“Kapital Bank” ATM-lərindən 1 faiz komissiya tutulması yalnız bu şəxslərə aid ediləcək - RƏSMİ
“Birbank” istifadəçilərinə göndərilən bildirişdə 27 noyabrdan etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya tətbiq ediləcəyi açıqlanıb. Bu qərar sosial şəbəkələrdə narazılığa səbəb olub.
İstifadəçilər hesab edirlər ki, bankın öz müştərisindən, həm də özünə məxsus ATM-lərdən pul çıxarmağa görə, komissiya tutması düzgün deyil.
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab verən “Kapital Bank” bildirib ki, komissiyasız aylıq nağdlaşdırma və köçürmə limiti müştərilərin maliyyə davranışına əsasən fərdi qaydada müəyyən olunur. Bankdan qeyd edilib:
“27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında “Birbank”a məxsus bankomatlardan nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin “Birbank” kartlarından şəxsi vəsaitinizi “Birbank” (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.
Müşviq Tofiqoğlu