Valideyn və müəllimlərə 200 manatlıq CƏZA TƏSDİQLƏNDİ
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Bəs uşaqlara qarşı fiziki və psixoloji zorakılığın inzibati məsuliyyətə cəlb olunması nə dərəcədə effektiv tədbir sayılır?
Sosioloq Üzeyir Şəfiyev Musavat.com-a deyib ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı hüquqi baza yeni deyil. Onun sözlərinə görə, hələ 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda açıq şəkildə göstərilir ki, məişət zorakılığı yalnız bir tərəfə yönəlmiş problem deyil. “Bu baxımdan, zorakılığın kimə qarşı yönəlməsi - qadına, kişiyə və ya uşağa qarşı olması hüquqi baxımdan fərq yaratmır, hər bir hal qanun çərçivəsində qiymətləndirilməlidir. Lakin ictimai və media müzakirələrində əsas vurğu daha çox qadınlara qarşı zorakılıq üzərində cəmlənir. Şübhəsiz ki, qadınlara qarşı zorakılıq ciddi və aktual problemdir və onun qabardılması vacibdir. Ancaq bu yanaşma bəzən digər həssas qrupların, xüsusilə uşaqların və müəyyən hallarda kişilərin üzləşdiyi zorakılıq hallarının kölgədə qalmasına səbəb olur”.

Sosioloq qeyd edib ki, uşaqlara qarşı zorakılıq məsələsi daha mürəkkəb və həssasdır. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri uşaqların öz hüquqlarını müdafiə etmək və ya başlarına gələn zorakılığı açıq şəkildə ifadə etmək imkanlarının məhdud olmasıdır: “Uşaqların səsi çox zaman eşidilmir, çünki institusional və sosial mexanizmlər kifayət qədər güclü deyil. Digər tərəfdən, kişilərə qarşı zorakılıq halları da cəmiyyətdə stereotiplər səbəbindən açıq müzakirə olunmur. Ənənəvi kişi mərkəzli düşüncə tərzi bir çox hallarda kişilərin şikayət etməsini “zəiflik” kimi təqdim edir və nəticədə bu hallar da rəsmi statistikada əksini tapmır. Məhz bu kontekstdə son dəyişiklik uşaqlara qarşı “tərbiyə məqsədilə” fiziki və ya psixoloji zorakılığın inzibati məsuliyyətə cəlb olunması olduqca mühüm addımdır. Bu yanaşma cəmiyyətə aydın mesaj verir ki, heç bir halda zorakılıq tərbiyə vasitəsi kimi qəbul edilə bilməz. Valideyn və ya müəllim olmaq heç kəsə uşağa qarşı fiziki, psixoloji və ya iqtisadi təzyiq göstərmək hüququ vermir”.
Üzeyir Şəfiyev həmçinin vurğulayıb ki, bu məsələdə yalnız qanunun qəbul edilməsi kifayət deyil, əsas məsələ onun praktikada necə tətbiq olunacağıdır:
“Hesab edirəm ki, bu qanunla yanaşı effektiv müşahidə və müdaxilə mexanizmlərinin formalaşdırılmasına ciddi ehtiyac var. Xüsusilə sosial işçilər institutunun gücləndirilməsi vacibdir. Sosial işçilərin sertifikasiya olunması, onların ailələrlə müntəzəm işləməsi və risk qrupuna daxil olan uşaqların vaxtında müəyyən edilməsi bu sahədə mühüm rol oynaya bilər. Əgər sosial işçilər ailələrdə uşaqlara qarşı zorakılıq hallarını vaxtında aşkarlaya və müvafiq qurumlara məlumat verə bilsələr, bu, uşaqlar üçün real müdafiə mexanizminə çevrilər. Belə bir sistem uşaqların “səsini” cəmiyyətə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir”.
Xalidə Gəray