ABŞ-ın Konnektikut ştatında yaşayan Kassandra Medison təsadüf nəticəsində həyatının ən böyük şokunu yaşayıb. Onun hekayəsi yalnız filmlərdə rast gəlinən hadisələri xatırladır.Qaynarinfo xəbər verir ki, Kassandra Medison Konnektikutun kiçik bir şəhərində övladlığa götürüldüyünü bilərək böyüyüb. O, "The Guardian” nəşrinə açıqlamasında valideynlərinin ona Dominikan Respublikasından övladlığa götürüldüyünü söylədiklərini bildirib. Kassandra deyib ki, bioloji valideynləri onu yoxsulluq səbəbindən övladlığa veriblər.
Qısa müddətdə yaxınlaşdılar
2013-cü ildə, Kassandra 24 yaşında olarkən Nyu-Heyvendə bir restoranda işləyirmiş. Günlərin birində iş yoldaşı Culiya onun qolundakı Dominikan Respublikası bayrağı döyməsini görüb, özünün də həmin ölkədən olduğunu deyib. Kassandra övladlığa götürüldüyünü söyləyəndə isə Culiya "Mən də” cavabını verib.
Culiya Kassandradan cəmi 17 ay kiçikdir. Yaşlarının yaxın olması onların tez bir zamanda dostlaşmasına səbəb olub. Kassandra xatırladıb ki, iş yoldaşları onları bir-birinə çox oxşadırmış və onlar da zarafatla "Bəli, çünki bacıyıq” deyə cavab verirmişlər.
Sənədlər bacı olmadıqlarını göstərdi
Bir müddət sonra iki gənc qadın bu zarafatın arxasında həqiqət olub-olmadığını öyrənmək qərarına gəlib və övladlığa götürülmə sənədlərini müqayisə ediblər. Sənədlərə əsasən, onların bioloji anaları və doğulduqları yerlər fərqli olub. Bu nəticə hər ikisində məyusluq yaradıb. Altı ay birlikdə işlədikdən sonra yolları ayrılsa da, əlaqəni heç vaxt kəsməyiblər.
DNA testi ilə ikinci dərəcəli qohum tapıldı
Kassandranın daxilində həmişə bioloji ailəsini tapmaq istəyi olub. Buna görə də anası 2018-ci il Milad bayramında ona evdə edilən DNT testi hədiyyə edib. Test nəticələri üç həftə sonra gəlib və məlum olub ki, Kassandranın Konnektikutda bir qohumu var.
O, həmin şəxsin profilində "Dominikan Respublikasından övladlığa götürülmüsünüzsə, ailənizi tapmağa kömək edə bilərəm” yazısını görüb və dərhal əlaqə saxlayıb. Qohumu bildirib ki, onların anaları əslində əmioğlu-qızıdır və çox yaxın olublar. Lakin Kassandranın anası vəfat edib, atası isə sağdır və onun yeddi bacı-qardaşı var.
Göz yaşları sel oldu
Xəbər tez yayılıb və Kassandra yeni qohumları ilə "Facebook” vasitəsilə əlaqə qurub. İspan dilini bilmədiyi üçün dostlarından biri ona tərcüməçilik edib. Kassandra deyib ki, bacıları ilə videomüzakirələr zamanı sanki güzgüyə baxırmış kimi hiss edib. Bir neçə gün sonra atası ilə də danışıb və hər ikisi göz yaşlarını saxlaya bilməyib. Atası ona "Həmişə səni düşünmüşəm. Ananı tanımanı istərdim” deyib.
2019-cu ilin martında Kassandra Dominikan Respublikasına səfər edib. O, bu səfəri qorxu, həyəcan və streslə xatırlasa da, ailəsinin onu böyük sevgi ilə qarşıladığını deyib.
Yeni mesaj: Bacı ola bilərik
Bir il sonra Kassandra Mollidən mesaj alıb. Molli də Dominikan Respublikasından övladlığa götürüldüyünü və doğum sənədlərində bioloji analarının adının eyni olduğunu yazıb. DNT testi onların bacı olmadığını göstərsə də, bu hadisə Kassandranın köhnə şübhələrini yenidən oyadıb.
Bir videogörüş zamanı Kassandra atasından başqa bir qızını da övladlığa verib-vermədiyini soruşub və atasının bu sualın qarşısında donub qaldığını xatırlayıb. Qısa müddətdə başa düşüb ki, atasının təsvir etdiyi qız məhz Culiyadır.
DNT nəticəsi hər şeyi üzə çıxardı
Nəhayət, Kassandra Culiyanı da DNT testi etdirməyə razı salıb. Nəticələr gəldikdən sonra Culiya ona telefonla "Hazırsanmı? Biz bacıyıq” deyib. İki həftə sonra bacılar görüşüblər. Kassandra həmin anı "Artıq dost kimi yox, bacı kimi görüşürük” sözləri ilə təsvir edib.
Onun fikrincə, doğum sənədləri qarışdırılıb və ehtimal ki, Culiya ilə Mollinin sənədləri səhv düşüb.
Məsafə onlara mane olmur
2022-ci ilin oktyabrında iki bacı birlikdə Dominikan Respublikasına gedib və Culiya ailə üzvləri ilə tanış olub. Hava limanında qohumlar onları üzərində Kassandra və Culiyanın şəkilləri olan köynəklərlə qarşılayıblar.
Kassandra deyib ki, həmişə ailəsini tapmaq istəsə də, bunu məhz bu cür edəcəyini heç vaxt təsəvvür etməyib. Hazırda Culiya Kaliforniyada, Kassandra isə Virciniyada yaşayır. Aralarında təxminən 4 min kilometr məsafə olsa da, daim videobağlantı ilə əlaqə saxlayırlar. Kassandra sözlərini belə yekunlaşdırıb: "Bəzən düşünürəm ki, Culiya ilə tanış olmasaydıq nə olardı? Ailəmı yəqin ki, yenə tapardım, amma Culiya ilə görüşə bilərdimmi, bunu bilmirəm. Hələ də baş verənlərin gerçək olduğuna inana bilmirəm”.
Aydın