Rafiq Əliyev: “Fitrə zəkatının pulla, yaxud ərzaqla, yaxud hansısa başqa vasitə ilə olması barədə dəqiq məlumat yoxdu”
“Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb ki, fitrə zəkatının 10-15 manat verilməsi tövsiyə olunur. Bu, o deməkdir ki, İslamda fitrə ilə bağlı dəqiq rəqəm yoxdur. Əvvəllər fitrəni 1 kilo buğda, yaxud arpanın miqdarı qədər hesablayırdılar. Ya onun pulunu verirdilər, ya da özünü. Sonradan Sovet dövründə bu qayda dəyişdi. Çox adam heç ümumiyyətlə fitrə zəkatı vermədi. Müstəqillik dövründən sonra fitrə zəkatı barədə xeyli fikir ayrılığı oldu. İnsanlar fitrə zəkatı verəndə müəyyən qədər özlərini rahat hiss edirlər. Amma fitrə zəkatının pulla, yaxud ərzaqla, yaxud hansısa başqa vasitə ilə olması barədə dəqiq məlumat yoxdur. Buna görə də kim necə istəyir, elə edə bilər...”
Bu sözləri Pravda.az-a müsahibəsində Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
O bildirib ki, kimin nəyə imkanı çatırsa, fitrə verə bilər: “Verdiyi zəkat insanın özünü də, zəkatı alan adamı da məmnun, rahat etməlidir. Zəkat verilirsə, bu, məmnuniyyətlə qəbul olunmalıdır. Fitrə zəkatının verilməsi normaldır, belə də olmalıdır. Çünki insan insana əl tutmalı, kömək etməlidir. Təkcə bizim dinimiz yox, bütün dinlər bunu məsələhət görür. Bu, dinin mahiyyətindən irəli gəlir. İslam dini də buna çox ciddi fikir verir. Fitrə məcburi olmasa da, hər adam üçün yaxşı yük ola bilər. Yaxşı yükün altından da yaxşı çıxmaq lazımdır. İmkanı olanlar fitrə zəkatı versinlər. Nə qədər verilsə, bir o qədər artıq geri gələcək...”
Aytəkin Qardaşov