azia.az
azia.az

I qrupda "pulsuz" yerlər artıb: "Əmək bazarı dəyişir"

Bu gün, 16:17

Bu il I ixtisas qrupu üzrə plan yerlərinin əksəriyyətini dövlət sifarişli yerlər təşkil edəcək. Digər qruplarda isə vəziyyət fərqlidir.

Təhsil eksperti Əmrah Həsənli Sfera.az-a açıqlamasında söyləyib ki, bu il I ixtisas qrupu üzrə plan yerlərində diqqət çəkən məqamlardan birinin dövlət sifarişli yerlərin həm sayının, həm də ümumi plan yerlərində payının artması olduğunu bildirib.

Onun sözlərinə görə, dövlət sifarişli yerlərin payı 75 faizdən yuxarıdır.

Ekspert hesab edir ki, bunun əsas səbəbi dövlətin əmək bazarının gələcək ehtiyaclarını nəzərə alaraq texniki və mühəndislik istiqamətlərinə daha ciddi dəstək verməsidir:

“I qrup əsasən mühəndislik, texnologiya, informasiya texnologiyaları, energetika, sənaye və digər texniki istiqamətləri əhatə edir. Bu sahələr artıq təkcə təhsil məsələsi deyil, ölkənin iqtisadi inkişafı, rəqəmsal transformasiyası, sənayeləşməsi və yeni texnologiyalara keçid baxımından strateji əhəmiyyət daşıyır. Ona görə də dövlət bu istiqamətlərdə kadr hazırlığının maliyyə baxımından daha əlçatan olmasına maraq göstərir”.



Ə.Həsənli bildirib ki, dövlət sifarişli yerlərin çox olması həmin ixtisaslarda qəbulun avtomatik olaraq asanlaşacağı anlamına gəlmir:


"Əksinə, dövlət sifarişinin yüksək olduğu ixtisaslarda rəqabət də yüksək olur. Abituriyentlər üçün ödənişsiz təhsil imkanlarının genişləndirilməsi həmin ixtisaslara marağın artmasına səbəb olur. Digər tərəfdən, bu siyasət gənclərin yalnız ənənəvi ixtisaslara deyil, əmək bazarında perspektivli hesab olunan texniki və innovativ istiqamətlərə yönəlməsi baxımından mühüm mesajdır. Artıq ali təhsil planlamasında əsas meyar “nə qədər tələbə qəbul edək” deyil. Ölkəmizə nə qədər kadr lazımdırsa, bu istiqamətdə işlər aparılır”.


Təhsil eksperti I qrup üzrə dövlət sifarişlərinin yüksək payının da təsadüfi qərar olmadığını vurğulayıb:


"Bu yanaşma əmək bazarı, iqtisadi prioritetlər və gələcək kadr tələbatı ilə əlaqəli strateji siyasətin nəticəsidir. Dövlət sifarişi ilə kadr hazırlığı əmək bazarı ilə düzgün əlaqələndirilməzsə, yüksək say göstəricisi öz-özlüyündə nəticə yaratmayacaq. Əsas məsələ həmin yerlərə qəbul olan tələbələrin keyfiyyətli təhsil alması və məzun olduqdan sonra real əmək bazarında özünü doğrultmasıdır”.


İradə Elsevər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi