azia.az
azia.az

İlham Əliyevin müsahibəsindən 14 MÜHÜM MESAJ

Bu gün, 08:59

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində Zəngəzur dəhlizi, TRIPP layihəsi, Naxçıvanın nəqliyyat və enerji potensialı, həmçinin regionda həyata keçirilən infrastruktur layihələri barədə danışıb.

Modern.az ölkə başçısının həmin müsahibə zamanı səsləndirdiyi 14 mühüm mesajı təqdim edir.

Prezident bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsüdür və ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməlidir.

Onun sözlərinə görə, son beş il ərzində Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin edə bilməyib.

İlham Əliyev qeyd edib ki, Ermənistan kommunikasiyaların açılmasını yubadıb. Prezident Ermənistanı öz ərazisindən keçəcək enerji xəttinin yaradılmasını da gecikdirməməyə çağırıb və bildirib ki, bu layihə Ermənistanın enerji sistemi üçün də faydalı ola bilər.

Prezidentin sözlərinə görə, ABŞ prosesə qoşulduqdan sonra layihənin həyata keçirilməsinə yeni impuls verilib. İlham Əliyev TRIPP layihəsinin reallaşdırılmasına artıq başlanıldığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan ərazisində 42 kilometrlik dəmir yolu hissəsinin tikintisinə 2026-cı ildə başlanılması nəzərdə tutulur. Azərbaycan dəmir yolunun Ermənistan sərhədinə 2027-ci ildə çatması planlaşdırılır.

Bununla yanaşı, Horadiz–Ağbənd avtomobil yolu üzrə işlərin demək olar ki, başa çatdığı vurğulanıb.

Naxçıvanda isə 194 kilometrlik dəmir yolunun yenidən qurulması planlaşdırılır. Bu layihə nəticəsində dəmir yolunun illik yükdaşıma qabiliyyətinin təxminən 1,5 milyon tondan ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur.

İlham Əliyev bildirib ki, Azərbaycan layihəyə xarici investorların cəlb edilməsi imkanını nəzərdən keçirir. Bununla belə, nəzarət paketinin Azərbaycana məxsus olması əsas şərt olaraq qalır.

Prezidentin sözlərinə görə, Naxçıvan gələcəkdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilməlidir.

TRIPP layihəsi çərçivəsində gələcəkdə yalnız avtomobil və dəmir yollarının deyil, həmçinin elektrik xətlərinin, optik fiber kabelin, neft və qaz kəmərlərinin də keçirilməsi mümkün olacaq.

İlham Əliyevin açıqlamalarından Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya çıxışı nəzərdə tutan enerji bağlantısının formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyi də görünür.

Naxçıvanda 300 meqavat gücündə yeni elektrik stansiyası tikilir. Regionun günəş enerjisi potensialının isə 500-1000 meqavat arasında olduğu təxmin edilir.

Bundan başqa, Naxçıvanda sənaye parkının yaradılması, avtomobil yollarının və dəmir yolu infrastrukturunun, eləcə də ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində işlər aparılır.

Prezidentin əsas mesajına əsasən, Naxçıvan gələcəkdə regionun mühüm nəqliyyat, enerji və logistika mərkəzinə, TRIPP isə Azərbaycanı, Türkiyəni və beynəlxalq bazarları birləşdirən çoxfunksiyalı dəhlizə çevrilməlidir.



Vüqar İSMAYILOV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi