Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq?
Təhsil eksperti Elşən Qafarov orta məktəblərdə müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflə çıxış edib. O, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün magistratura təhsilini məcburi şərt kimi təklif edir.
Ekspertin fikrincə, müəllimlərin işə qəbulunda magistr dərəcəsi olan namizədlərə üstünlük verilməli, bakalavr və orta ixtisas təhsilli şəxslərin bu sahəyə qəbulu isə mərhələli şəkildə məhdudlaşdırılmalıdır.
"Azia.az" xəbər verir ki, E.Qafarov Modern.az-a açıqlamasında Azərbaycanın təhsil sisteminin dünya təcrübəsinə uyğun inkişaf etməli, pedaqoji fəaliyyətin elmi-pedaqoji yanaşma əsasında qurulmalı olduğunu deyib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bir çoxunda yalnız ümumi təhsil müəssisələrində deyil, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoqlardan magistratura təhsili tələb olunur:
"Ölkəmizdə bu istiqamətdə mərhələli keçidə başlanmalıdır. İlk növbədə, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas təhsilli şəxslərin iştirakına son qoyulmalıdır. Onların bakalavr təhsili üçün xüsusi proqramlar hazırlanmalıdır.
Hazırda orta ixtisas təhsili olan müəllimlər arasında yüksək idarəetmə və pedaqoji bacarıqlara malik kadrlar var. Bu şəxslərin potensialından daha səmərəli istifadə etmək üçün onlara bir və ya ikiillik xüsusi təhsil proqramı vasitəsilə bakalavr təhsili almaq imkanı yaradılmalıdır".
O, müəllimlərin işə qəbulu müsabiqəsində magistratura təhsili olan namizədlərə əlavə balların verilməsini, seçimlərdə onların üstün tutulmasını təklif edib:
"Gələcəkdə təkcə orta ixtisas təhsilli şəxslərin deyil, bakalavr dərəcəsi olanların məktəbəqədər və ümumi təhsil müəssisələrində müəllim kimi işə qəbulu mərhələli şəkildə azaldılmalıdır. Pedaqoji fəaliyyət üçün magistratura təhsili əsas tələbə çevrilməlidir. Bütün fənn müəllimlərinin magistratura təhsilinə malik olması tədrisin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər".