azia.az
azia.az

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi iş materiallarındakı sənədlərin şəklini çəkməyə niyə icazə vermir? - AÇIQLAMA

21-06-2022, 21:01

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi iş materiallarındakı sənədlərin şəklini çəkməyə niyə icazə vermir? - AÇIQLAMA
Vəkil Elvin Yusifov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iş materialları ilə tanış olduqdan sonra sənədlərin şəklini çəkmək və ya skan etməyə icazə verilməməsi ilə bağlı narazlıq edib. O bildirib ki, məhkəmənin tətbiq etdiyi qaydaya əsasən, vəkil sənədlərin səhifələrini yazaraq təqdim edilməli və məhkəmə tərəfindən həmin sənədlər skan edilərək göndərilməlidir.

E-huquq.az məsələ ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi, kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs Hafiz Əliyevlə əlaqə saxlayıb.

O, bu məsələnin qanunvericiliklə tənzimləndiyini qeyd edib. Hakim bildirib ki, vəkilin cinayət işi üzrə bütün materialların surətini əldə etmək hüququ Cinayət-Prosesual Məcəlləsində nəzərdə tutulmayıb.

"Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 92.9.11-ci maddəsində qeyd olunub ki, ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan müdafiəçinin işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ var. Bundan başqa, həmin Məcəllənin 92.9.15-ci maddəsində isə bildirilir ki, hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və özünün xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq hüququ var.

Yəni, vəkilin cinayət işi üzrə bütün materialların surətini əldə etmək hüququ Cinayət-Prosesual Məcəllədə nəzərdə tutulmayıb. Vəkilin müdafiə etdiyi şəxsə aid zəururi sənədlərin surətini çıxarmaq hüququ var. Biz də qanunamüvafiq qaydada müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətini çıxararaq vəkilə təqdim edirik. Ona görə də iş materiallarının birbaşa vəkillər tərəfindən şəklinin çəkilməsinə və ya skan edilməsinə icazə verilmir", - deyə hakim qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi