azia.az
azia.az

Süni intellekt (Al) gündəlik həyatımıza daxil olduqca, mövzu müxtəlif aspektlərdə müzakirə olunur-İş yerlərimizi əlimizdən alacaqmı?

Dünən, 09:00

Süni intellekt (Al) gündəlik həyatımıza daxil olduqca, mövzu müxtəlif aspektlərdə müzakirə olunur:

* İş yerlərimizi əlimizdən alacaqmı?
* Bizim üçün faydalı olacaqmı?
* İnsanlara zərər verəcəkmi?

Lakin gündəlik olaraq mətnləri redaktə edən, müxtəlif dillərdən tərcümə edən, tənqidə məruz qalan və yorulmadan işləyən söhbət robotlarının hüquqları barədə düşünən varmı? Cavabınız "xeyr"dirsə, yanılırsınız.

Süni intellektin rifahını düşünənlər

Valyuta.az "Mashable Türkiyə"yə istinadən xəbər verir ki, "Anthropic" adlı süni intellekt şirkətin Al-ın "rifahını" araşdıran bir mütəxəssisi Kayl Fişi öz komandalarına cəlb edib. Fişin əsas vəzifəsi süni intellektin mənəvi hüquqlara sahib olub-olmaması və şirkətlərin bu sistemlərin maraqlarını qorumaq üçün hansı addımları atmalı olduğunu öyrənməkdir.

Etik yanaşma və gələcək narahatlıqları

Kayl Fiş həm süni intellektin rifahını təmin etməyə çalışan, həm də onun potensial təhlükələrini nəzərə alan bir yanaşmaya sahibdir. Onun hazırladığı "Al rifahını ciddiyə almaq" adlı akademik araşdırmada maraqlı fikirlər irəli sürülür. Araşdırmada qeyd olunur ki, əgər bir varlıq şüura sahibdirsə, onun hüquqları da olmalıdır.

Bu, insanlığın ilk dəfə qarşılaşdığı məsələ deyil. Məsələn, heyvan hüquqlarının vacibliyi geniş şəkildə qəbul edilsə də, hansı heyvanların bu hüquqlardan yararlanacağı ilə bağlı müzakirələr hələ də davam edir.

Süni intellektin hüquqları necə müəyyənləşdirilə bilər?

Araşdırmada iki əsas yanaşma təklif edilir:

1. Əgər süni intellekt şüurludursa.
2. Əgər süni intellekt məqsədlər müəyyənləşdirib onlara çatmaq üçün məntiqli şəkildə hərəkət edə bilirsə.

Süni intellekt yaxın gələcəkdə şüura sahib olacaqmı?

Araşdırmanın müəlliflərinə görə, süni intellektin şüur əldə etməsi və "zərər görə bilən bir varlığa" çevrilməsi ehtimalı realdır. Bu prosesin qarşıdakı 10-20 il ərzində baş verəcəyi proqnozlaşdırılır.

Əleyhdarlar nə deyir?

Bu yanaşmaya qarşı çıxanlar da var. Bir qrup insan hüquqları ilə bağlı hələ çox iş görülməli olduğunu qeyd edərək robotların rifahını müzakirə etməyi lazımsız hesab edir. Başqa bir qrup isə süni intellekt vasitəsilə həyata keçirilən insan hüquqları pozuntularına diqqət çəkir.

Stanford Universitetindən Mildred Ço isə vurğulayır: "Yalnız süni intellektin deyil, həm də onu inkişaf etdirən insanların məsuliyyətini müzakirə etməliyik".

Nəticə etibarilə, süni intellektin hüquqları və rifahı mövzusu etik müzakirələr tələb edən, lakin bir gün gündəlik həyatımızın bir hissəsi ola biləcək vacib bir mövzudur.

Paşa Məmmədli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi