azia.az
azia.az

“Son günlər evlərdə qarışqa əlindən tərpənmək olmur” – Artımın əsas səbəbi BUNLARDIR

Bu gün, 16:40

Son dövrlər, xüsusilə isti havalarda evlərdə qarışqaların sayının artması sakinlərin diqqətini çəkir. Qarışqalar əsasən mətbəx, eyvan və digər yaşayış sahələrində, xüsusilə qida məhsullarının saxlanıldığı yerlərdə görünür. Bəzən isə az sayda qarışqanın qısa müddət ərzində evin müxtəlif hissələrinə yayıldığı müşahidə olunur.

Maraqlıdır, qarışqaların evlərdə daha çox görünməsinin əsas səbəbi nədir və onlarla necə mübarizə aparmaq olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən ekoloq Cəmşid Bəxtiyar bildirib ki, qarışqaların evlərə daxil olmasının əsas səbəblərindən biri qida qalıqlarıdır.

"Qarışqaların bir çox növləri var. Onların evlərə daxil olmasının əsas səbəblərindən biri qida qalıqlarıdır. Şəkər, mürəbbə, bal, meyvə, çörək qırıntıları və hətta gözə görünməyən yapışqan şirinliklər qarışqaları cəlb edir. Bundan başqa, su və rütubət də onların evə gəlməsinə səbəb ola bilər. Mətbəx və hamam, su borularının ətrafı onlar üçün əlverişli yerlərdir”, – deyə ekoloq bildirib.

C.Bəxtiyar qeyd edib ki, qarışqaların evlərə yayılmasında yaxınlıqda yerləşən yuvalar və hava şəraiti də mühüm rol oynayır.

"Yuva evin divarında, döşəmənin altında, pəncərə ətrafında və ya evə yaxın ağacların dibində yerləşə bilər. Ağaclar vasitəsilə divara, oradan isə evə daxil olurlar. Digər səbəb havadır. Yay aylarında qarışqaların fəaliyyəti və qida axtarışı artır. Yağışdan sonra torpaqdakı yuvalar nəmləndikdə və ya su altında qaldıqda qarışqalar daha quru yerlər axtarır və evlərə keçə bilirlər”, – deyə o əlavə edib.

Ekoloqun sözlərinə görə, bir qarışqanın qida mənbəyi tapması qısa müddətdə evdə onların sayının kəskin artmasına səbəb ola bilər.

"Bir qarışqa qida mənbəyi tapanda feromon izi buraxır. Digər qarışqalar həmin izi izlədiyi üçün bir müddət sonra sanki qəfil böyük dəstə yaranır. Evdə qida qalıqları saxlanılmamalı, şəkər, bal, mürəbbə və digər şirin məhsullar açıq vəziyyətdə qoyulmamalıdır. Döşəmədəki qırıntılar təmizlənməlidir. Qarışqaları cəlb edən bütün amillərin qarşısı alınmalıdır. Onların keçdiyi yolları da yaxşı təmizləmək lazımdır”, – C.Bəxtiyar vurğulayıb.

O bildirib ki, yalnız qarışqaları öldürmək problemin tam həlli deyil.

"Onların keçdiyi yerləri sabunlu su ilə yaxşıca təmizləmək feromon izlərini aradan qaldırır. Əks halda qarışqalar həmin izi yenidən taparaq əvvəl gəldikləri yerə qayıda bilərlər. Qarışqalar pəncərə kənarlarından, divar çatlarından, plintusun altından və boruların ətrafındakı boşluqlardan daxil ola bilirlər. Bu yerləri möhkəm şəkildə bağlamaq onların qarşısını almağın effektiv yollarından biridir. Kiçik qarışqa yemi koloniyaya aparır və zəhər orada yayılır. Bu üsulla qarışqaların qarşısını daha effektiv almaq mümkündür”, – deyə ekoloq bildirib.

Fəridə Əsədzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi