azia.az
azia.az

“Mediada vətənpərvərlik yönündə təbliğat xeyli müddət aktual olacaq”

21-07-2022, 12:04

“Mediada vətənpərvərlik yönündə təbliğat xeyli müddət aktual olacaq”
Aygün Muradxanlı: “Yeni ideoloji düzən qurulmasının, milli dəyərlər, milli kimliyin dərki üzərində qurulan ideologiyanın yaradılmasına cəhdlər edildiyinin şahidi oluruq”
Azərbaycan mediasının əsası XIX əsrdə qoyulub. Dövlətimiz SSRİ-nin tərkibində olduğu dövrdə isə mətbu orqanlarda senzura tətbiq olunurdu. Nəyi, necə yazmağa ciddi nəzarət edilirdi. Moskvanın diktəsi ilə hadisə və proseslər reallıqdan uzaq təqdim olunurdu. Təbii fəlakətlər barədə məlumatlar, kriminal və s. neqativ ruhlu xəbərlər qadağan idi. Müstəqillik qazandıqdan sonra isə vəziyyət dəyişdi. Milli dəyərlər, milli mənlik şüuru baş qaldırmağa başladı. Birinci Qarabağ müharibəsi dövründə vətənpərvərlik, eləcə də hərbi vətənpərvərlik tərbiyəsi önəmli rola malik idi. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdi: “Hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərliklə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik”.

Ölkə başçısı İlham Əliyev də qeyd edirdi ki, münaqişə ilə bağlı medianın fəaliyyətindən məmnundur: “Mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq”.

Qafqazda güclü iqtisadiyyata və modern orduya malik dövlətə çevrilən Azərbaycan üçün hazırda ən aktual olan məsələlərdən biri cəmiyyətdə medianın da köməyi ilə milli mənlik şüurunu, vətənpərvərlik mövzusunu diqqətdə saxlamaqdır. Vətən müharibəsindən öncə Ali Baş Komandanın çıxışını xatırlayaq: “On minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət ünvanlayıb və onlar müvafiq formada qeydiyyata alınıblar. Belə müsbət məqamlar ölkəmizin, xalqımızın dostlarını sevindirməklə yanaşı, düşmənlərimizi, o cümlədən də xaricdəki antimilli mərkəzləri ciddi narahat edir. Həmin dairələr daxildəki ”sapı özümüzdən olan baltalar"la sinxron şəkildə fəaliyyət göstərərək hansısa yollarla ölkəmizin getdikcə artan nüfuzuna xələl gətirmək, milli maraqlarımıza zərbələr vurmaq istəyirlər. Bəhs olunan dairələrin hədəflərindən biri də gənclərimizə təsir göstərib onlara xalqımıza yad olan dəyərləri aşılamaqdır. Bu kimi amillər gənclərlə işin gücləndirilməsini, xüsusilə də onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsini zərurətə çevirib”. Prezident İlham Əliyev vurğulayıb: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.

Aygün Muradxanlının şikayəti təmin edilmədi

Aygün Muradxanlı

Tanınmış jurnalist Aygün Muradxanlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xalqının milli ruhu məhz 1988-cildə hiss olunmağa başladı: “Azərbaycan müstəqilliyini tələb etməyə başlamışdı. Ölkədə separatizm genişlənmişdi. Bu da insanların vətənpərvərlik hisslərini alovlandırmışdı. Qəzetlərin əsas mövzusu vətənpərvərlik, milli özünüdərk, milli düşüncə ilə bağlı idi. Bu mərhələdə Azərbaycan mediası kifayət qədər populyar idi. 200-300 min tirajla çıxan qəzetlər var idi. Məqalələrin əsas ana xəttini baş verən hadisələrə ideoloji baxış təşkil edirdi. Alimlərin çıxışları, müsahibələr, köşə yazıları millətin özünüdərki ilə bağlı idi. Bu kontekstdə Azərbaycanın yeni mediası yarandı. Sonra isə bu xətt qırıldı”.

A.Muradxanlı müstəqillikdən sonra Azərbaycanda ictimai şüur üzərində Rusiyanın təsiri qaldığına, bu təsirin mediada da hiss olunduğuna diqqət çəkdi: “Media zaman-zaman Rusiyaya bağlı qüvvələrin əlində alət idi. Milli məsələlər arxa fona keçmişdi. Lakin iki il öncə dövlətin, xalqın, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə yeni situasiya yaratdı. Biz yenidən vətənpərvərlik ruhuna kökləndik. Azərbaycan mediasına nəzər salsaq, yeni ideoloji düzən qurulmasının, milli dəyərlər, milli kimliyin dərki üzərində qurulan ideologiyanın yaradılmasına cəhdlər edildiyinin şahidi oluruq. Hesab edirəm ki, çap mediası, internet mediasında bunu aydın görmək olar. Bəzən sosial şəbəkələrdə bu ideologiyanın təbliğ olunduğunu görürük. Bu isə qısa zamanda media üçün gündəm yaradır. Düşünürəm ki, mediada vətənpərvərlik yönündə təbliğat xeyli müddət aktual olacaq. Çünki hazırda Azərbaycan cəmiyyətində ideoloji boşluqlar var. Bu boşluğu doldurmağın yeganə yolu vətənpərvərlik üzərindən xalq olmaq mərhələsindən millət olmaq mərhələsinə keçid etməkdir. Millət ortaq dəyərləri, hədəfləri olan toplumdur. 44 günlük Vətən müharibəsindən sonra biz bu mərhələnin növbəti pilləsinə keçid etdik. Bu mənada media önəmli rol oynayır. İqtidarın da, müxalifətin də çağırışları media üzərindən edirlər. Bu baxımdan vətənpərvərlik mövzusu daim ön planda olmalıdır. Azərbaycanın potesialını nəzərə alaraq, necə dövlət qurmalı olduğumuzu millətə bu yolla anlatmalıyıq. Əks halda, milli mənlik şüurunda ciddi mənfi təsir yarana bilər. Azərbaycan mediası azad olmaq üçün bu istiqamətdə fəaliyyət göstərməlidir. Cəmiyyət-hökumət münasibətləri, vətəndaş cəmiyyətinin inkişafı, ideoloji baxımdan təhlükəsizlik mövzularını cəmiyyətə media aydın şəkildə çatdırır. Buna görə vətənpərvərlik, milli mənlik şüuru mövzuları daim diqqətdə saxlanmalıdır”.

Nigar HƏSƏNLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi