Bakıda gizlədilən “bombalar” – Tapşırıq verilib, xüsusi komissiya…
Bakıda və Abşeronda təhlükəli ərazilərdə tikilən evlər ciddi narahatlıq doğurur. Xüsusilə sənaye zonalarında, neft-qaz quyuları və palçıq vulkanlarına yaxın yerlərdə yaşayışların salınması riskləri artırır. Çünki qaz sızmaları nəticəsində dəfələrlə faciələr baş verib, insanlar həyatını itirib. Mütəxəssislər bu cür evləri “gec partlayan bomba” kimi qiymətləndirirlər.
Sözügedən məsələ ilə bağlı dövlət komissiyası yaradıla bilərmi? Bu cür təhlükəli ərazilərdə tikilən evlərin siyahılaşdırılması, invertarizasiya edilməsi mümkündür?
Azia.az xəbər verir ki, globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, bu məsələ kifayət qədər ciddi və aktual problemdir:
“Mövcud təkliflər sırasında dövlət komissiyasının yaradılması, eləcə də təhlükəli ərazilərdə tikilmiş evlərin inventarlaşdırılması ilə bağlı təşəbbüslər yer alır. Prezidentin müvafiq sərəncamına əsasən, bələdiyyə və qeyri-bələdiyyə torpaqlarında, dövlət mülkiyyətində olan ərazilərdə, eləcə də mühüm kommunikasiyalar üzərində tikilmiş evlərin siyahıya alınması nəzərdə tutulub. Bununla yanaşı, sənədsiz tikililərin qeydiyyata alınması üçün xüsusi sorğu blankları hazırlanıb və həmin sorğular əsasında tikililərin taleyinin müəyyənləşdirilməsi tapşırılıb. Yəni hansı evlərin saxlanılmasına icazə veriləcəyi, hansılarının söküləcəyi və söküntü zamanı vətəndaşlara kompensasiya və təminatların təqdim olunacağı müəyyən edilməli idi. Lakin bu proses hələ də tam həyata keçirilməyib. Bələdiyyələr bəzi ərazilərdə sorğular aparsa da, bir çox hallarda işlər yarımçıq qalıb. Nəticədə, bu günə qədər qanunsuz tikililərlə bağlı dövlət qurumları qarşısında qoyulan tələblər və öhdəliklər tam icra olunmayıb”.
Ekspert bildirib ki, xüsusilə Bakı və Abşeron ərazisində bu cür tikililər geniş yayılıb:
“Məsələn, Binəqədi ərazisində, o cümlədən palçıq vulkanlarına yaxın zonalarda evlərin inşası ciddi risklər yaradır. Bəzi hallarda tikililər təhlükəli əraziləri tam əhatə edəcək şəkildə salınıb ki, bu da potensial fəlakət riskini artırır. Mövcud vəziyyət göstərir ki, nəzarət mexanizmləri yetərli səviyyədə işləməyib və bu proseslərə vaxtında müdaxilə olunmayıb. Bu səbəbdən məsələnin operativ və sistemli şəkildə həlli vacibdir”.
İlqar Hüseynlinin sözlərinə görə, mümkün köçürülmə prosesində sosial amillər nəzərə alınmalıdır:
“Həmin ərazilərdə yaşayan vətəndaşlara alternativ mənzil təminatı yaradılmalı, eləcə də tikililərin böyük hissəsinin sənədsiz olmasına baxmayaraq, müəyyən kompensasiya və sosial təminat mexanizmləri tətbiq edilməlidir. Bu, həm sosial ədalətin qorunması, həm də problemin effektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, 2010–2012-ci illərdə SOCAR-ın balansında olan neft ərazilərində tikilmiş evlərin kütləvi söküntüsü aparılırdı. Həmin dövrdə SOCAR-ın o vaxtkı prezidenti Rövnəq Abdullayev mediaya açıqlamasında bildirmişdi ki, evlərin sökülməsi qanunla əsaslandırılır və bu addımlar insanların təhlükəli şəraitdə yaşamasının qarşısını almaq məqsədi daşıyır.