Ağ Evdən "Taxıl dəhlizi" açıqlaması: Müqavilənin pozulacağına dair heç bir işarə yoxdur
Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan taxıl dəhlizi sazişinin pozulacağına dair heç bir işarə yoxdur. Xəbər verilir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi məlumat verib. O, "Zoom" vasitəsilə Ağ Evdə təşkil olunan brifinqdə ABŞ-ın xarici siyasətini dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Kirbi bildirib ki, Türkiyənin vasitəçiliyi ilə baş tutan bu müqavilə bütün dünyanın ehtiyac duyduğu qida və gübrəni qlobal bazara çıxarıb.
"Razılaşmanın başladığı gündən 1 milyon tondan çox taxıl və toxum Ukraynadan dünya bazarına çıxarılıb. Əlbəttə, indi bəzi qidaların bazara girməsi üçün daha uzun vaxt tələb olunur. ABŞ Ümumdünya Ərzaq Proqramına 68 milyon dollar vəsait ayırıb. Biz artıq müqavilənin bazarlara təsirini görməkdəyik" - deyə o, qeyd edib.