"Yapı Kredi Bank"ın sahibinin atası KÜRD QADINLARINI AŞAĞILADI - cinayət işi açıldı
Türkiyəli milyarder Rahmi Koç barəsində cinayət işi başladılıb
Türkiyənin tanınmış iş adamlarından olan 95 yaşlı milyarder Rahmi Koç barəsində cinayət işi açılıb. İzmir Baş Prokurorluğunun təşəbbüsü ilə başladılan bu hüquqi prosesə səbəb, iş adamının bir tədbirdə kürd qadın barəsində danışdığı təhqiramiz fıkra (lətifə) olub. Sözügedən hadisə ölkənin keçmiş baş naziri Binəli Yıldırım və digər yüksək rütbəli rəsmilərin qatıldığı “American Hospital”ın rəsmi açılış mərasimində qeydə alınıb. Milyarderin xəstəxana protokolunu gəzdirərkən dediyi “Həkim kürd qadının dərdini dinləyib. "Xanım, pərdənin arxasına keçin, soyunun" deyəndə, qadın qayıdıb ki, "Həkim bəy, ilk sən soyun"” ifadələri sosial şəbəkələrdə və mediada sürətlə yayılaraq böyük rezonans doğurub. Prokurorluq tərəfindən verilən rəsmi açıqlamada Rahmi Koçun bu sözlərinin müəyyən bir kütləni hədəf aldığı və cəmiyyət qarşısında alçaldıcı xarakter daşıdığı vurğulanıb. İstintaq qurumları iş adamının bu çıxışını insanların etnik mənsubiyyət, din, cinsiyyət və sosial statusuna görə ictimai şəkildə aşağılanması kimi tövsif ediblər.
Bu ifadələr ictimaiyyətlə yanaşı, siyasi dairələrdə də kəskin reaksiyaya səbəb olub. Belə ki, hakim Ədalət və İnkişaf Partiyasının rəsmisi Ömer Çelik çıxış edərək milyarderdən təcili şəkildə üzr istəməsini tələb edib. O, kürd qadınlarına qarşı işlədilən bu cür aşağılayıcı tonun ümumi mənəvi dəyərlərə sığmadığını və bunun yumor adı altında müdafiə oluna bilməyəcəyini diqqətə çatdırıb. Yaranmış gərginlikdən sonra Rahmi Koçun fəxri rəhbəri olduğu “Koç Holding” məsələ ilə bağlı rəsmi bəyanat yayaraq ictimaiyyətdən üzr istəyib. Açıqlamada iş adamının səsləndirdiyi fikirlərə görə dərindən təəssüfləndiyi və heç bir halda kimisə təhqir etmək niyyətində olmadığı ifadə edilib.
Qeyd edək ki, təxminən 2,4 milyard dollar sərvətə sahib olan Rahmi Koç və onun mənsub olduğu Koç ailəsi Türkiyənin ən zəngin elitasından biri sayılır. Müzakirələrə səbəb olan çıxışın edildiyi xəstəxana kompleksinin inşasına isə şəxsən Rahmi Koç tərəfindən 150 milyon dollar həcmində vəsait ayrılmışdı.

Xatırladaq ki, Rahmi Koç məşhur iş adamı Ali Koçun atasıdır və onların rəhbərlik etdiyi "Koç Holding" nəhəng maliyyə strukturlarına, o cümlədən "Yapı Kredi Bank"s sahibdir. Bu qlobal şəbəkənin bir qolu olaraq, hazırda Azərbaycanda da "Yapı Kredi Bank Azərbaycan" filialı fəaliyyət göstərməkdədir.


Ötən yazımızdan qısa xatırlatma:
"Koç Holdinq" və onun əsas aktivi olan Yapı Kredi son illərdə həm Türkiyə, həm də Azərbaycan bazarında ardıcıl skandallarla gündəmə gəlib. Türkiyədə BƏƏ-nin FAB və Qətərin QNB bankları ilə uğursuz satış şayiələri İstanbul Birjasında manipulyasiya iddialarına yol açarkən, korporativ cəbhədə 2026-cı ilin fevralında Türkiyə Rəqabət Qurumu tərəfindən Yapı Kredi daxil 26 maliyyə nəhənginə qarşı işçi maaşlarını basqılamaq ittihamı ilə kartel soruşdurması başladılmış, həmçinin Hazine ve Maliye Bakanlığı tərəfindən banka 187 milyon lirəlik qanunsuz sığorta cəzası kəsilmişdir.

Ailə daxilində isə kürəkən İnan Kıraçın övladlıqdan rədd etdiyi qızı İpek Kıraçla milyard dollarlıq miras davası və ahıl yaşında gizli nikahı parçalanma yaratmış, qrupun köhnə rəhbərlərindən Can Kıraçın nəvəsinin ağır cinayət ittihamından dərhal sonra ABŞ-a qaçırılması isə cəmiyyətdə böyük imtiyaz skandalına çevrilmişdir.

Azərbaycan bazarında isə "Yapı Kredi Bank Azərbaycan" QSC Mərkəzi Bankın auditi ilə çirkli pulların yuyulması qanunvericiliyini pozduğu üçün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə vəzifəli şəxsi cərimələnmiş və prudensial hesabatları gizlətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsi ilə sanksiyaya məruz qalmışdır. Bundan əlavə, bank "Worldcard" tariflərinin qeyri-şəffaflığı, saxta imza ilə kredit rəsmiləşdirilməsinə görə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə açılan cinayət işi və "Yapı Kredi İnvest"in fəaliyyətinin qəfil dondurulması kimi ciddi hüquqi pozuntularla yadda qalıb.
Nilay ÖzSöz