azia.az
azia.az

IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlamışdır

14-11-2018, 15:56

IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlamışdır

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlamışdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla təmsil olunur.
Pavilyonda yeni yaradılmış su mənbələri, tullantı sutəmizləyici qurğuları, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, Mərkəzi Laboratoriyanın fəaliyyəti, ekoloji tədbirlərlə bağlı məlumatlar yer alır. Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hovsan Aerasiya Stansiyasında həyata keçirilən təmizləmə prosesinin texnoloji sxemi, Oğuz-Qəbələ-Bakı su kəmərinin sxemi, Mərkəzi Laboratoriyada quraşdırılmış ən müasir qurğu və avadanlıqlara aid fotoşəkillər, həmçinin Ceyranbatan və Xanbulançay ultrasüzgəcli sutəmizləyici qurğularının iş prinsipi və imkanları haqqında məlumatlar ziyarətçilərin dərin marağına səbəb olur.
Eyni zamanda, 2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində ən son texnologiyalarla emal olunan suyun ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olması, eləcə də ölkəmizin digər su mənbələrində suyun emalının ekoloji aspektləri barədə ziyarətçilərə ətraflı məlumat verilir. 2013-cü ildə istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası haqqında məlumatlar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.
Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə Abşeron yarımadasında kanalizasiya infrastrukturu yenidən qurulur. Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorları tikilib. Hazırda Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Yeni qurğu istismara verildikdən, eləcə də ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.
“Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.
Qeyd edək ki, Xəzəryanı və Qafqaz regionunda ekologiya və ətraf mühitin qorunması sahəsində ən iri tədbir olan “Caspian Ecology” sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi