“Bütün pullar Arif Əsgərovun oğlundadır” – mənimsəmə işinin yeni təfərrüatları
Sabiq nazir müavininin bacanağı: “Oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumunun cinayət işi üzrə proses davam edir. Məhkəmə qarşısına çıxarılan Rahib İsmayıl oğlu Hüseynov Arif Əsgərovun baldızının oğludur. Dələduzluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirləndirilən R.Hüseynov ittiham üzrə özünü təqsirli bilmir. Deyir ki, pulları müxtəlif vəzifəli şəxslərdən alan xalası oğlu Elnar Arif oğlu Əsgərovdur. O, sadəcə, alınan pulların hesabatını aparıb və həmin pullara görə ödənən faizləri verib.
AZİA.AZ xəbər verir ki, bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi - Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a geniş danışıblar.
Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov da qeyd etdiyimiz kimi, hazırda hakim qarşısındadır. İsmayıl Hüseynov ötən gün növbəti dəfə dövlət rəhbərliyinə müraciət edərək, kömək istəyib.
“Pulu Arif Əsgərovun oğlu Elnar Əsgərova vermişəm”
O deyir ki, övladlarım Eminin və Rahibin işi üzrə ədalətli araşdırma aparılmasını istəyir: “Araşdırsınlar, görəcəklər ki, pullar kimdədir. Mənim uşaqlarım sadəcə işçi olublar. Bu məsələ düşünülmüş şantajdır. 2014-cü ildə oğlum Rahibin işi xitam olundu. Ona görə ki, 21 milyon manat qaytarıldı. İş üzrə 10-a yaxın zərərçəkən vardı. Arif Əsgərov 2 nəfər istisna olmaqla, bütün zərərçəkənlərin pulunu ödədi. 2 nəfərin pulunu ödəmədilər, saxladılar.
Həmin zərərçəkənlərdən biri oğlum Emin Hüseynova qarşı cinayət işində saxlanıldı. Zərərçəkən Emin Məmmədovun pulunu vermədilər. Bunu təsdiq edən Emin Məmmədovun səs yazısı da var. Həmin səs yazısında Emin Məmmədov deyir ki, mən pulu Arif Əsgərovun oğlu Elnar Əsgərova vermişəm. Ancaq hakim M.Xankişiyev bunu nəzərə almaq istəmir. Nə də müstəntiq bu məqamı araşdırmır ki, həqiqət üzə çıxsın. Hamı bilir ki, bizdə o qədər pul olmayıb. Bütün pullar Arif Əsgərovun oğlu Elnardadır. Müstəntiq deyir sən kimsən, nə gücün var? Onlara gücün çatmaz.
Zərərçəkmiş Qoşqar Zeynalovun da pulunu qəsdən ödəmədilər. Onu da oğlum Rahib Hüseynovun işində zərərçəkən kimi saxladılar. Qoşqar mənim evimdə dedi ki, mən çoban oğluna pul vermərəm. Gedin Arif Əsgərova deyin pulu versin. Bizim mal-heyvan saxladığımızı bilib belə deyirdi. Bilirdi ki, pullar Elnar Əsgərovdadır.
Məmurun sahibkarlıqla, bizneslə məşğul olması qadağandır. Bu adamlar özləri kənara dayanıb arvad-uşaqlarını qabağa verirlər. Mənim oğlumda Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Vəzifəli şəxslər 5-6 il yüz minlərlə faiz alıblar. Mənim oğlum bu işdə sırf işçi olub. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir. Qeydlər var, Elnar Əsgərova pul verənlər 5 il faiz alıb. Hamısı da imkanlı adamlardır. Gəlib istintaqla anlaşdılar və getdilər. İndi Arif Əsgərov vəzifədən çıxandan sonra həmin pulların kökünü vermir. Deyir yaxşı edirəm, nədən qorxacam, vəzifəm yox, pulum yox. Heç kim də o qapıya gedib pul istəyə bilmir.
Qapıda çoxlu mühafizəçi polis var. Mən yoldaşımla gedib dedim ki, borcluların pulunu verin. Bizim uşaqlar da azad olsun. Elnar Əsgərov bizi Binəqədi polisinə verdi ki, xalam bizi narahat edir, öldürməyə gəlir. Elnar Əsgərov bizə deyir ki, ay bədbəxtlər, siz nə edə bilərsiniz? Hər şey pulla ölçülür. Dərman almağa pul tapmırsınız. Biz də deyirik ki, bəli Elnar, pulumuz yoxdur, amma dövlətimiz var".
Qeyd edək ki, Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyir, sübut kimi əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edir.
Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. Rahib Hüseynovun atası İsmayıl Hüseynov deyir ki, övladları böyük haqsızlığın qurbanıdır, dövlətdən kömək istəyir.