azia.az
azia.az

Nazirliyin tabeliyindəki müəssisədən 82 min manatlıq lüks avtomobil sifarişi

Bu gün, 08:17

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsi öz avtomobil parkını yeniləmək məqsədilə 82.600,00 AZN ehtimal olunan qiymətlə iki ədəd minik avtomobilinin satın alınması üçün tender elan edib.

32gun.az yazır ki, kənd təsərrüfatı və balıqçılıq sektorunda səmərəlilik və qənaət ön planda olmalı olduğu halda, mərkəzin sifariş verdiyi nəqliyyat vasitələrinin texniki göstəriciləri daha çox yüksək komfort və lüks seqmentə xidmət edir.

Satınalma şərtlərinə əsasən, mərkəz 2026-cı il istehsalı olan, 0 km yürüşlü və ən müasir "Plug-in Hybrid" texnologiyalı SUV tipli avtomobillər tələb edir ki, bura panaromatik tavan, 360 dərəcə kamera, dəri salon və elektrikli tənzimlənən oturacaqlar kimi bir sıra bahalı opsiyalar daxildir. Həmçinin, 12 düymlük sensorlu multimedia ekranı, Apple CarPlay dəstəyi və "yaş asfalt" və ya tünd göy kimi xüsusi rəng seçimlərinin tələb edilməsi, xidməti ehtiyacdan çox, fərdi komfortun ön planda tutulması barədə müəyyən suallar yaradır. Sahə işləri və balıqçılıq təsərrüfatlarına nəzarət üçün nəzərdə tutulan xidməti avtomobillərin bu dərəcədə incə detallarla və lüks təchizatla sifariş edilməsi, dövlət vəsaitlərinin istifadəsində funksionallıqdan daha çox estetik görüntüyə üstünlük verildiyini göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur. 

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsin (PHŞ)  direktoru isə Ceyhun Əliyevdir.

Xatırladaq ki, bu ilin fevralında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ xidməti avtomobillərin satın alınması ilə bağlı tender elan etmişdi. Tender çərçivəsində ümumilikdə 500.100,00 AZN məbləğində xidməti nəqliyyat vasitələrinin alınması nəzərdə tutulurdu.  Satınalma bir ədəd 2026-cı il istehsalı olan SUV tipli xidməti avtomobil və beş ədəd pikap tipli (Double Cab) xidməti nəqliyyat vasitəsini əhatə edirdi. 

Ayaz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi