azia.az
azia.az

Azərbaycanda "Ginnesin Rekordlar Kitabı"na düşəcək oğurluq

24-07-2022, 22:08

Azərbaycanda "Ginnesin Rekordlar Kitabı"na düşəcək oğurluq
İki gün öncə Quba rayonuna hüzr yerinə getmişdik. Yol boyu Bakı Quba yolunun başına gətirilən şəkillərdə gördüyünüz bu bəlaların müəlliflərinin xalqın qanını içmək qədər manyak olduqlarına bir daha inandım. Öz-özümə sual verirdim ki, görəsən bu yolun başına gətirdikləri bu müsübətlər mətbuatda, sosial şəbəkələrdə nümayiş etdirildikcə vicdanı ayaqları altında olan bu ləyaqətsizlər öz ailə üzvlərinin – ilk növbədə övladlarının üzünə necə baxırlar? Bəlkə də biz bu yolun tikintisini düşmənlərimiz olan ermənilərə versəydik onlar belə bu qədər vicdansızlıq etməzdilər.

Baxın, bu yol 30 il təminatla bir milyard dollardan çox vəsaitə tikilsə də 3 ildən sonra dağılmağa başlayıb və bir-iki il ərzində bərbad hala düşüb. Mən Bakı-Quba yolunun belə tez dağılmasının səbəbləri barədə mütəxəssislərdən çox soruşmuşam. Fikirlər müxtəlif olub. Lakin bu dəfə getdiyim hüzr məclisində təsadüfən bu tikintinin vaxılə aparılmasında fəhlə qismində çalışmış bir neçə insanın danışdıqlarına qulaq asanda dəhşətə gəldim. Yolun belə tez dağılmasının əsas səbəblərindən biri və birincisi beton örtüyə armatur döşənməməsidir. Yol boyu dağıdılmış beton qırıqlarında bir armatur parçası görmək istəsəm də bu mümkün olmadı. Vaxılə yolun tikintisini aparmış bu adamlar danışırdılar ki, tikinti zamanı yolun bəzi hissələrində betona çox az miqdarda - normativdə nəzərdə tutulduğundan 3-4 dəfə nəzik məftil əlavə edilib. Siyəzəndən Bakıya qədər sökülən 100 kilometrdən çox yoldan cəmisi 3 maşın belə”armatur” çıxarılıb. Belə oğurluq Ginnesin rekordlar kitabına düşə biləcək qədər “möhtəşəmdir”!

Bəs indi nə baş verir? Yüzlərlə texnika bu yolu sökür (bu bir xərc), yeni yol üçün təqribən 2 metr dərinliyində özül qazılır (bu bir başqa xərc), sökülən beton parçaları maşınlara doldurularaq onu üyüdən xüsusi texnikanın olduğu yerə daşınır (bu da bir xərc), bu beton parçaları üyüdüldülür (daha bir xərc), üyüdülmüş beton yenidən yolun özülünə verilmək üçün daşınır (bu da bir xərc), yeni özül hazırlandıqdan sonra yolun asvalt örtütüyü çəkiləcəkdir (bu da bir xərc). Bütün bunlar küllü xərclərdir və dövlətin büdcəsinin vəsaiti hesabına ödənilir. Bizim təxminimizə görə Bakı Quba yolunun bir neçə il öncə salınması, onun sonradan sökülməsi və yerində yeni yolun çəkilməsi xərclərinin cəmi sonda Azərbaycanın dövlət büdcəsinin xərclərinin 10%-dən çox olacaqdır. Əhsən bizə! Sonra da deyirik ki, uşaqpulu verməyə büdcədə vəsait yoxdur. Hələ bu da son deyil. Yeni yolun çəkilişində gördüyüm bir böyük müəmma da ona üyüdülmüş betonla yanaşı karxanalardan daşınaraq gətirilmiş daş qırıqlarının qatılmasıdır. Əzilərək yolun özülünə verilən daş materialının bir mühüm xüsusiyyəti ətrafda olan suyu sürətlə özünə çəkə bilməsidir. Deməli gələcək yolun da taleyi indidən təhlükə altınadadır. Nə isə. Biz bütün rekordları sındıra sındra gedirik: çəkilmiş yola bir milyard manatdan çox vəsait xərcləmək, onu xidmət müddətindən 10 dəfə tez bir vaxtda söküb söküntü üçün bundan daha çox vəsait xərcləmək (beton örtüklü yolun sındırılaraq sökülməsi xərcləri onun tikintisinə çəkilən xərclərdən çox olur), yeni yolun çəkilişinə yenidən bir mlyard büdcə pulları xərcləmək və s... Bizim büdcəmiz də çox dayanaqlı büdcədir bu qədər ağır yükə davam gətirə bilir! Belə “qəhrəman” ancaq biz ola bilərik! Bu əcaib durumu yaradanlar isə gedib namaz qılıb, oruc tuturlar və hətta quran da oxuyurlar. Kaş ki oxuduqları Quran olaydı.....

Fikrət Yusifov,
Keçmiş maliyyə naziri, iqtisadçı alim


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi