə verib, hamısını yazıb. Hətta Elnara göstərmək üçün özünün maaşını da yazıb. Elnarın işçisi kimi ona hesabat verib. Elnar məni türmə qapılarında qoyub. Bütün bu işlərin başında Elnar durub, mənim 2 oğlumu həbsə o saldırıb”.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi