azia.az
azia.az

Azərbaycanda donuzlar azalıb - Ən çox hansı rayonlarda saxlanılır...

Bu gün, 20:15

Heyvandarlığın ən marginal sahələrindən sayılan donuzçuluq Azərbaycanda ildən-ilə zəifləyir. Statistik məlumatlar göstərir ki, bu sahə ölkə üzrə bir neçə rayonla məhdudlaşır. Bəzi bölgələrdə isə tamamilə yoxa çıxıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən,  2025-ci ilin ilk 9 ayında ölkə üzrə donuzların sayı 3167 baş olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 712 baş az deməkdir. Bir il ərzində ölkə üzrə donuzların sayı təxminən 18,4 faiz azalıb.

Donuzların ən çox olduğu bölgələr

Donuzların çoxluq təşkil etdiyi bölgələr içərisində Şəki–Zaqatala iqtisadi rayonu liderdir. Bu iqtisadi rayonda ümumilikdə  2423 baş donuz var. Bu iqtisadi rayon ölkə üzrə donuzların təxminən 76,5 faizinə sahibdir. Yəni Azərbaycanda olan hər dörd donuzdan üçü məhz bu bölgədədir.

Şəki-Zaqatala iqtisadi rayonununa daxil olan bölgələr içərisində ən çox donuz Qax rayonun payına düşür. Belə ki, burada 1684 donuz var. Bu rəqəm Qəbələdə 740, Oğuzda isə 65-dir. Balakən, Şəki və Zaqatalada isə bu göstəricilər sıfıra bərabərdir.Ümumilikdə götürdükdə bu bölgədə donuzların sayı 2024-cü ilin eyni rübü ilə müqayisədə 3,4 faiz azalıb.

Ən çox azalma isə Paytaxtın payına düşür. Bakıda bu il 413 baş donuz Statistika Komitəsi tərəfindən qeydiyyata alınıb. Eyni rəqəm 2024-cü ildə 680 idi. Bu da onu göstərir ki, Bakıda donuzların sayı 39,3 faiz azalıb.

Donuzçuluğun artım müşahidə olunduğu iqtisadi rayonlar Şərqi Zəngəzur və Dağlıq Şirvandır.

Şərqi Zəngəzurda donuzların sayı 96 faiz artıb. Belə ki, ötən il həmin bölgədə donuzların sayı 50 idisə, hazırda bu rəqəm 98-dir. Qeyd edək ki, bu iqtisadi rayonda bütün donuzlar Kəlbəcər rayonun payına düşür.

Dağlıq Şirvanda isə hazırda 222 donuz olduğu bildirilir, bu rəqəm ötən ilin eyni dövründə 204 idi. İqtisadi rayona daxil olan Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda bütün donuzların saxlanıldığı bölgə İsmayıllıdır.

Rayonlar üzrə kəskin fərqlər:

Rayon səviyyəsində ən yüksək göstərici yenə Qax rayonuna məxsusdur. Qaxda 1661, Qəbələdə  670, Bakıda isə 413 baş donuz var. Bu üç inzibati vahid birlikdə ölkə üzrə donuzların təxminən 86 faizini təşkil edir.

Ən az donuz olan bölgələr:

2025-ci ilin yanvar–sentyabrında donuzların sayının ən aşağı olduğu ərazilər bunlardır:

Gəncə şəhəri – 2024-də 29 baş olduğu halda, 2025-ci ildə ölkənin ən böyük üçüncü şəhərində donuzlar “yoxa çıxıb”. Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan digər bölgələrdə isə sadəcə Goranboy rayonunda donuzçuluq sahəsi ilə məşğul olurlar. Bu ərazidə ötən il 40, bu il isə 41 baş donuz olub.

Şabran rayonunda donuzların sayı ötən illə eynidir. Belə ki, 2024-cü və 2025-ci illərdə bu bölgədə 7 baş donuz qeydə alınıb. Şabran rayonun daxil olduğu Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən rayonu üzrə donuzların sayı bu il 22, ötən il isə 25 olub. Bu iqtisadi rayona daxil digər bölgələrdə isə donuz yoxdur.

Abşeron - Xızı iqtisadi rayonunda isə donuzların sayı ötən il 20 olduğu halda, bu il azalaraq 18-ə düşüb. Bu iqtisadi rayona daxil olan Sumqayıt, Abşeron və Xızı üzrə aparılan müşahidələr göstərir ki, donuzçuluq təsərrüfatları yalnız Xızı rayonunda mövcuddur, digər ərazilərdə isə bu fəaliyyət növü qeydə alınmayıb.

Qazax-Tovuz iqtisadi rayonunda da donuzların sayında azalma müşahidə olunur. 2025-ci ilin son rəqəmlərinə əsasən bu bölgədə 74 baş, 2025-cü ildə isə 85 baş donuz olub. Donuzların hər biri iqtisadi rayona daxil olan Gədəbəy ərazisində saxlanılır.

Naxçıvan Muxtar Respublikası:

Naxçıvanda 2024-cü ilin 9 ayında 250 baş, 2025-ci ildə isə heç bir donuz qeydə alınmayıb.

Qeyd edək ki, ötən il Naxçıvanda Komitə tərəfindən statistikaya salınan bütün donuzlar Babək rayonunun payına düşüb.

Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, ,Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında da donuzçuluq sahəsi faktiki olaraq mövcud deyil.



Arifə Kərimzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi