Keçmiş nazir Murad Adıgözəlzadəni nələrdə ittiham etmişdi? - Dövlət Filarmoniyasının saytı işləmir, telefonları susub...
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş verənlər bu mədəniyyət qurumunun fəaliyyətini gündəmə gətirib.
Xatırladaq ki, Filarmoniyanın həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Mədəniyyət Nazirliyinin müdaxiləsindən sonra məkanın fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, bu konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Azərbaycan Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı və bu kol- lektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestridir. 2017-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusu verilib.
1996-2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılıb. 27 yanvar 2004-cü ildə Filarmoniya binasının təntənəli açılış mərasimi baş tutub. Açılışda Prezident İlham Əliyev də iştirak edib.
Filarmoniyaya uzun illərdir məşhur pianoçu, Xalq artisti Murad Adıgözəlzadə rəhbərlik edir. Onun sözügedən quruma nə zaman direktor təyin olunması ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur. Hətta M.Adıgözəlzadənin Vikipediya məlumatlarında da bu tarix yazılmayıb. Ümumiyyətlə bu qurum ictimaiyyətlə əlaqələrini kəsmiş kimi görünür. Bu üzdən direktor zaman-zaman mədəniyyət xadimlərinin kəskin qınağına məruz qalıb. Məsələn, əməkdar artist, milli rəqqas Kamil Dadaşov 2012-ci ildə verdiyi müsahibədə M.Adıgözəlzadə haqqında belə fikirlər işlədib: "...Filarmoniyaya Murad Adıgözəlov kimi passiv direktor lazım deyil. Direktor pisi yaxşıdan seçməyi bacarmalıdır. Bir dəfə Murad müəllimin qəbuluna getdim. Cavanlığımı qoyduğum filarmoniyanın qəbul otağında saatlarla gözlədim. Murad Adıgözəlov nə etsə yaxşıdır? O, məni qəbul etmədi..."
İnternet resurslarında Dövlət Filarmoniyası haqqında informasiya o qədər də geniş deyil. Axtarış sistemlərində ən çox rast gəlinən məlumat isə 2015-ci ilin dekabrın 21-də keçmiş Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin üç illik hesabat toplantısında Murad Adıgözəlzadənin fəaliyyətini sərt tənqid etməsi və ona şiddətli töhmət elan etməsidir. Eks nazir həmin çıxışında demişdi: "...Dövlət Filarmoniyasının idarəçiliyində çox ciddi nöqsanlar var. Təşəbbüskarlıq yox səviyyəsindədir. Filarmoniyanın işin günün müasir tələblərinə uyğun qurulması, dünyanın aparıcı filarmoniyaları ilə əlaqələrin yaradılması, ölkəmizin zəngin musiqisinin təbliğ edilməsi üçün fəaliyyəti gücləndirilməli, yeni təşəbbüslər irəli sürülməlidir".
Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edilib. Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru M.Adıgözəlzadəyə şiddətli töhmət verilib.
Aradan 7 il vaxt keçib və təssüf ki, bu müddət ərzində Filarmoniyanın idarəçiliyində ciddi dəyişikliyin olduğu görünmür. Məsələn, 7 kollektivin fəaliyyət göstərdiyi qurumun "filarmoniya.az" saytı işləmir. İnternetdə yazılmış telefon nömrələrinə isə cavab verilmir.
İnformasiya texnologiyalarının sürətli inkişaf dövründə qurmun saytının işləməməsi idarəçilik haqqında hər şeyi deyir. Görünür, Murad Adıgözəlzadənin başı biznesə, səyahətlərə qarşıdığından rəhbərlik etdiyi sahəni tamamilə unudub. Onun bərk-bərk yapışdığı kreslosundan qoparılmasının və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına yeni nəfəs verməyin zamanı çoxdan yetişib...
Mənbə:My Webpage