azia.az
azia.az

“Ömürlərinin sonuna qədər həbsxanada...” - Müxalifətdən tələb

5-02-2026, 09:56

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə, eləcə də müharibə qanunlarını kobud şəkildə pozan əməllərdə ittiham olunan separatçı rejimin keçmiş rəhbərləri və silahlı birləşmələrin üzvləri ilə bağlı Bakıda bir ildən artıqdır davam edən məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Yaxın günlərdə təqsirləndirilən şəxslərə məhkəmənin hökm elan edəcəyi gözlənilir.

Azərbaycan cəmiyyəti Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər həyata keçirmiş bu canilərə ən ağır cəza verilməsini istəyir.

Son söz ədalət məhkəməsinindir

AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, mühakimə olunan şəxslər özləri də Azərbaycan dövlətinə və xalqına qarşı cinayət əməllərinin bir qismini açıq məhkəmə istintaqı zamanı etiraf ediblər. Onların cinayət əməlləri sübuta yetirilib:

“Bu cinayət əməlləri adi cinayət əməlləri deyil, bunlar bütövlükdə insanlığa qarşı cinayət əməlləri törədiblər. Təəssüflər olsun ki, biz bəzi beynəlxalq təşkilatların və Fransa kimi dövlətlərin yenə də məsələyə fərqli yanaşmasına şahidlik edirik. Onlar insanlıq əleyhinə cinayət törətmiş, cinayətlərini özləri etiraf etmiş şəxslərin azad edilməsi çağırışlar edirlər. Fransa Milli Assambleyasının bu gün qəbul etdiyi sənəd faktiki olaraq müharibə cinayəti törətmiş caniləri müdafiə etməkdir. Azərbaycan təbii ki, Fransa parlamentinin qəbul etdiyi sənədi rədd edir. Azərbaycan qanunvericiliyi kifayət qədər humanist olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırılmış qanunvericilikdir. Bu qanunvericiliyə görə, 65 yaşdan yuxarı şəxslərə ömürlük cəza vermə olmur. Yəqin ki, hazırda mühakimə olunan ermənilərin sırasında yaşı 65-dən yuxarı olanlar var. Varsa onlara ömürlük cəza vermək mümkün olmayacaq. Ölüm cəzası isə ləğv olunub. Ona görə də onlara törətdikləri əməllərə müvafiq olaraq 13-20 il azadlıqdan məhrum etmək barədə məhkəmə hökmü yəqin ki, olacaq. Yaşı 65-dən aşağı olan və cinayətləri sübuta yetirilən digərlərinə qarşı isə ən ağır cəza verilməlidir. Bu, ilahi ədalətin təntənəsidir. Onların heç birini əfv eləmək olmaz. Onların gələcəkdə Ermənistana verilməsinin əleyhinəyəm”.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə bildirib ki, Qarabağ separatçılarına törətdikləri cinayətə görə cəzalarını almalıdır:

“Onlar dövlətimizin, xalqımızın əleyhinə, insanlıq əleyhinə cinayət törədiblər. Əməlləri sübuta yetirilib. Qanunun tələb etdiyi kimi onlara ən ağır cəzanın verilməsinin tərəfdarıyam. Hər kəs törətdiyi cinayətin müqabilində cəzasını almalıdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, bu canilərin cinayət əməlləri onlara ən ağır cəza kəsilməsini şərtləndirir:

“İttiham olunduqları cinayət maddələri də onlara ən ağır cəzanın verilməsini labüd edir. İnsanlıq əleyhinə cinayətlər törətmiş əliqanlı qatillərə rəhm edilməməlidir. Hər birinin ömürlük məhkum olunmasını istəyirəm. Onlar məhkum olunduqdan sonra heç bir halda Ermənistana verilməməlidir. Azərbaycan həbsxanalarında çürüməlidirlər. Öləndə isə meyitləri bilinməyən bir yerdə quyulanmalıdır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, sözügedən şəxslərə ömürlük həbs cəzası verilməlidir:

“Onların cinayətləri tamamilə sübuta yetirilib. Özləri tərəfindən də cinayətləri etiraf olunub. Prokuror da bu canilərə törətdikləri cinayətlərə uyğun cəzalar verilməsini tələb edib. Bunlar üçün zərrə qədər yumşaldıcı hal yoxdur. Obyektiv məhkəmə istintaqı gedib və heç kimin buna zərrə qədər başqa fikir irəli sürməsinə əsas yoxdur”.

Xatırladaq ki, Ermənistan Respublikasının vətəndaşları Harutyunyan Arayik, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Manukyan David, Babayan David, Mnatsakanyan Levon, Beqlaryan Vasili, Qazaryan Erik, Allahverdiyan Davit, Stepanyan Qurgen, Balayan Levon, Babayan Madat, Martirosyan Qarik və Paşayan Melikset Bakıda məhkəməsi ötən ilin yanvarında başlayıb.

Etibar Seyidağa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi