Sələmə pul verənlər HƏBS oluna bilərlər-XƏBƏRDARLIQ
Sələmə pul vermək Azərbaycan qanunvericiliyində konkret olaraq hansı maddə ilə tənzimlənir? Belə hallarda sələm verənə qarşı hansı cəzalar tətbiq olunur?
Suallarımızı cavablandıran hüquqşünas Elmar İbrahimov Ajans.az-a bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, vətəndaşların sələmə, yəni faizlə borc pul vermək hüququ yoxdur:
‘’Bu hüquq yalnız dövlət tərəfindən xüsusi qaydada lisenziya verilmiş banklara və bank olmayan kredit təşkilatlarına məxsusdur. Bu təşkilatlar maliyyə xidmətləri sahəsində fəaliyyət göstərmək üçün müəyyən tələblərə cavab verməli, müvafiq nəzarət orqanlarının nəzarəti altında olmalı və fəaliyyətlərini şəffaf şəkildə həyata keçirməlidirlər. Əksinə, fiziki şəxslərin, yəni vətəndaşların rəsmi icazə olmadan faizlə pul verməsi qanunvericilik baxımından qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunur. Bu fəaliyyət həm Mülki Məcəllənin, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, lisenziya tələb olunan fəaliyyəti müvafiq icazə (lisenziya) olmadan həyata keçirmək qanunsuz sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilir və bu hal üzrə şəxsə qarşı inzibati və ya cinayət məsuliyyəti tətbiq edilə bilər. Bundan əlavə, bəzən belə qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər pul verdikləri adamdan onun şəxsiyyət vəsiqəsini, bank kartını, daşınar və daşınmaz əmlakı və ya digər sənədləri girov kimi alırlar. Bu hal da hüquqi baxımdan çox ciddi pozuntudur və müəyyən hallarda təhdid, dələduzluq, qanunsuz azadlıqdan məhrum etmə və ya hədə-qorxu ilə tələb etmə kimi cinayətlərin tərkibini yarada bilər''.
Ekspert vurğulayıb ki, qanunla müəyyən olunmayan, hüquqi əsaslara söykənməyən bu cür fəaliyyətlər həm vətəndaşların özlərini, həm də cəmiyyətin digər üzvlərini ciddi təhlükələrlə üz-üzə qoyur:
‘’Belə hallarda borcalan şəxs rəsmi yolla hüquqlarını müdafiə etmək imkanından məhrum olur, kredit münasibətləri qeyri-rəsmi və qeyri-şəffaf şəkildə həyata keçirilir, bu isə daha geniş miqyaslı sosial və hüquqi problemlərə səbəb olur.
Nəticə olaraq, vətəndaşların faizlə pul verməsi sələmçilik qanunsuzdur və bu hərəkətə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş ciddi tədbirlər görülə bilər. Belə hallarla qarşılaşan şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməli, öz hüquqlarını qanuni yollarla qorumağa çalışmalıdırlar''.