azia.az
azia.az

Təranə Tağızadə: Neyroinkişaf pozuntuları olan pasiyentlərin diaqnostika və reabilitasiyasında multidissiplinar komanda yanaşması olduqca zəruridir

Dünən, 10:30


Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi və Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə “Uşaqlıqdan yetkinliyə neyroinkişaf: diaqnostika və multidissiplinar idarəetmə” mövzusunda növbəti konfrans keçirilib.

Məlhəm Beynəlxalq Hospitalda 100-dən çox mütəxəssisin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə 96 ildir ki, Assosiasiyanın əsas missiyasının pediatriya sahəsində çalışan həkimlərin bilik səviyyəsinin artırılması, yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi, eyni zamanda əhalinin, xüsusilə gənc nəslin tibbi maarifləndirilməsi olduğunu qeyd edib. Alim konfransın əhəmiyyətinə toxunaraq, tədbirin həm tibbi ictimaiyyət, həm də gələcək nəsillərin inkişafı baxımından rolunu vurğulayıb. 

Təranə Tağı-zadə çıxışında nüfuzlu "The Lancet" jurnalının elmi araşdırmalarına istinad edərək mühüm statistikaları diqqətə çatdırıb. Bildirilib ki, dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələrdə təqribən 43% uşaq öz inkişaf potensialına tam çata bilmir. Problemin aktuallığını qeyd edən alim neyroinkişaf pozuntuları yalnız uşaqlıq dövrü ilə məhdudlaşmadığını, insana bütün həyatı boyu təsirini davam etdirərək təhsil keyfiyyətini, sosial adaptasiyasını və gələcək əmək qabiliyyətini ciddi şəkildə azaltdığını deyib. 

Məruzəçi beynəlxalq rəsmi mənbələr tərəfindən müəyyən edilmiş risk amillərindən bəhs edərək bildirib ki, neyroinkişaf əlilliyi olan uşaqların sayının artmasına bir neçə əsas səbəb təsir göstərir. ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatlarına əsasən, burada genetik və epigenetik amillər həlledici rol oynayır. Daun sindromu, Rett, Fragile X və SCN2A kimi genetik mutasiyalarla yanaşı, xarici mühitin yaratdığı stress, toksinlər və qeyri-sağlam qidalanma kimi epigenetik dəyişikliklər də inkişafa birbaşa təsir edir. 

Bundan əlavə, ÜST və "Lancet"in Çirklənmə və Sağlamlıq üzrə Komissiyasının hesabatlarına görə, ətraf mühitin təsiri, xüsusilə havanın PM2.5 hissəcikləri, qurğuşun, civə və s. çirklənməsi autizm və koqnitiv geriləmə ilə birbaşa əlaqəlidir. Eyni zamanda, kənd təsərrüfatında istifadə olunan bəzi pestisidlərin inkişaf ləngiməsi riskini artırdığı sübuta yetirilib.
 Ölkəmizdəki mövcud durumu təhlil edən Təranə Tağı-zadə CDC-nin neyroinkişaf nəticələri üzrə məlumatlarını əsas gətirərək vurğulayıb ki, Azərbaycanda uşaq əlilliyində nevroloji səbəblər təxminən 30-40% göstərici ilə paya malikdir. Təəssüf ki, regionlar arasında xidmət bərabərsizliyi və diaqnostikanın orta hesabla 4-5 yaşlarında, yəni gecikmiş şəkildə qoyulması əsas problemlərdən biri olaraq qalır. Erkən doğuş, aşağı çəki ilə doğulma və hamiləlik zamanı keçirilən sitomeqalovirus, məxmərək, toksoplazmoz kimi infeksiyaların neyroinkişaf pozuntuları, o cümlədən uşaq serebral iflici və DƏHP riskini artırdığını nəzərə alaraq, preventiv tədbirlərin gücləndirilməsi vacibdir. 

Təranə Tağı-zadə qeyd edib ki, neyroinkişaf pozuntuları olan pasiyentlərin diaqnostika və reabilitasiyasında multidissiplinar komanda yanaşması olduqca zəruridir və erkən müdaxilə sayəsində klinik nəticələrin təxminən 50%-ə qədər yaxşılaşması ilə assosiasiya oluna bilər. Xüsusilə ilkin tibbi müayinədə pediatrın rolu həlledicidir. Məhz o, ilkin skrininq və klinik qiymətləndirmə əsasında nevroloq, psixiatr və psixoloqla yanaşı əlavə mütəxəssislərə - hematoloq, endokrinoloq və ya kardioloqa yönləndirmə zərurətini müəyyən edir.

Pediatr əlavə edib ki, kompleks və fərdiləşdirilmiş yanaşma diaqnostik dəqiqliyi artırır, komorbid vəziyyətlərin vaxtında aşkarlanmasını təmin edir və reabilitasiya strategiyalarının effektivliyini yüksəldir. Pasiyentin uşaqlıq dövründən yeniyetməlik mərhələsinədək fasiləsiz müşahidəsi və idarə olunması uzunmüddətli funksional nəticələr üçün əsas şərtdir. Bununla yanaşı, pediatrik xidmətdən böyüklərin xidmətinə keçidin düzgün təşkil olunması, tibbi sənədləşmənin və xəstəliklərin beynəlxalq təsnifatı üzrə (məsələn, ICD kodlaşdırılması) adekvat kodlaşdırmanın aparılması davamlı tibbi nəzarət, terapevtik və sosial reabilitasiya tədbirlərinin planlaşdırılması üçün vacibdir. 

Yekunda alim, müalicə-müayinə prosesində inkişafın sadalananlarla yanaşı, həm də etik dəyərlərlə ölçüldüyünü qeyd edib. O, hər bir həkimin fəaliyyətində bioetikanın muxtariyyət, faydalılıq, zərər verməmək və ədalət kimi prinsipləri rəhbər tutmasının vacibliyini xatırladıb. 

Konfransda ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosentləri, tibb üzrə fəlsəfə doktorları - Ülviyyə Hacıyeva “Neyroinkişaf pozuntusu olan uşaqlarda öskürəklə müşayiət olunan xəstəliklərin diaqnostikasında çətinliklər”, Fəxriyyə Məmmədova “Pediatrik kardiologiya baxımından neyroinkişaf pozulmaları: əlaqə varmı?”, Lalə Hidayətova “Neyroinkişaf pozulmaları olan uşaqlarda qastrointestinal problemlər: bağırsaq-beyin oxunun rolu”, TƏBİB-in nümayəndəsi, Sumqayıt Tibb Mərkəzinin dorektoru, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov “Transkater yolla ASD bağlanması”, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin professoru Mirəldar Babayev “Qan xərçəngi – leykemiya: uğura aparan diaqnostika və müalicə yolları” və Theraplay Psixologiya və Nitq İnkişaf Mərkəzinin təsisçisi, klinik psixoloq Rufina Paşayeva “Neyroinkişaf pozuntuları olan uşaqlarda davranış çətinliklərinin psixoloji idarə olunması və valideyn yönləndirilməsi” mövzularında məruzələr təqdim ediblər. Məruzələrdə neyroinkişaf pozuntularının fərqli klinik aspektləri, xəstəliklərin diaqnostika və müalicəsində tətbiq edilən innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.

Elmi məruzələrlə davam edən konfransda uşaq nevrologiyasında nadir xəstəliklər, uşaqlarda nitq inkişafinın ləngiməsi və erken reabilitasiyanın əhəmiyyəti, neyroinkişaf geriliyi olan uşaqlarda piylənmə və metabolik risklər, neyroinkişaf pozuntuları və digər yanaşi xəstəliklərin müalicəsinə multimodal yanaşmadan bəhs edən məruzələr səsləndirilib.

Konfransda neyroinkişaf pozuntuları olan uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Balaca istedadların valideynlərinin də iştirak etdiyi tədbirdə vurğulanıb ki, bu kimi xəstəliklərin müalicə və reabilitasiya prosesində həkim-valideyn həmrəyliyi uşağın inkişaf potensialını reallığa çevirən ən üstün vasitədir. 

Səhiyyə Nazirliyi tərəfindən 8 DTT balı ilə qiymətləndirilən konfransda müvafiq ixtisas sahələri üzrə mütəxəssislərə beynəlxalq protokollara əsaslanan ən son elmi yeniliklər çatdırılıb və sertifikatlar təqdim edilib.

 Təşkilat komitəsi tədbirin keçirilməsinə hərtərəfli şərait yaradan Məlhəm Beynəlxalq Hospitalın İcraçı direktoru Sevda Əlizadəyə minnətdarlığını bildirib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi