20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib +FOTO=53
Yanvarın 19-da “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı “Əbədi and yeri” adlı anım tədbiri keçirilib.
“İRƏLİ” İctimai Birliyindən AZpress.AZ-a bildiriblər ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Milli Müdafiə Universitetinin kursantları, gənclər, QHT nümayəndələri və digər rəsmilər iştirak ediblər.
Fotomüxbir, jurnanlist Rasim Sadıxovun 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Bakı və onun ətraf rayonlarında baş vermiş hadisələri tarixi yaddaşına köçürən fotoları tədbir iştirakçılarına nümayiş etdirilib. Rasim Sadıxov müəllifi olduğu fotolarla bağlı maraqlı nüansları gənclərin diqqətinə çatdırıb.
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu, şəhidlərin xatirəsinin daim uca tutulmasının və gənc nəslin bu tarixi unutmamasının vacibliyini bildirdi. Qeyd etdi ki, həmin gecə dinc əhaliyə qarşı törədilən qətliam xalqımızın iradəsini sındıra bilmədi, əksinə milli birliyi daha da gücləndirdi.
Tədbir bədii hissə ilə davam edib.
Bakı İctimi Xoru və gənc musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnılarımız, eləcə də görkəmli Azərbaycan bəstəkarlarının müxtəlif əsərləri ifa edilib.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi mütəmadi olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində bənzər layihə və tədbirlər həyata keçirir. Bu cür tədbirlərin təşkilində əsas məqsəd gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, tarixi yaddaşın qorunması, vətənə bağlılıq hissinin gücləndirilməsi və şəhidlərin əziz xatirəsinin gələcək nəsillərə aşılanmasıdır.