Azia.az media-07.04.2023-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 82F ünvanında yerləşən "De Fendo" Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Nərimanov Rayon məhkəməsinin sədri Həbib Həsənov, vəkillər və hüquqşünaslar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büroda yerləşən büstü önünə əklil qoyub, onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra qonaqlar ofisdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ümumi sahəsi 400 kv.m-dən çox olan büroda 15 vəkil otağı, konfrans zalı, konfidensial otaq, istirahət otağı mövcuddur. Vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün yeni ofisdə bütün lazımi şərait yaradılıb, texniki təchizat və avadanlıqlar yerləşdirilib.
Görülən işləri yüksək qiymətləndirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, büroda beynəlxalq standartlara cavab verən və vətəndaşların keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb. Sədr Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş işlər aparıldığını diqqətə çatdırıb: “Bu baxımdan deyə bilərəm ki, “De Fendo” ən qabaqcıl və müasir vəkil bürolarından biridir. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Vətəndaşlarla görüş üçün konfidensial görüş otağı var. Yaradılan şəraitə görə “De Fendo” Vəkil Bürosunun ölkəmizdəki ən nümunəvi bürolardan biri olduğunu deyə bilərəm. Sevindirici haldır ki, vəkillər dövlətin və Vəkillər Kollegiyasının maddi dəstəyi olmadan bu cür yüksək səviyyəli bürolar təsis edə bilirlər. Bu da vəkillik təsisatının nüfuzunun artmasından xəbər verir. Xatırlayırsınıza, əvvəllər belə bürolar yox idi, ancaq indi yaradılan şərait onu göstərir ki, ölkəmizdə vəkillik institutu daha da güclənir. Eyni zamanda vəkillərin və vəkil bürolarının sayı artmaqda davam edir. Biz vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm veririk. Çünki əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraiti də yüksək standartlara cavab verməlidir”.
Tədbirdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamında güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra çıxış edən sabiq hakim, hazırda Vəkillər Kollegiyasının üzvü olan Eldar Mikayılov bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsində, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsində vəkillərin əvəzsiz rolu var: “Bu gün vəkillik fəaliyyətinin daha da inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Vəkillər Kollegiyası tərəfindən müvafiq addımlar atılır. Əminəm ki, vəkillərimiz yaradılan bu şəraiti yüksək qiymətləndirir”.
Büronun müdiri Arslan Mikayılov isə çıxışında qeyd edib ki, vəkilliyin inkişafı ümumilikdə hüququn inkişafı deməkdir: “Büro vətəndaşlar üçün əlçatan yerdə - Bakının mərkəzində yerləşir. Burada müraciət edən insanların rahatlığı üçün geniş şərait yaradılıb. Sirr deyil ki, Anar Bağırovun sədrliyindən sonra vəkillik intibah dövrünü yaşayır. Yeni vəkil büroları istifadəyə verilir, vəkillik inkişaf edir. Hər bir vəkilə Vəkillər Kollegiyası tərəfindən hər zaman diqqət göstərilir və bu gün də biz bu qayğını hiss edirik".
Sonda vəkillərin iştirakı ilə iclas keçirilib, peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki “De Fendo” hüquq bürosunda sabiq hakimlər,hüquq üzrə fəlsəfə dokdoru Vüqar Quliyev və Eldar Mikayılov vəkil kimi fəaliyyət gösdərir.