Sevgilisini xalasıoğlu adı ilə evə gətirdi, gecə hamını yuxuya verib... – İnanılmaz olay
Ağdərə rayonu, İmarətqərvənd kəndində anadan olmuş 1987-ci il təvəllüdlü Vəli Babayev qısqanclıq zəminində arvadı Səmanı (adlar şərtidir – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Kəlbəcər rayon 123 saylı tam orta məktəbin müəllimi Vəli arvadı Səmanın ona xəyanət etməsindən şübhələnib.
2021-ci il martın sonlarında Samux rayonu, Qarabağlar kəndindəki evində olarkən Səmanın mobil telefonla danışdığını görüb və kiminlə danışdığını öyrənmək üçün dərhal telefonu əlindən alıb.
Xəyanəti sübut etmək üçün gözlədi
Vəli telefona baxdıqda Səmanın vatsap hesabında “Könül” adı ilə qeydə aldığı şəxsin profil şəklində 2021-ci ilin mart ayının 19-da bacısı ilə birlikdə onların evinə qonaq gəlmiş və ona öz xalasıoğlu kimi təqdim etdiyi hərbi qulluqçu Nadirin şəklini görüb. Onların qeyri-əxlaqi yazışmalarını, Səmanın yarıçılpaq şəkillər göndərdiyini aşkarlayıb.
Vəli Səmanın Nadirlə münasibətdə olduğunu etiraf etməsindən sonra ona xəyanət etdiyinə əmin olub və arvadını öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Səmanın öz xəyanətini məhkəmə qarşısında etiraf etməsini gözləyib və boşanmaları ilə bağlı keçirilmiş birinci məhkəmə iclasında iştirak edib.
Məhkəmə qarşısında qətl
Vəli növbəti məhkəmə iclasına gələrkən Səmanı öldürmək fikrini özlüyündə qətiləşdirib. 18 iyun 2021-ci ildə saat 10.30-da Tərtər rayon Məhkəməsinin inzibati binasının qarşısında dayanıb, boşanmaq üçün növbəti məhkəmə iclasına gələn Səmanı təxminən 15 dəqiqə məhkəmənin inzibati binasının yaxınlığında gözləyib.
Daha sonra Vəli sürətlə məhkəmənin inzibati binasına daxil olmaq istəyən Səmanın yanına gedib, həmin gün evdən götürdüyü, Səmanın hərbi qulluqçu Nadirlə xəyanət etməsinə işarə olaraq tiyəsi üzərinə qara rəngli boya ilə “HƏRBÇİ” sözü yazdığı bıçaqla ona çoxsaylı zərbələr vurub. Qadın aldığı zərbələrin təsirindən ölüb.
İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Bacısı ilə danışdığını bildirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ittiham üzrə özünü qismən təqsirli bilib.
O qeyd edib ki, həyat yoldaşı Səma ilə birgə nikahlarından 3 azyaşlı övladları var: “Səma həm də dayım Telman tərəfindən övladlığa götürülüb. Hadisədən təxminən 2 ay əvvəl evdə olarkən arvadımın telefon vasitəsilə kiminləsə danışdığının şahidi oldum. Ondan kiminlə danışdığını soruşdum, bacısı ilə danışdığını bildirdi.
Əmin olmaq məqsədilə telefonu ondan aldım. Nömrəyə və mesajlara nəzər yetirdikdə arvadımın danışdığı şəxsin adının Könül olaraq qeyd edildiyini və yazışmaların başqa məzmunlu olduğunu gördüm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səmanın ona xəyanət etdiyini və Könül adı ilə qeydə aldığı şəxsin qeyri-rəsmi münasibət saxladığı oğlan olduğunu başa düşüb: “Həmin yazışmalar zamanı Səma öz yarıçılpaq şəkillərini danışdığı şəxsə göndərmişdi. Nömrənin vatsap profilində yerləşdirilmiş şəklə baxdıqda onun Nadir olduğunu tanıdım.
Həmin vaxt Səma Nadirlə münasibətinin olduğunu etiraf etdi. Bundan sonra Səma ilə boşanmaq qərarına gəldik. Həmin gün bir yerdə yaşaya bilməyəcəyimdən Səmanı evdən göndərdim”.
“Cinsi münasibətdə olduqları mənə məlum oldu”
Vəli deyib ki, təxminən aprelin əvvəllərindən Nadir adlı şəxsi Səmanın bacısının onların yaşadıqları evə qonaq gətirdiyi vaxt tanıyıb:
“Martın 19-da Könül Nadiri mənim evimə gətirərək xalası oğlu olduğunu bildirdi. Həmin gün evimizə dayım və digər qohumlarım da qonaq gəlmişdilər. Birlikdə oturaraq söhbətləşdik, yemək yedikdən sonra digər qohumlarımız evlərinə getdilər. Nadir isə gecəni bizim evdə qaldı.
Daha sonra həmin gecə Nadirlə arvadımın cinsi münasibətdə olduqları mənə məlum oldu. Arvadımın mənə xəyanət etdiyini öyrəndiyim gün onu öldürmək qərarına gəldim. Aramızda olan nikah münasibətinə xitam verilməsi üçün məhkəməyə rəsmi olaraq müraciət etdik. Arvadımı öldürmək üçün bir müddət gözlədim ki, mənə xəyanət etməsi və əxlaqsız hərəkətlərə yol verməsi məhkəmə tərəfindən təsdiq olunsun. Məhkəmə nikah münasibətlərimizə xitam verilməsi üçün bir dəfə iclas təyin etdi”.
“Evdən hazırlıqlı çıxdım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra məhkəmənin növbəti iclası iyunun 18-ə təyin edilib: “Məhkəmə iclasına gedərkən Səmanı öldürəcəyimi qərarlaşdırmışdım. Bu məqsədlə iyunun 18-də, səhər tezdən evimizin mətbəxindən bıçaq götürdüm və Tərtər rayonuna gəldim.
Təxminən saat 10.30-da Tərtər rayon Məhkəməsinin qarşısına çatdım. Orada məhkəmənin yaxınlığında yerləşən çayxananın yanında Səmanın məhkəməyə gəlməsini gözlədim. Saat 11 radələrində Səmanın bazar tərəfdən məhkəməyə doğru gəldiyini gördüm.
Dərhal Səmanın yanına gedərək bıçaqla bədəninin müxtəlif nahiyələrindən zərbələr endirməyə başladım. Daha sonra bıçaqla onun boğazını kəsdim. Ətrafda olan vətəndaşlar və polis əməkdaşları qaçaraq Səmanı əlimdən aldı və məni polis şöbəsinə gətirdilər”.
Vəli ifadəsinə əlavə olaraq bildirib ki, hazırda onun övladları qardaşının himayəsində qalır.
“Övladlığa götürmüşəm”
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Telmanın sözlərinə görə, övladı olmadığına görə Səmanı 1995-ci ildə tanımadığı ailədən baldızının vasitəsilə övladlığa götürüb:
“Səma sakit təbiətli, mehriban, hamı ilə yola gedən, tərbiyəli bir qız olub. 2014-cü ildə Vəli ilə ailə həyatı qurub. Vəli mənim həm bacımoğlu, həm də kürəkənimdir. Vəli ilə Səmanın birgə nikahlarından 3 övladları dünyaya gəlib. Hazırda həmin uşaqlar Vəlinin qardaşı ilə birlikdə Samux rayonu, Qarabağlar kəndində yaşayırlar”.
Telmanın ifadəsinə görə, martın 19-da Novruz bayramı ilə əlaqədar bacısıoğlu Vəligilə qonaq gedib: “Həmin vaxt evdə Vəli, Səma, Səmanın bacısı Könül və Könülün xalası oğlu kimi təqdim etdiyi Nadir adlı şəxs olub. Səmanı övladlığa götürdüyümüzdən onun qohumlarını tanımamışam. Buna görə də Nadir adlı şəxsin həqiqətən Səmanın xalası oğlu olduğunu düşünmüşük.
Həmçinin təxminən bir il əvvəl Könül bacısı Səmanı tapmaq üçün aparıcı Xoşqədəm Hidayətqızına müraciət etmişdi. Həmin vasitə ilə Könüllə Səma bir-birilərini tapıblar, münasibət saxlamağa başlayıblar”.
“Şikayətim yoxdur”
Telman qeyd edib ki, iyunun 18-də həyat yoldaşının təqaüd kartında problem yarandığından banka müraciət etmək üçün Gəncə şəhərinə gedib: “Gəncə şəhərində olarkən Səmanın telefonuna zəng edərək məhkəmə prosesinin necə keçdiyini öyrənmək istədim. Bir neçə dəfə Səmaya zəng etsəm də, telefonunu açmadı.
Bundan sonra yaşadığım Samux rayonu, Qarabağlar kəndinə gəldim. Səmanın Vəli tərəfindən öldürüldüyünü öyrəndim. Təqsirləndirilən şəxslə barışmışam, ondan heç bir şikayətim yoxdur”.
İş üzrə şahid qismində ifadə verən Könül bildirib ki, Səma onun bacısıdır: “Səma və Vəli ilə əvvəllər aramızda heç bir problem, düşmənçilik və ya ədavət olmayıb. Səma körpə vaxtlarında tanımadığımız ailəyə övladlığa verildiyindən münasibətilərimiz kəsilib. Lakin ailə üzvlərim və ətrafındakı insanlardan bacımın övladlığa verildiyini eşitmişəm”.
Könülün sözlərinə görə, 2019-cu ildə bacısı Səmanı tapması üçün Xoşqədəm Hidayətqızına müraciət edib: “Bundan sonra Xoşqədəm Hidayətqızı axtararaq bacımı tapdı, bizi görüşdürdü. Beləcə Səma ilə əlaqəm yarandı. Həmin vaxtdan etibarən həftədə bir-iki dəfə Səma ilə əlaqə saxladım. Lakin onların evinə çox az qonaq getmişəm”.
“Bacım həmin adamı çoxdan tanıdığını dedi”
Könül bildirib ki, martın 18-də Səma zəng edib və bayram münasibətilə öz evlərinə qonaq dəvət edib: “Danışıq zamanı Səma mənim telefon nömrəmi bir nəfər şəxsə verəcəyini, həmin adamın mənimlə əlaqə saxlayacağını və məni onlara aparacağını bildirdi. Səma telefonda həmin adamı çoxdan tanıdığını dedi.
Martın 19-da səhər saat 8 radələrində evdən çıxaraq taksiyə əyləşdim və Bakı şəhərinə yola düşdüm. Taksidə gedərkən Nadir zəng edərək hara gəlməli olduğumu bildirdi. Bakı şəhərini yaxşı tanımadığıma görə telefonu taksi sürücüsünə verdim, Nadir hara gəlməli olduğumu sürücüyə izah etdi.
Bundan sonra “20 Yanvar” dairəsi adlanan ərazidə taksidən düşdüm. Nadir yenidən zəng edərək hansı tərəfdə olduğumu və əynimdə hansı paltarın olduğunu soruşdu. Nadirə olduğum yeri və əynimdəki paltarı dedim, sonra gəlməsini gözlədim”.
“Özünü Pərviz adı ilə təqdim etdi”
Könülün ifadəsinə görə, təxminən 20 dəqiqə sonra Nadir onun olduğu yerə avtomobillə gəlib: “Həmin avtomobilin arxa oturacağına əyləşərək Gəncə şəhərinə doğru yola düşdük. Həmin vaxt avtomobildə başqa heç kim olmayıb. Lakin yolüstü Nadir maşına bir neçə şəxsi də götürdü. Həmin şəxslərdən biri Nadirin tanışı oldu, digərini isə tanımayıb.
Yolda Nadir özünü mənə Pərviz adı ilə təqdim etdi. Samux rayonunda “Sovxoz” adlanan əraziyə çatdıqda Nadirlə birlikdə maşından endik və Nadirin tanışı maşını idarə edərək getdi. Biz isə başqa bir taksiyə əyləşərək Səmagilin evinə yollandıq. Səmagilə çatdıqda evdə onun atası və digər qonaqlar vardı. Vəli özü evdə yox idi”.
“Gəldiyimə peşman olsam da, geri qayıda bilmədim”
Könül bildirib ki, evə daxil olanda Səma onu kənara çəkib, təklikdə içəridə olan qonaqlara və Vəliyə Nadiri xalasıoğlu kimi təqdim etməsini istəyib:
“Səmadan niyə belə etməli olduğunu soruşdum. Səma Nadir adlı şəxslə “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, aralarında qeyri-rəsmi münasibət yarandığını və mütəmadi olaraq telefonla əlaqə saxladıqlarını bildirdi. Bundan sonra gəldiyimə peşman olsam da, geri qayıda bilmədim.
Təxminən yarım saat sonra Vəli evə gəldi. Nadiri öz xalamoğlu kimi Vəliyə və qonaqlara təqdim etdim. Nadir həmin qonaqlarla demək olar ki, söhbət etmədi, sadəcə olaraq qısa söhbət zamanı mağazada işlədiyini bildirdi.
Səmagildə olarkən Nadirlə aralarında olan münasibəti bildiyimdən gecəni orada qalmaq istəmədim. Lakin bacımın təkidindən sonra məcbur qalararaq onların evində gecələdim. Nadiri xalamoğlu kimi təqdim etdiyimdən Vəli onun da evdə qalmasına etiraz etmədi”.
“Məni qınayacağını bildirdim”
Könül qeyd edib ki, axşam yemək yedikdən sonra digər qonaqlar öz evlərinə gedib: “Həmin gecəni mən və Səma zalda, Nadir digər otaqda, Vəli isə öz otaqlarında yatdı. Səhər oyanaraq çay içdikdən sonra Nadirlə birlikdə taksiyə əyləşərək vağzala getdik. Yolda Nadirdən Səmagilə gəlməkdə məqsədinin nə olduğunu soruşdum.
Nadir bir müddətdir Səma ilə “Tik-tok” sosial şəbəkəsində tanış olduqlarını, onu görmək istədiyinə görə də gəldiyini bildirdi. Nadirə öz iradımı bildirdim və məsələnin üstü açılarsa, hamının məni qınayacağını dedim. Nadirlə vağzalda ayrıldıq”.
“Cinsi əlaqədə olduqlarını bildirdi”
Könülün sözlərinə görə, Səma daha sonra ona zəng edib, Pərviz adı ilə tanıdığı şəxsin əsl adının Nadir olduğunu, hərbi qulluqçu kimi xidmət etdiyini, Tərtər rayonu, Seydimli kəndində yaşadığını, qonşuları Mahmudun oğlu olduğunu bildirib: “Bundan 3-4 gün sonra işdə olarkən Səmanın mənə zəng etdiyini gördüm. Telefonu açdıqda zəng edənin Vəli olduğunu bildim. Vəli telefonda evlərinə qonaq gətirdiyim Nadir adlı şəxsin kim olduğunu soruşduqda, xalamoğlu olduğunu dedim.
Bu zaman Vəli hər şeyi bildiyini, Səmanın həmin oğlanla danışarkən tutduğunu, Nadirin adını telefonda “Könül” adı ilə qeydə aldığını bildirdi. Bundan sonra hər şeyi Vəliyə etiraf etdim. Vəli məndən Nadirin nömrəsini soruşdu. Nömrəni sildiyimi dedim. Vəli həmin vaxt Nadirlə Səmanın gecə onlarda qalarkən cinsi əlaqədə olduqlarını bildirdi. Ona bu barədə məlumatımın olmadığını dedim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baxılıb.
Vəli 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.