azia.az
azia.az

Başqasının torpağını “TikTok” vasitəsi ilə sataraq dələduzluq etməkdə ittiham olunan şəxsə bəraət verildi

2-03-2026, 09:01

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tağı Yusiflinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilməyib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Tağı Yusifli barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad olunub.

 

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edib. O, zərərçəkmişə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, guya özünə məxsus torpaq sahəsini həmin ərazidə yerləşən fərdi yaşayış evi ilə birlikdə satacağına dair yalandan vəd verərək onu aldadıb.

 

İttihama görə, bu məqsədlə Tağı Yusifli 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində D.D.-dən 5000 manat məbləğində pul alıb. Bundan əlavə, 07 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə daha 3000 manat vəsait əldə edib.

 

Araşdırmalarla müəyyən edilib ki, 2024-cü ilin mart ayında Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən və təqsirləndirilən şəxsin işlədiyi ofisdə zərərçəkmişdən əlavə olaraq 2350 manat alınıb. Həmçinin 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə aylıq 1000 manat olmaqla hissə-hissə ödənişlər həyata keçirilib. Həmin vəsaitin sonuncu hissəsi Abşeron rayonu, Nübar qəsəbəsi, Qobu yolunda yerləşən “Yurd” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərilib.

 

Beləliklə, Tağı Yusifli ümumilikdə 15 350 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib. Lakin verdiyi vədə əməl etməyərək qeyd olunan torpaq sahəsini və evi sosial şəbəkə platforması olan “TikTok” üzərindən yerləşdirdiyi elan vasitəsilə başqa şəxsə satıb. Nəticədə zərərçəkmiş şəxsə 15 350 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurulub.

 

Hadisədən sonra Tağı Yusifli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilməsi və əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi qərara alınmışdı. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Tağı Yusifliyə həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi