Pul idarə edərkən etdiyimiz 7 əsas səhv - SƏHƏR OXUSU
Pul qazanmaq çətindir, amma onu düzgün idarə etmək daha çətindir. Kiçik xərclər, kredit kartları, plansız alışlar və qənaət çatışmazlığı - bütün bunlar birləşəndə insanın maliyyə sabitliyini sarsıdır. Bu səhvlərin çoxu vərdiş halını alıb və uzunmüddətli borc, stress və maliyyə qeyri-sabitliyinə gətirib çıxarır.
Valyuta.az ən çox rast gəlinən 7 səhvi və onların qarşısını almağın yollarını açıqlayıb.
1. Lazımsız xərclər
Hər gün “kiçik” görünən xərclər illik büdcəni sarsıdır. Məsələn, həftədə cəmi 25 manat kafeyə və ya hazır yeməyə xərcləsəniz, bu illik 1300 manat edir. Əgər bu xərclər planlı deyilsə, borcu azaltmaq və ya qənaət etmək əvəzinə, pul sadəcə “axıb gedir”.
Həll: Büdcə tərtib edin və “xoşbəxtlik xərcləri”ni əvvəlcədən planlayın.
2. Təkrarlanan ödənişlər
Netflix, Spotify, idman zalı, bulud yaddaş, tətbiqlər... Bir çox insan aylarla, hətta illərlə istifadə etmədiyi xidmətlərə pul ödəyir.
Həll: Hər üç ayda bir abunə və xidmət siyahınızı yoxlayın, istifadə etmədiklərinizi dayandırın.
3. Kredit kartına həddindən artıq xərcləmək
Kredit kartı rahatdır, lakin alınan hər məhsulu real qiymətindən daha baha edir.
Həll: Kredit kartından yalnız vaxtında ödəyə biləcəyiniz xərclər üçün istifadə edin.
4. Bahalı avtomobil almaq
Avtomobil kreditlə alınırsa, siz həm də dəyəri düşən əşyaya faiz ödəyirsiniz. Böyük maşın, baha sığorta və yanacaq xərcləri uzunmüddətli yük yaradır.
Həll: Real ehtiyacınıza uyğun, az yanacaq sərf edən, sığortası ucuz avtomobil seçin.
5. Evə həddindən artıq pul xərcləmək
Böyük ev gözəldir, amma onunla gələn vergi, təmir və kommunal xərclər büdcəni sıxır.
Həll: Ekspertlər “28/36 qaydasını” xatırladır - aylıq gəlirinizin 28%-dən çoxunu ev xərclərinə, 36%-dən çoxunu isə ümumi borclara yönəltməyin.
6. Qənaətin olmaması
Bir çox ailə maaşdan-maaaşa yaşayır və bir aylıq kəsir onları böhrana salır.
Həll: 3 aylıq xərclərinizi qarşılayacaq “təcili fond” yaradın və ona mütəmadi vəsait əlavə edin.
7. Maliyyə planının olmaması
İnsanlar çox vaxt saatlarla sosial şəbəkələrdə vaxt keçirir, amma büdcəsinə 15 dəqiqə ayırmır.
Həll: Hər ay gəlir və xərcləri təhlil edin, illik məqsədlərinizi yazılı şəkildə müəyyənləşdirin. Maliyyə planı gələcəyin istiqamət xəritəsidir.