Azercell daha bir karyera sərgisində iştirak etdi
Azərbaycanın lider mobil operaroru olan “Azercell Telekom” MMC həyata keçirdiyi layihələri ilə tələbələrin fərdi və akademik inkişafına yönəldilmiş fəaliyyətini davam edir. Bu dəfə Azercell mart ayının 1-i ADA universitetində təşkil edilən “ADA Karyera Sərgisi 2019”-un fəal iştirakçısı olub. Sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.
Qeyd edək ki, ADA universitetində ənənəvi olaraq Karyera sərgisinin təşkil edilməsində əsas məqsəd gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara iş bazarındakı ən aparıcı qurumlar ilə bilavasitə ünsiyyətdə olub, karyera həyatının mühüm seçimini etməkdə köməklik göstərməkdir. Bu il fevral ayının 28-dən mart ayının 2-dək davam edən karyera günlərində, 1 mart tarixində, məhz İT və telekommunikasiya sahələrini təmsil edən şirkətlər öz stendlərini təqdim edib.
“Azercell Telekom” MMC tərəfindən istedadlı gənclərə dəstək olmaq məqsədilə hər il Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları keçirilir. Bu il Tələbə Təqaüd Proqramı proqramı çərçivəsində 1398 müraciət mərhələli seçim nəticəsində dəyərləndirilib və 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə ediblər.
Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.