azia.az
azia.az

“Bakı Mərkəzi Elektrotökmə” ASC ilə bağlı qalmaqal

8-12-2018, 10:03

“Bakı Mərkəzi Elektrotökmə” ASC ilə bağlı qalmaqal
Müəssisə sənəd üzərində “işləmir” yazılır, əslində isə işləyir; ortada dövlət əmlakının talanmasına şübhələr var

Ötən ay Dünya Bankının açıqladığı “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdı. Ölkəmizin böyük irəliləyiş əldə etdiyi indiqatorlardan biri kiçik səhmdarların hüquqlarının müdafiəsidir. Dünya Bankının ekspert qrupu bu sahədə görülən işləri yüksək qiymətləndirərək, Azərbaycanım dünya ikincisi olduğuna qərar verib.

Lakin elə səhmdar cəmiyyətlər var ki, orada kiçik səhmdarların hüquqları kobudcasına pozulur. Belə müəssisələrdən biri də “Bakı Mərkəzi Elektrotökmə” Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyətin bir qrup səhmdarının “Yeni Müsavat”a ünvanlanan müraciətində bildirildiyinə görə, ASC 2001-ci ildə “Mərkəzelektrotökmə” zavodunun bazasında yaradılıb: “Zavodun özəlləşdirmə çeklərinin güzəştli satışının yekunlarına əsasən 2002-ci ilin yanvarında 346 nəfər çek alaraq zavodun səhmlərinin 13681 ədədinin sahibi olub. O vaxtdan bəri zavod fəaliyyətini davam etdirsə də, biz səhmdarlara bir dəfə də olsun divident ödənməyib. Bu 16 ildə bizə bir dəfə də olsun zavodun özəlləşməsi sahəsində vəziyyət, maliyyə fəaliyyətinə, gəlirinə, xərcinə dair məlumat verilməyib. Halbuki qanunvericiliyə əsasən hər il bizə zavodun maliyyə hesabatı təqdim olunmalıdır”.

Səhmdarlar bildirirlər ki, çuqun lövhələr istehsal edən zavoddan keçmiş SSRİ-də yalnız 2 yerdə olub: “Elektrotexnika avadanlıqlarının bütün çuqun detalları bu zavodda istehsal olunurdu. 2007-ci ildən etibarən biz metro tikintisində istifadə olunan çuqun karkasların istehsalına başlamışıq. Nazirlər Kabinetinin qərarı ilə ”Metrotuneltikinti" həmin karkasların bizdən alınmasına qərar verib. Məhsulun maya dəyəri 1180-1200 manata gəlirdi. Sonrakı emal prosesinin xərcini də üzərinə gəldikdən sonra biz onu “Metrotuneltikinti”yə 2200-2400 manata satırdıq. 2010-cu ilədək zavodda 250 nəfərə yaxın adam çalışırdı. 2011-ci ildə ASC-yə Cavid Haşımov rəhbər təyin olunub. O gələndən zavodun məhsulu dəyərindən 4-5 dəfə ucuz qiymətə - 500 manata öz yaratdığı müəssisəyə - “Azelektromaş” ASC-yə satılır, həmin müəssisə isə onu 2400-2500 manata metro tikənlərə satır. Zavodun binasının böyük hissəsi də onun müəssisəsinə icarəyə verilib. İşçiləri zavoddan çıxarıb, öz müəssisəsinə işə yazıb. Onun müəssisəsi zavodun avadanlıqlarından istifadə edir, amma sənəd üzərində artıq zavodun fəaliyyətini dayandırdığı qeyd edilir. Beləliklə də, zavod faktiki olaraq fəaliyyət göstərsə də, sənədləşmədə fəaliyyətsiz kimi qeyd olunur. Bununla bağlı bütün əlaqədar dövlət qurumlarına sübutlarla birlikdə müraciətlər etmişik. Lakin bütün qurumlar müraciətimizi Əmlak Məsələləri Dövlət Komitəsinə, onlar da C.Haşımova göndərirlər".

Səhmdarlar deyir ki, onların şikayətindən sonra bu ilin avqustunda səhmdarların iclası çağırılıb: “Əmlak Məsələləri Dövlət Komitəsindən gələn nümayəndə orada bizim suallarımızı cavablandıra bilmədi. Üstəlik, açıqca bəyan etdi ki, ASC-nin sədri yenidən C.Haşımov olacaq. C.Haşımov özü iclası yarımçıq tərk etdi. Hansı məsələ Komitəni qane etmirdisə, nümayəndə veto hüququndan istifadə edərək müzakirəsinə imkan vermirdi. Beləliklə də, iclas nəticəsiz başa çatdı”.

“Bakı Mərkəzi Elektrotökmə” ASC-nin səhmdarları ölkə rəhbərliyinə, digər əlaqədar qurumlara müraciət edərək, hüquqlarının qorunmasında onlara yardımçı olmalarını xahiş edirlər: “2012-ci ildən müflis elan edilmiş zavodun əslində fəaliyyət göstərdiyini sübut edən bütün sənədləri təqdim etməyə hazırıq. Xahiş edirik, bizim hüquqlarımızın bərpasında bizə yardım edin. Əks halda C.Haşımov dövlətin külli miqdarda əmlakını mənimsəməkdə davam edəcək”.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İqtisadiyyat şöbəsi,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi