azia.az
azia.az

ABB-nin Sumqayıt filialında biabırçılıq - Müştərilər belə SÜRÜNDÜRÜLÜR

Bu gün, 12:10

Azərbaycan Beynəlxalq Bankının (ABB) Sumqayıt filialının 13-cü mikrorayonda yerləşən yeni filialında baş verən özbaşınalıqlar və müştərilərə qarşı sərgilənən qeyri-peşəkar münasibət səngimək bilmir.

Son günlər NOCOMMENT.az-a daxil olan şikayətlər göstərir ki, bank daxilində hökm sürən süni əngəllər və işçilərin eqoist davranışı sistemli xarakter alıb. Bir neçə müştərinin redaksiyamıza ünvanladığı müraciətlərdə iddia olunur ki, bank əməkdaşlarının vətəndaşlara qarşı etinasızlığı artıq dözülməz həddə çatıb.

Şikayətçilərdən birinin yaşadığı insident bunun bariz sübutudur. Belə ki, bankın premium kart müştərisi olan vətəndaş hesabındakı vəsaiti məxaric etmək üçün sözügedən filialın məlumat hissəsindən vaxtında növbə götürərək 8-ci kassaya yaxınlaşlb. Lakin kassa işçisi vaxtın bitdiyini və saatın artıq altıya işlədiyini bəhanə gətirərək vətəndaşa irad tutub. Vətəndaş növbəni vaxtında götürdüyünü və xidmət üçün gözlədiyini qeyd etsə də, uzun çək-çevir və mübahisədən sonra kassa əməkdaşı müştərinin vəsaitinin yalnız bir hissəsini nağdlaşdırıb. Qalan məbləği verməkdən qəti şəkildə imtina edən kassir iş vaxtının bitdiyini əsas gətirərək əməliyyatı bankomat vasitəsilə həyata keçirməyi məsləhət görüb.

Müştəri isə haqlı olaraq bildirib ki, o, bank binasında və kassadadır, rəsmi qaydada növbə götürüb və qalan pul məhz kassa vasitəsilə verilməlidir. Vəziyyətin gərginləşdiyini görən bankın digər məsul şəxsləri də məsələni yerində həll etməyə çalışıb, kassirə müştərinin qalıq vəsaitinin ödənilməsi barədə göstəriş veriblər. Lakin kassir şəxsi eqosundan və sərt mövqeyindən geri çəkilməyərək rəhbərliyin və əməkdaşların tələbini də açıq şəkildə boykot edib, vətəndaşı yenidən növbə götürmək üçün məlumat şöbəsinə göndərib.

Məlumat şöbəsinə yaxınlaşan müştəriyə isə sistem tərəfindən iş vaxtının başa çatdığı əsas gətirilərək yenidən növbə verilməyib. Filial rəsmilərinin təkrar müdaxiləsinə baxmayaraq, kassa işçisi özbaşınalığını davam etdirərək vəsaitin qalan hissəsini verməkdən imtina edib. Şikayətçilər qeyd edirlər ki, bu cür hallar təkrar olunur və bank işçilərinin müştəriləri bu şəkildə hədər yerə süründürməsi, əsəbləri ilə oynaması qəbuledilməzdir.

Ölkənin aparıcı maliyyə qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankının adını daşıyan filialda baş verən bu cür xoşagəlməz hallar haqlı olaraq sərt tənqidlərə səbəb olur. Müştərilər haqlı olaraq sual edirlər: nə üçün premium xidmətlərdən yararlanan və bankın xidmətlərinə güvənən vətəndaşlar kassa işçilərinin şəxsi əhval-ruhiyyəsinin və eqosunun qurbanı olmalıdırlar?

Baş verənlər fonunda ölkənin əsas maliyə tənzimləyicisi olan Azərbaycan Respublikasının Mərkəzi Bankı da bu kimi neqativ hallara ciddi şəkildə nəzarət etməlidir. Vətəndaşların hüquqlarını pozan, xidmət mədəniyyətindən uzaq olan və bank sektorunun nüfuruna kölgə salan belə əməkdaşlara və strukturlara qarşı Mərkəzi Bank tərəfindən təcili və təsirli tədbirlər görülməlidir. Müştəri məmnuniyyətini bəyan edən bir bankın filiallarında yaşanan bu cür bürokratik əngəllər və kobudluq kəskin şəkildə aradan qaldırılmalıdır.

Tunar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi