Paytaxtın mərkəzində həyəcan təbili: 150 illik bina məhv olmaq təhlükəsi ilə üz-üzə - Foto/Video
Bakı şəhərinin Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 62 ünvanında yerləşən, 150 ildən artıq tarixə malik, memarlıq dəyəri daşıyan yaşayış binasında kanalizasiya xəttində yaranmış tıxanma səbəbindən acınacaqlı durum hökm sürür. Belə ki, tullantı suları kanalizasiya şəbəkəsinə axıdıla bilmir və nəticədə binada ciddi antisanitar vəziyyət yaranıb.
Bina sakinləri bununla bağlı Oxu.Az-a müraciət ediblər.
Onların sözlərinə görə, binanın yaxınlığında su borusunun partlaması nəticəsində həyət və zirzəmi davamlı olaraq su altında qalır, bünövrənin yuyulması təhlükəsi yaranıb:
"Tikilinin yaşı və memarlıq dəyəri nəzərə alınarsa, mövcud vəziyyət onun konstruktiv dayanıqlığına ciddi təhlükə yaradır və geridönməz nəticələrə səbəb ola bilər.
Dəfələrlə aidiyyəti quruma müraciət etməyimizə baxmayaraq, bu günədək heç bir effektiv tədbir görülməyib. Qurumun nümayəndələri lazımi texnikanın və vaxtın çatışmazlığını əsas gətirir, yaxud məsuliyyəti digər təşkilatların üzərinə atırlar. Söhbət sadəcə kommunal problemdən deyil, sakinlərin sağlamlığına və təhlükəsizliyinə, həmçinin 150 ildən artıq tarixə malik binanın mövcudluğuna yaranmış ciddi təhlükədən gedir".
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.