Çarukyanın seçki platformasında Qarabağla bağlı bənd
Rusiyayönlü siyasətçi olaraq tanınan Qagik Çarukyanın sədrlik etdiyi müxalif Çiçəklənən Ermənistan Partiyası seçkiqabağı platformasını açıqlayıb.
Azia.az axaraz-a istinadən xəbər verir ki, platformada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “xüsusi bənd” də yer alır və mətndə müharibəyə təşviq açıq-aydın hiss olunur.
Çiçəklənən Ermənistan Partiyası mətndə Qarabağı “Artsax” adlandırmaqla faktiki olaraq Azərbaycana qarşı torpaq iddiasını təsdiqləyir.
“Beynəlxalq hüquq və beynəlxalq mexanizmlər çərçivəsində geri qayıtmaq hüququ da daxil olmaqla, ədalətli və davamlı sülhün təmin edilməsi kontekstində Artsax ermənilərinin fundamental hüquqlarının tanınması və qorunmasının ardıcıl şəkildə təşviqi aparılacaq. Artsaxın mənəvi və mədəni irsinin qorunmasına yönəlmiş sistemli addımlar atılacaq”, – platformada bildirilib.
Eyni zamanda, partiya qalib gələcəyi təqdirdə xarici siyasət prioritetlərini də açıqlayıb:
“Rusiya ilə münasibətlər, o cümlədən əhəmiyyətli hərbi-texniki modernləşmə perspektivi strateji xarakter daşıyacaq, Türkiyə və Azərbaycanla isə praqmatik, balanslı münasibətlər inkişaf etdiriləcək”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryanı, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyanı “üçbaşlı müharibə partiyası” adlandırır və onları yeni müharibəni təşviq etməkdə günahlandırır.