azia.az
azia.az

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

23-02-2024, 16:14


 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Vəli Hüseynova AMEA-nın Fəxri fərmanı təqdim olunub.

İclasda müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Andiçmə mərasimində nitqi və elm qarşısında duran vəzifələr” haqqında olub.

Mövzu ətrafında məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının öz liderinə böyük etimadının, inamının, sevgisinin nəticəsi olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. AMEA rəhbəri qeyd edib ki, dövlət başçısı fevralın 14-də andiçmə mərasimində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi inkişaf strategiyasının əsas prioritetlərini özündə əks etdirən dərin məzmunlu nitq söyləyib və bu çıxış Azərbaycan elminin, alimlərinin, ziyalılarının gələcək fəaliyyəti üçün mükəmməl bir bələdçidir.

Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirilən dövlət siyasətindən, onun nəticələrindən, əldə olunmuş mühüm nailiyyətlərdən söz açdığını deyən akademik İsa Həbibbəyli dövlət başçısının 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini mühüm nailiyyət kimi dəyərləndirdiyini, yaranmış yeni şəraitdə qarşıda duran vəzifələrdən geniş şəkildə bəhs edərək bir sıra mühüm hədəflər müəyyənləşdirdiyini söyləyib.

Bildirib ki, Prezident İlham Əliyevin nitqində qeyd etdiyi gənclərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycançılıq ideologiyası və azərbaycançılıq prinsiplərinə sadiqliq, milli birlik və həmrəyliyimizin qorunması və gücləndirilməsi kimi vəzifələrin həyata keçirilməsində alimlərimizin üzərinə böyük məsuliyyət düşür.

Akademik İsa Həbibbəyli, həmçinin dövlət başçısının nitqində toxunulan digər vacib məqamlardan birinin texnoloji inkişafla bağlı olduğunu deyib, rəqəmsallaşma, kibertəhlükəsizlik, eləcə də süni intellektlə bağlı elmi tədqiqatların genişləndirilməsi və bu sahədə kadr hazırlığına Akademiyanın töhfə verməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən birinin də Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələrin, tədbirlərin həyata keçirildiyini söyləyib və bu istiqamətdə geniş addımların atıldığını bildirib.

İclasda qeyd olunanları və müstəqil Azərbaycan dövlətinin milli maraqlarının qorunması üçün Azərbaycanın intellektual potensialının qloballaşan dünyanın elmi-texnoloji yeniliklərinə və ölkənin strateji inkişaf hədəflərinə uyğun formalaşdırılması zərurəti nəzərə alınaraq, bir sıra qərarlar qəbul olunub.

Belə ki, AMEA-da həyata keçirilən tədqiqatların prioritetlərinin “Güclü Azərbaycan Konsepsiyası”nın reallaşdırılması, həmçinin respublikanın mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, Azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elm sahələrində araşdırmaların daha da genişləndirilməsi, yetişən gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün Azərbaycan tarixinin, onun zəngin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, ədəbi-tarixi şəxsiyyətlərinin tədqiqi və təbliğinin prioritet fəaliyyət istiqaməti hesab edilməsi, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi və s. kimi istiqamətlər üzrə elmi araşdırmaların daha da gücləndirilməsi və s. qərar qəbul edilib.

Sonra “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” müzakirəyə çıxarılıb və təsdiq olunub.

AMEA-nın Tədbirlər planına əsasən, “Məhəmməd Füzuli və türk dünyası”, “Məhəmməd Füzuli və dünya ədəbiyyatı”, “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi”, “Məhəmməd Füzulinin dili”, “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Füzuli və Şərq folkloru”, “Füzuli dünyası Azərbaycan incəsənətində”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli: dövrü və mühiti”, “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli türk - müsəlman mədəniyyətinin dahi yetirməsi kimi”, “Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə”, “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” və s. mövzusunda konfransların və dəyirmi masaların keçirilməsi qərara alınıb.

Həmçinin TÜBİTAK-ın prezidenti professor Hasan Mandalın AMEA-da TÜBİTAK-ın Əlaqələndirmə Mərkəzinin açılışında və AMEA-nın Ümumi yığıncağında iştirakını təmin etmək məqsədilə onun ölkəmizə səfərinin yüksək səviyyədə təşkili haqqında qərar qəbul olunub.

İclasda “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabının nəşrə hazırlanması haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası yaradıldığı dövrdən respublikada fundamental və tətbiqi elmin mərkəzinə çevrilərək, elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, eləcə də elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Diqqətə çatdırıb ki, AMEA-nın fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə sözügedən kitabın nəşri vacibdir.

Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabının hazırlanması qərara alınıb və Redaksiya Heyəti yaradılıb.

Eyni zamanda AMEA əməkdaşlarına yüksək impakt faktorlu jurnallarda nəşr olunan məqalələrin nəşrinə görə mükafatların verilməsi məsələsi də müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, müasir dövrdə dünyada elmi fəaliyyətin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri nüfuzlu beynəlxalq elmi bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda məqalələrin nəşridir.

AMEA prezidenti vurğulayıb ki, son dövrlərdə Akademiyada aparılan islahatlar və yeniləşmələr çərçivəsində diqqət mərkəzinə gətirilən mühüm sahələrdən biri də humanitar və ictimai elmlər üzrə beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın yüksəldilməsi, elmi jurnalların müasir tələb və standartlara uyğunlaşdırılması, AMEA-nın nəşrlərinə (jurnallar, konfrans materialları və s.) DOİ identifikatorunun (rəqəmsal obyekt identifikatoru) verilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil edilməsidir. Qeyd edib ki, bu istiqamətdə AMEA-nın elmi jurnallarının TÜBİTAK ULAKBİM DərgiParkı-na daxil edilməsi, AMEA əməkdaşlarının fəaliyyətinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarına inteqrasiya edilməsi məqsədilə Google Scholar, Academia.edu, ORCİD, ResearchGate və s. bazalarda profillərinin yaradılması və s. kimi mühüm addımlar atılıb.

Rəyasət Heyəti tərəfindən AMEA-da çalışan alim və mütəxəssislərin nüfuzlu elmmetrik bazalarda indeksləşən elmi jurnallarda dərc olunmasını təşviq etmək, alimlərin sosial müdafiəsinin gücləndirilməsinə dəstək vermək və elmimizin davamlı inkişafını təmin etmək məqsədilə AMEA əməkdaşlarına yüksək impakt faktorlu jurnallarda nəşr olunan məqalələrin nəşrinə görə mükafatların verilməsi qərara alınıb.

İclasda, həmçinin AMEA-nın Direktorlar Şurasının və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin Əsasnamələri təsdiqlənib, “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elm və ali təhsil müəssisələrinin  2023-cü ilə dair hesabat məcmuəsi” və AMEA-nın “Fəxri fərmanı”, “Fəxri diplomu”, “İlin gənc alimi diplomu” və “İstinadda rekord diplomu” kimi təltif sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

Sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib akademik Arif Həşimov AMEA-nın Ümumi yığıncağının 29 noyabr 2023-cü il tarixli qərarları ilə AMEA-nın bir sıra müəssisəsinin ləğvetmə prosesinin gedişi haqqında məlumat verib.

Daha sonra iclasda kadr məsələlərinə baxılıb. Tarix elmləri doktoru Kərim Şükurovun AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin AMEA-nın Nəsimi adına  Dilçilik İnstitutunun elmi işlər üzə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşovanın AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Muradovun AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

Bundan əlavə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə II kurs əyani doktorantı Günel Vəliyeva öz ərizəsi əsasında əyani təhsildən qiyabi təhsilə keçirilib.

İclasda, həmçinin akademik Soltan Mehdiyevin 110, akademik Məhərrəm Məmmədyarovun 100, akademik Bahadur Tağıyevin 90 və AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin 110 illiyi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi