“Cinlər” İsfahanda qalsa, yaxşıdır - VİDEO
Sosial şəbəkələrdə İranın İsfahan vilayətinin Xomeynişəhr şəhərində keçirilən “Cinlər Karvanı” mərasimindən görüntülər yayılıb.
Görüntüləri izləyənlər öncə bunun qorxu filmi çəkilişi, bəziləri isə yeni fantastik serialın təqdimatı olduğunu düşünüblər. Sonradan məlum olub ki, küçələrdə dolaşan “cinlər” əslində Məhərrəm ayının ənənəvi dini mərasimində iştirak edən insanlardır. Sən demə, uzun illərdir, davam edən bu ənənə bölgənin dini və folklor irsinin bir hissəsi hesab olunurmuş. Mərasim iştirakçıları xüsusi geyimlərlə şəhər küçələrində yürüş edərək Kərbəla hadisələrini simvolik şəkildə canlandırırmışlar. Biz də qorxub elə bildik ki, nağıllardakı divləri, şeytanları oxuya-oxuya axırda fani dünyamıza gətirdik. Hələ iri-iri hərflərlə “Məhərrəm günlərində keçirilən mərasim həm yerli sakinlərin həm də ziyarətçilərin marağına səbəb olur” başlıqları ilə görüntüləri tirajlayırlar. “Marağa” dedikdə, yəqin, səhv salıblar - qorxu dolu gözləri maraq zənn ediblər. Əks halda, buradakı “maraq” sadəcə cinin, Şeytanın insan cildinə girməsi ola bilər.
Sosial şəbəkə istifadəçilərinin rəyləri isə tədbir iştirakçılarından xeyli maraqlı, məntiqli və gülməli olub.
İnsanlar görüntülərə “Cinlər İran diyarında”, “Axşama kimi cinə murdar deyib, lənət oxuyub, sonra isə cin paltarı geyinib yola düşürlər” kimi şərhlər yazıblar. Biz burada islamofob ilə mübarizə aparanda qonşuya “cinlər” gəlibmiş. Bu necə işdir, anlamadım. Adımızı, dinimizi batırmaq üçün əllərindən gələni edib yenə atacaqlar İslamın boynuna... Kimə başa salasan ki, ay insanoğlu, İslam bu deyil. İndi müsəlmanlığa nifrət yaradanlarla mübarizə aparaq, ya özünü “əsl müsəlman” adlandırıb, cahilliyi peşə edənlərlə? Bu karnavala müsbət tərəfdən baxmağı sınadım. Məncə, alınır, burada da savab iş var - onları görən ateistlər belə qorxudan dua edib çevrilib müsəlman olacaqlar. Bəlkə də, məqsədləri budur, biz də yıxıb-sürüyüb günahlarını alırıq. Dərd nə bir, nə də ikidir. Problemin böyüyü budur ki, “cinlər diyarına” baxıb, inanan və alqış tutanlar da var imiş. Bir neçəsinin sosial şəbəkə hesabına daxil oldum. Universitetin adı bir tərəfdə, sertifikatının adı digər yanda yazılıb. Cahilliyə ağlayasan, ya özünü alim bilib cahil olanlara? Hansı ağrılıdır, seçə bilmədim. Görüntülər Kərbəla hadisələrinin simvolik canlandırılması məqsədini daşıyırmış. Belə baxıram, keçmiş budursa...
Şəhanə Qədirli