Dövlət Komitəsindən məcburi köçkünün şikayətinə reaksiya (YENİLƏNİB/VİDEO)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib. Qurumdan Qaynarinfo-ya təqdim olunan açıqlamanı təqdim edirik:
"Laçın rayonundan məcburi köçkün düşmüş və hazırda Ağcabədi şəhərində yerləşən Nəcəf Allahverdiyev adına peşə məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Şirinova Minayə Əhliman qızının məsələsi ilə bağlı Dövlət Komitəsi məlumatlıdır.
Bildiririk ki, sözügedən vətəndaşa Ağcabədi rayonunda yerləşən 556 ailəlik qəsəbədə 2 otaqlı mənzil təklif edilib, lakin vətəndaş otaq sayının az olmasını əsas gətirərək təklif olunan mənzildən imtina edib.
Hazırda Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahəsi mövcud deyildir. Məcburi köçkün ailələri üçün yeni yaşayış sahələrinin inşası yalnız işğaldan azad edilmiş ərazilərdə həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi davam edir. Həmin ərazilərdə aparılan bərpa-quruculuq və tikinti işləri təsdiq edilmiş qrafikə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.
Vətəndaşın daimi qeydiyyatda olduğu ünvana köçürülmə prosesi başladıqda, Şirinova Minayə Əhliman qızının da köçürülməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təmin ediləcəkdir".
***15.00
Birinci dərəcəli gözdən əlil, məcburi köçkün Minayə Şirinova Ağcabədidə məcburi köçkünlər üçün salınmış qəsəbədəki boş mənzillərdən birinin ona verilməsini istəyir.
Qaynarinfo-ya müraciət edən Minayə Şirinova 1992-ci ildən Ağcabədi şəhərində yerləşən Nəcəf Allahverdiyev adına peşə məktəbinin yataqxanasında yaşadığını bildirib.
Minayə Şirinova müraciətində yataqxanada yaşayış şəraitinin olduqca ağır olduğunu qeyd edib:
“Yataqxana çox bərbaddır, çox şəraitsizdir. Burada yaşamaq üçün heç bir şərait yoxdur. Sanitar qovşağı, istilik sistemi, təbii qaz yoxdur. Burada hər şey elektrikə bağlıdır. Elektrik dayananda, hər şey dayanır. Çox çətin, bərbad vəziyyətdir. Birinci qrup gözdən əlil olduğum üçün burada yaşamağım ümumiyyətlə çətindir".
Minayə Şirinova qeyd edib ki, əlilliyinə baxmayaraq, milli musiqi aləti olan qara zurna ilə məşğuldur. Bu sahədə xeyli uğur və nailiyyəti var. 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Mədəniyyət İşçisi döş nişanı ilə təltif olunub. Lakin hazırkı şəraitdə nəinki səhhətini, yaradıcılığını da doğru-düzgün nəzarətdə saxlaya bilmir.
Şikayətçi probleminin həlli ilə bağlı illərdir aidiyyəti qurumlara müraciət etdiyini, ərizələr yazdığını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev qəbulunda olduğunu bildirib:
“ Rövşən müəllim problemimin həll olunacağı barədə söz versə də, təəssüf ki, bu günə qədər həll olunmayıb. Heç nə istəmirəm. Tək istəyim odur ki, Laçına qayıdana qədər balaca bir mənzil versinlər. Heç olmasa, orada rahat yaşayım. Ağcabədidə məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə boş mənzillər var. Bəzi məcburi köçkünlər öz yaşayış yerlərinə qayıtması nəticəsində həmin mənzillər boş qalıb. Aidiyyəti qurumlardan xahiş edirəm, səsimi eşitsinlər, xahişimi nəzərə alsınlar. Müvəqqəti yaşamağım üçün boş mənzillərin birini təqdim eləsinlər və Laçına qayıdana qədər heç olmasa, rahat yaşayım. İnanıram bu dəfə səsimi eşidərlər, problemim həll olar. Mən də bir az rahatlıq taparam”.
Günay İlqarqızı