Xaricdəki milyarder azərbaycanlıların siyasi fəallaşmasının sirri
Xarici ölkələrdə əslən Azərbaycandan olan çoxlu sayda zəngin adamın olması faktdır. Onların sırasında varidatı milyardlarla ölçülən iş adamları da az deyil. Əslində bu bizi sevindirməlidir. Çünki həmin adamlar xaricdəki Azərbaycan diasporunun fəxri nümayəndələri sırasında yer alırlar. Ancaq bəzən görürsən ki, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul edən həmin varlı soydaşlarımızdan siyasi məqsədlər üçün də istifadə etmək niyyətləri ortaya çıxır.
Belə gedişatları biz ölkənin həssas məqamlarında hiss etmişik. Heç də uzaq olmayan keçmişdə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində məhz “milyarder kartı” ilə ölkəmizə təzyiqlər edildi. Yadınızdadırsa, həmin vaxt hətta Azərbaycan hakimiyyətinə meydan oxumaq kimi cəsarətə sahiblənən “Milyarderlər ittifaqı” adlı bir qurum da təsis olundu. Sonra həmin ittifaqdan ilhamlanaraq Rüstəm İbrahimbəyov kimi qeyri-siyasi bir şəxs hətta radikal müxalifətin birləşdirici fiquruna çevrildi. Onu 2000-ci illərdə Balkanlarda hakimiyyətə gəlməyi bacaran Kaştuniça ilə də müqayisə edirdilər. Əslində isə məlum oldu ki, o vaxtlar R.İbrahimbəyov üçün siyasi katalizator rolunda Moskvada qərar tutmuş əslən azərbaycanlı olan milyarderlərin pulu çıxış edib. Proseslərin qızğın vaxtında Putin Bakıya səfər etdi. İlham Əliyevlə keçirilən görüşlərdən sonra R.İbrahimbəyovun özü öz kartını qapatmış oldu. Keçmişə bu ekskursu təsadüfən etmədik.
Bizi bu xatırlatmanı etməyə vadar edən səbəb son vaxtlar xarici ölkələrdə yaşayan və əslən azərbaycanlı olan milyarderlərin məhz siyasi zəmində fəallaşmasıdır. Əslində, onlara siyasətlə məşğul olmağı kimsə qadağan da etmir. Amma bunu da bilməlidirlər ki, Azərbaycan vətəndaşı olmayan şəxs bizim ölkədə siyasi fəaliyyətlə məşğul ola bilməz. Qanunvericilk bunu qadağan edirsə, onda niyə Frenk Elkapone və ya Mübariz Mənsimov kimi varlı adamlar belə xam xəyallara düşürlər? Onlar bu iddiaları təkzib də edə bilərlər. Amma apardıqları fəaliyyət belə bir nəticəni əminliklə əğz etməyə əsas verir.
Bir müddət əvvəl Azərbaycandakı şəhid vərəsələri ilə bağlı qeyri-müəyyən vəziyyət yarandı. Əslində, heç bir problem də yox idi. Çünki hamı gözəl bilir ki, Azərbaycan dövləti bu kateqoriyadan olan ailələrə qayğısını heç vaxt əsirgəməyib. Sadəcə, bəzi məmurların məsələyə operativ reaksiya verə bilməməsi və bunun da fonunda yaranmış kiçik anlaşılmazlıq radikal dairələrin əlinə hakimiyyəti tənqid etmək üçün ciddi şans verdi. Hətta təbliğat belə aparılırdı ki, guya Azərbaycan öz şəhidlərinə sahib çıxmaq istəmir (?). Düşmən ölkə ilə bağlı uğursuz müqayisələrin aparılmasına da cəhdlər olunurdu. Məhz həmin məqamda ortaya əslən Ordubad rayonundan olan, sonra gedib Moskvada varlanan, orada isə adını və soyadını dəyişən Frenk Elkapone (əsl adı Fizuli Məmmədovdur – M.Q.) çıxır. Milyarder sosial şəbəkələrdəki hesabında yazdı ki, o, bütün şəhid vərəsələrinə ödənməli olan vəsaiti qarşılamağa hazırdır. Hətta ümumi vərəsələrin sayını 11 min manata vurub, ortaya konkret rəqəm də çıxarmışdı. Əslində, bu, siyasi təxribat cəhdi idi. Belə çıxırdı ki, Azərbaycan dövlətinin etmədiyini və Frenkin təbirincə desək, “etmək istəmədiyini” hansısa milyarder öz üzərinə götürürdü. Sonda da Azərbaycan dövlətinin itirə biləcəyi xalları Elkapone öz aktivinə yazmış olurdu. Sizcə Azərbaycan dövləti belə fürsətcil milyarderlərə xalqın həssas damarı ilə oynayıb nüfuz yığmağa imkan verərmi? Bir neçə gün əvvəl Prezident İlham Əliyev şəhid vərəsələrini qəbul etdi. Onlara göstərilən ehtiram, hətta müavinəti bir dəfə almış ailələrə yenidən kompensasiyanın verilməsi ilə bağlı qəbul edilən qərar göstərdi ki, heç bir milyarder Azərbaycan dövlətindən zəngin ola bilməz. Sübut olundu ki, hansısa milyarderin öz puluna güvənərək belə siyasi manipulyasiyalar etməsi yersiz və əbəsdir.
Bir faktı da qeyd edək ki, F.Elkapone adı ilə məşhur olan biznesmen F.Məmmədov Azərbaycanda 2018-ci ildə keçirilən prezident seçkilərində iştirak etmək arzusunu da bəyan etmişdi. Həmin vaxt biznesmen “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz” sualı ilə onlayn-səsvermə keçirib. Orada prezidentliyə namizədlərdən biri kimi F.Məmmədovun özü göstərilirdi.
Son vaxtlar müəyyən siyasi gedişləri başqa bir milyarder də təkrarlamağa başlayıb. Söhbət “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovdan gedir. Bir müddət əvvəl ölkəyə həbsdə olan bloger Mehman Hüseynov adı ilə basqılar olanda həmin milyarder “əzabkeş” gəncə ciddi siyasi dəstək verdi. İş adamının həmin hərəkəti hazırkı hakimiyyətin siyasi kursuna qarşı çıxanlar arasında böyük rəğbətlə qarşılandı və hiss edilirdi ki, Mənsimov həmin dividendlərin əldə olunmasından məmnun görünür. Öz liderlərindən heç bir nəticə görməyən müxalifət elektoratı belə imkanlı adamın onlarla eyni platformada dayanmasından sanki bihuş olmuşdu.
Bunun ardınca isə M.Mənsimovun gəmilərindən birinə eks-prezident Əbülfəz Elçibəyin adını verməyə hazırlaşdığı ilə bağlı xəbər yayıldı. Hətta Mənsimov bu qərarını əsaslandırmaq üçün öz səhifəsində siyasi məzmunlu bir mövqe də ortaya qoydu. Sitat: “…70 il Sovet zülmü repressiyalara rəğmən, bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı, kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı? Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi…”.
M.Mənsimovun Əbülfəz Elçibəy barədə yüksək fikirdə olması çox təqdirəlayiqdir. Onun adını gəmilərindən birinə verməsi də alqışlanılmalıdır. Amma ortaya məntiqi sual çıxır: M.Mənsimov indiyə kimi niyə belə gedişi etmirdi?
Dəqiq görünən budur ki, Mübariz bəy hansısa səbəbdən Azərbaycanda özünə ictimai dayaqlar yaradır – onun Rəsulzadə və Elçibəy sevgisinin qəflətən baş qaldırmasının əsas səbəbi də budur. Onun bu iki öndərə sevgi göstərməsi və adlarını əbədiləşdirməsi fürsəti illərdir vardı. 2004-cü ildə “Heydər Əliyev” adına gəmi inşa edən birisi 14 il sonra Rəsulzadəni, bir az sonra da Elçibəyi xatırladı… Bu qədər məsafə normal görünmür.
Hətta belə iddialar var ki, Mənsimovun biznesi heç də yaxşı vəziyyətdə deyil. Onun 30-a yaxın gəmisinin müsadirə olunduğu da deyilir. Hətta bu sayın arta biləcəyi də bildirilir. Belə olan halda, milyarderin batan gəmiləri ilə birdən-birə Rəsulzadə-Elçibəy yoluna transfer etməsi siyası manevrdən başqa nəsə deyil. Bir faktı da qeyd edək ki, hazırda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı fikirlər səslənir. Bəlkə də Mənsimovun aktivləşməsinin kökündə duran məqamlardan biri də bununla bağlıdır?
Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”