azia.az
azia.az

Akademik İsa Həbibbəyli amerikalı mütəxəssislərlə görüşüb

Dünən, 17:00

ABŞ Dövlət Departamentinin qlobal səhiyyə təhlükəsizliyi sahəsində aparıcı yardım proqramı olan STRİDES layihəsinin direktoru Bekka Prays, “Black & Veatch” şirkətinin Beynəlxalq İnkişaf üzrə direktoru Kyle Huston, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Stiven Beknell, CDC-in icraçı direktor müavini Coel Stanoeviç və baş texniki müşavir Lia Gvinjiliyadan ibarət nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətində olublar.

AMEA-ın prezidenti akademik İsa Həbibbəyli qonaqlarla görüş zamanı Akademiyanın ölkəmizdə elmin inkişafındakı rolundan, müasir dövrün çağırışlarına uyğun olaraq aparılan tədqiqatlardan və beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edib, xüsusilə son dövrlərdə süni intellektə dair araşdırmaların diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Həmçinin son illərdə AMEA-ın beynəlxalq elmi müstəvidə əməkdaşlıq əlaqələrinin genişləndiyini, Akademiyanın dünya elmində söz sahibi olan akademik təşkilatların tamhüquqlu üzvü seçildiyini bildirib.

ABŞ nümayəndə heyətinə daxil olan mütəxəssislərin apardıqları tədqiqatların son dövrlərdə dünyanı bürümüş pandemiyalar fonunda xüsusi aktuallıq kəsb etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu məsələləri diqqətdə saxladığını, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi müəssisələrdə bu istiqamətdə mühüm tədqiqatlar aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli ötən il bölmənin mütəxəssisləri tərəfindən bioloji proseslərin molekulyar-genetik əsasları, genom, kompüter biologiyası, süni intellektin biologiya və təbabətdə tətbiqi, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətində mühüm tədqiqatların aparıldığını və əldə olunmuş nəticələrin nüfuzlu jurnallarda işıq üzü gördüyünü bildirib.

AMEA rəhbəri amerikalı mütəxəssislərlə birgə layihələrin perspektivdə yüksək nəticələr verəcəyini söyləyib.

Daha sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub. 

Qonaqlar sonda AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Qeyd edək ki, nümayəndə heyətini ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları – İqtisadiyyat şöbəsinin rəis müavini Alexander Ryan, kommersiya üzrə mütəxəssis Gövhər Məmmədova və tərcüməçi Aygün Rəhimova müşayiət ediblər.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva, sözügedən Bölmənin və şöbənin əməkdaşları iştirak ediblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi