azia.az
azia.az

Akademik İsa Həbibbəyli “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransının iştirakçıları ilə görüşüb

6-09-2024, 09:54


 AMEA-nın prezidenti akademik İsa Həbibbəyli A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr olunan “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransının iştirakçıları ilə görüşüb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq konfransın Şah İsmayıl Xətainin zəngin həyat və fəaliyyətinin yenidən araşdırılmasına və yeni faktların üzə çıxmasına öz töhfəsini verəcəyini bildirib. Qeyd edib ki, Şah İsmayıl Xətai tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın, Türk dünyasının və Şərqin tarixində böyük rol oynayıb, haqqında sözügedən regionlarda və Avropada bir çox tədqiqatlar aparılaraq məqalələr, kitablar ərsəyə gətirilib, Türkiyədə Şah İsmayıl Xətainin külliyatı çap olunub.

Şah İsmayıl Xətainin sovet ideologiyasının təsiri altında ölkəmizdə daha çox şair kimi öyrənildiyini deyən akademik İsa Həbibbəyli müstəqillik dövrünün geniş imkanları çərçivəsində Xətainin hökmdar, sərkərdə olaraq fəaliyyətinin geniş araşdırıldığını vurğulayıb. Türkiyədə isə Şah İsmayılın daha çox təriqət başçısı kimi öyrənildiyini diqqətə çatdırıb.

Qərbin məkrli planları əsasında Səfəvilərlə Osmanlı imperiyası arasında baş tutan Çaldıran döyüşünün baş vermə səbəbləri üzərində geniş araşdırmalar aparıldığını bildirən akademik İsa Həbibbəyli Xətainin bir neçə il öncə aşkara çıxarılmış və Sultan Səlimə yazılmış 31 məktubunun tarixi həqiqətləri meydana qoyduğunu deyib. Eyni zamanda konfransdan irəli gələrək Avropa arxivlərində bununla əlaqədar yeni tədqiqatların aparılmasının nəzərdə tutulduğunu söyləyib.

Diqqətə çatdırıb ki, Şah İsmayıl Xətai türk dövlətçilik tarixinin önəmli səhifələrindəndir və ədəbiyyat tariximiz üçün də mühüm simadır. Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə bağlı alimlərimiz qarşısında mühüm tapşırıqlar qoyduğunu deyən akademik İsa Həbibbəyli beynəlxalq konfransın Türk dünyasının birliyinə və alimlərinin əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Akademik İsa Həbibbəyli konfransın, həmçinin Xətai irsinin gənc nəsillər arasında təbliğində mühüm rol oynayacağını söyləyib, tədbirin iki ildən bir keçirilməsini təklif edib.

Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək “I Beynəlxalq Şah İsmayıl Xətai” konfransı ilə bağlı məlumat verib, tədbirin beynəlxalq tədqiqatçılar tərəfindən maraqla və rəğbətlə qarşılandığını söyləyib, tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İran İslam Respublikasından 50-dən artıq alim və tədqiqatçının qatıldığını deyib. O, konfransın səfəvişünaslığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Türkiyənin Hacı Bayram Veli Universitetinin professoru Əhməd Taşğın isə beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə və Tarix və Etnologiya İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib. Şah İsmayıl Xətainin azərbaycanlı, Səfəvilərin isə Azərbaycan dövləti olduğunu deyən Əhməd Taşğın konfransın yeni tarixi həqiqətlərin üzə çıxmasına öz töhfəsini verəcəyini söyləyib.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Görüşdən sonra konfrans iştirakçıları AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi